Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KÖÇKÜN MƏKTƏBİN DİREKTORU NECƏ OLMALIDIR

Baxılıb: 426     Tarix: 09-08-2019 15:32   
 
Pünhan Səlimov: "2016-cı ilin şanlı Aprel döyüşləri təqvimdəki "Kəlbəcər sindromu"nu qırdı, Böyük Qələbəmizin uzaqda olmadığına inamımız artdı"


Qazıxanlı - indi işğal altında olan Kəlbəcər rayonunun dağətəyi ərazisində yerləşməklə, Əsrik inzibati vahidliyində kənddir. Qazıxanlı nəsil adıdır. Qızılbaş tayfalarından sayılan təkəli tayfasının əmirlərindən biri Çərkəs Həsənin oğlu Qazı xan olmuşdur. Xanın haqqında tarixi mənbələrdə xeyli məlumatlar vardır. Mülahizələrə görə, Qazıxanlı etnonimi məhz Qazı xanın adı ilə bağlıdır.Kəlbəcərdəki Qazıxanlı yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonu ərazisində mövcud olmuş eyni adlı kənddən köçmüş əhali salmışdır. Laçın rayonunun Zerti kəndi yaxınlığında "Qazıxanlı yeri" adlı köhnə kənd yeri də mövcuddur. Laçın - Kəlbəcər aşırımında yerləşdiyinə görədir ki, məqaləmizin qəhrəmanı Pünhan müəllim coğrafi mövqeyinə görə Laçını Kəlbəcərdən daha yaxşı tanıdığını deyir.
Səlimov Pünhan Fikrət oğlu 01 fevral 1968-ci il tarixdə Kəlbəcər rayonunun Qazıxanlı kəndində anadan olmuşdur. Tam orta məktəbi 1985-ci ildə bitirdikdən sonra 1986-1988-ci illərdə sovet silahlı qüvvələrində aviasiya mexaniki kimi hərbi xidmət keçmiş, baş serjant rütbəsinədək yüksəlmişdir.
1988-ci ildə əsgərlikdən qayıdandan sonra qonşu Tirkəşevənd kəndindəki orta məktəbdə pioner baş dəstə rəhbəri işləmişdir. Üç il inadla hazırlaşandan sonra paytaxta - o vaxtkı Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna (indiki N.Tusi adına Azərbaycan Pedaqoji Universiteti) üz tutmuş və müvəffəqiyyətlə imtahan verərək, Ümumi texniki fənlər (əlavə fizika) fakültəsinə daxil olmuşdur. Görkəmli alim Nizami Xudiyevin rektorluğu altında 5 iloxuduğu ali təhsilini bitirdikdən sonra 1996-cı ildə Pünhan müəllimin təyinatı İsmayıllı rayonuna verilmişdir. Lakin, həmin vaxt köçkünlük həyatının ağır günlərini yaşayan Səlimovlar ailəsi Bərdə rayonunda çadır şəhərciyində məskunlaşdığından, gənc Pünhan müəllimə İsmayıllıda işləmək çətin gəlmişdir. Çünki, bu halda ailəsinə köməklik göstərə də bilmirdi. Odur ki, Təhsil Nazirliyinə müraciət edərək, 1997-ci ildə təyinatını Kəlbəcər Təhsil Şöbəsinə dəyişdirməyə nail olmuş və Bərdə rayonunun Lənbəran kəndində yerləşən Kəlbəcər 39 saylı orta məktəbdə əmək fəaliyyətinə başlamışdır. 2002-ci ilə kimi həmin məktəbdə işlədikdən sonra yeni qurduğu gənc ailənin məişət vəziyyəti ilə əlaqədar Mingəçevir şəhərinə köçmüş və 2003-cü ildən etibarən pedaqoji fəaliyyətini də Mingəçevirdəki 25 və 87 saylı Kəlbəcər məktəblərində davam etdirməli olmuşdur.  
Mingəçevirdə müəllim işlədiyi ilk on il ərzində həm təhsil ictimaiyyətinin, həm də şagirdlərinin hörmət və rəğbətini qazandığı üçün xidmətləri rəhbərlik tərəfindən qiymətləndirilmiş, 2013-cü ildə Mingəçevirdəki 118 saylı Kəlbəcər məktəbinə direktor vəzifəsinə irəli çəkilmişdir.
Pünhan müəllim xatırlayır ki, 118 saylı məktəbə rəhbərlik etməyə başlayanda 44 nəfər müəllim və texniki işçinin sayına nisbətdə şagird kontingenti çox az sayda olmuşdur. O vaxt Pünhan müəllim uşaqları məktəbə cəlb etmək üçün tədris şəraitini yaxşılaşdırmaq naminə çox çalışmışdır. Deyir ki, hər şeyi dövlətdən gözləyən bir çoxlarından fərqli olaraq, cəmiyyətdə bu işə dəstək verəcək tərəqqipərvər qüvvələri özü axtarmağa qərar vermişdir: "Çox səy göstərdim. Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna müraciət etdim, təşəbbüsümə dəstək oldular. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində kurator işləyən Pənah müəllim bu işdə köməklik göstərdi, sağ olsun. Elə olurdu ki, aldığım maaşı da yollarda qoyurdum. Nəhayət ki, əziyyətim öz bəhrəsini verdi, təmir üçün vəsait tapa bildik, məktəbdə əlavə 4 modul tipli sinif otaqları qurduq. Ən əsası isə tələbkarlığımı və göstərdiyim şəxsi nümunəni dəyərləndirən müəllim həmkarlarımın zəhməti sayəsində təhsilin səviyyəsi xeyli yaxşılaşdı və bütün bu irəliləyişlər ona gətirib çıxardı ki, ildən - ilə şagird kontingenti artdı və hazırki 124 nəfərə çatdı. Direktor işlədiyim dövrdən indiyədək məktəbimizin məzunlarının ali və orta ixtisas təhsil müəssisələrinə qəbul səviyyəsi artan xətt boyunca inkişaf edir. Təkcə axırıncı illərin statistikasına nəzər salsaq görərik ki, 2017-ci ildə 8 məzunumuzdan 5 nəfəri ali, 2018-ci ildə 14 məzunumuzdan 6-sı respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşlar. Bu il isə məktəbimizi bitirən 13 məzunumuzdan 7 nəfəri ali, 1 nəfəri isə orta ixtisas məktəbinə qəbul olunmuşlar. Məzunlarımızın arasında qəbul imtahanlarında hətta 660 bal toplayan da vardır.
Pünhan Səlimov pedaqoji ictimaiyyət, ümumiyyətlə, onu tanıyan hamı tərəfindən olduqca müsbət xarakterizə edilir. Harada, hansı kollektivdə çalışmasından asılı olmayaraq, düzgünlüyü, dürüstlüyü sevmiş, yalanla arası olmamışdır. İşlədiyi vəzifələrdə mahir təşkilatçılığı, yorulmazlığı ilə seçilib, yüksək məsuliyyət hissi, səriştəlilik göstərə bilib, işlə yoldaşlığı, vəzifə ilə dostluğu balanslaşdırmağı bacarıb. Bütün çətin anlarda həmişə öz savadına, bacarığına güvənib. Vəzifəsindən sui-istifadə etməyib, əməkdaşlarına qarşı diqqətcil olub. Əksər başqa gözəl keyfiyyətləri də məhz əməksevərliyindən "su içib", zəhmətkeşliyi ilə tamamlanıb, çalışqanlığı ilə qüvvətə yüksəlib. Sadəlik, təvazökarlıq, mənəvi-əxlaqi kamillik, eyni zamanda ciddilik, tələbkarlıq onun xasiyyətinin əsas cizgiləridir. Həm yaxın, həm uzaq ətrafının hörmətini qazanmışdır. Həyatda çətin sınaqlardan, ağır imtahanlardan mətinliklə, üzüağ çıxmışdır. Başıuca, alnıaçıq olub həmişə.
Prinsipial adamdır Pünhan müəllim. Lakin onun prinsipləri xırda ambisiyalara, kin-küdurətə, şəxsi mənafeyə deyil, ali məqsədlərə, insani hisslərə və ülvi duyğulara əsaslanır. Sözün həqiqi mənasında ziyalıdır. Gördüyünü, eşitdiyini, oxuduğunu əqlin süzgəcindən keçirməyi bacardığına görə çox zəngin mənəvi aləmi var.
Köçkün rayonların təhsil müəssisələrindəki işi bəzən "səhra cərrahiyyəsi" ilə müqayisə edirlər. Belə bir stereotip yaranıb ki, rəhbərlikedici orqanlar belə məktəblərdəki bəzi neqativ halları, xüsusən də dərsə davamiyyət məsələsindəki nöqsanları görməzdən gəlir, necə deyərlər, "yola verirlər". Amma Kəlbəcər 118 saylı tam orta məktəbdə vəziyyət başqa cürdür. Burada öyrədənlərin də, öyrənənlərin də aparılan işin arzuolunan nəticəni verəcəyinə inam böyükdür.
Pünhan Səlimov çox vətənpərvər ziyalıdır, işğal olunmuş torpaqlarımızın, eləcə də doğma Kəlbəcərin mütləq yağı tapdağından azad olunacağına ürəkdən inanır. Deyir ki, kəlbəcərlilərin şüurunda 1993-cü ildən bəri aprel ayının ilk təqvim günləri ilə bağlı bir bədbin kompleks vardı, amma 2016-cı ilin şanlı Aprel döyüşlərində Azərbaycan Ordusunun qazandığı qələbədən sonra təqvimimizdəki "Kəlbəcər sindromu" dağıldı, Böyük Qələbəmizin heç də uzaqda olmadığına ümidimiz artdı.      
Gəlin, Pünhan müəllimə, onun rəhbərlik etdiyi kollektivə yetişməkdə olan gənc kəlbəcərlilər nəslinin təlim-tərbiyəsi işində yeni-yeni müvəffəqiyyətlər arzulayaq. İnanaq ki, 118 saylı məktəbin yetirmələri yiyələnəcəkləri peşə və ixtisaslar üzrə müxtəlif sahələrdə çalışaraq Bütöv Azərbaycanın tərəqqisinə, işğaldan azad edəcəyimiz gözəl Kəlbəcərin yenidən qurulmasına layiqli töhfələr verəcəklər.
Pünhan ŞÜKÜRшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar