Xəbər lenti
18/03/2024 [11:59]
Azərbaycana yaz gəlir
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Prezident elan etdi: Hədəf təkcə Qarabağ deyil...

Baxılıb: 810     Tarix: 04-06-2020 13:00   

Prezident İlham Əliyevin ötən gün Tərtərdə, Olimpiya Kompleksinin açılışında bir daha İrəvanla bağlı cəmi 6 gün öncə, 28 mayda “Qobu Park-3” kompleksində səsləndirdiyi mesajlara qayıtmasının, dediklərini, demək istədiklərini təkrar izah etməsinin səbəbi nə idi?..
Prezident niyə Tərtəri seçdi və kimlərə çağırış etdi?
Hər şeydən öncə bunu bir daha xatırladaq: İlham Əliyevin çıxışlarında bütün siyasi ismarışlar, onların bəyan edildiyi vaxt və məkan heç bir halda təsadüfən seçilmir. Hər şey – bütün detallar dəqiqliyi ilə hesablanır.
“Qobu Park-3” çıxışının günü (28 May – Cümhuriyyət günü) və auditoriyası (məcburi köçkünlər) mükəmməl seçilmişdi. Prezident məhz bu tamamlayıcı komponentlərin içində apardığı milli savaşın və genişmiqyaslı siyasətin istiqamətləri haqda informasiyalar verməklə bərabər, hədəfi və bu hədəfə doğru seçilən yolu göstərmişdi…
Təəssüf ki, Prezidentin bu mesajları ünvanlara çatmadı və nə siyasi çevrədəki iqtidarlı-müxalifətli kəsim, nə də toplumun sosial şəbəkələrdə aktiv olan nümayəndələri adekvat reaksiya göstərdi. Əksinə, buna siyasi məqsədlər üçün istifadə imkanı kimi baxıldı, toplum informasiya oyunlarının hədəfinə çevrildi. Hər kəs - əksəriyyət bu tezislərə çamur atmağa başladı. Kimsənin ağlına gəlmədi ki, əslində onlar bu daşı, bu çamuru milli mücadilə üçün Prezidentin bizə nişan verdiyi Yola atırlar…
Prezident bu dəfə cəbhə bölgəsini seçdi
Prezident Tərtər-Ağdam səfərində söz, əməl, hədəf, siyasi xətt, iqtisadi və hərbi güc vəhdətini nümayiş etdirdi.
İlk açılışını etdiyi yerin özü belə xüsusi mesaj idi: Dövlət Rəmzləri Muzeyi.
Həmin muzeydə Sisyanın əsl adının Qarakilsə olması ilə bağlı icra başçısına tutulan iradın özü belə mesaj idi. Əvvəla, Prezident bir daha siyasi hədəfini müəyyənləşdirmək üçün hansı tarixi bilgilərlə “silahlandığını” nümayiş etdirdi; ikincisi, bu siyasi hədəfin milli mücadilə yoluna çevrilməsi istəyini göstərdi və üçüncüsü, bütövlükdə səfərin sıradan bir açılış etmək, lent kəsmək niyyəti daşımadığını ortaya qoydu.
Yol və yarımstansiya - sosial, “Azərxalça” - iqtisadi, Ağdamda hərbi hissə açılışları - hərbi güc komponentləri idisə, Muzey - tarixi, Tərtər Olimpiya Kompleksindəki çıxış – siyasi-ideoloji konsepsiya idi.
Tərtərdən elan edilən xüsusi Yol xəritəsi
Səfərdə siyasi-ideoloji çıxışın Olimpiya Kompleksinə salınması da təsadüf deyildi: Prezident toplumun avanqardı olan gənclərə - sağlam ruhla böyüyən nəsilə bir daha üz tutdu və demək istədiklərini onların timsalında hamıya dedi…
Amma bu dəfə “Qobu Park-3”-də qısaca toxunduğu məqamları daha əhatəli və daha sadə dildə izah etdi, həmçinin, günlərdir sosial şəbəkələrdə səsləndirilən bütün suallara birbaşa cavab verdi.
Prezidentin açıq mətnlə dedikləri
İlham Əliyev ilk prezidentimizdir ki, Ermənistanın Azərbaycan torpaqlarında yarandığını ən yüksək beynəlxalq kürsülərdən deyir;
İlham Əliyev ilk prezidentimizdir ki, ermənilərin öz müqəddəratlarını bir dəfə məhz Azərbaycan torpaqları hesabına həll etdiklərini, ikinci dəfə “öz müqəddəratlarını” yenə Azərbaycan torpaqları hesabına “həll etmə” cəhdlərinə imkan verməyəcəyini ən mötəbər tribunalardan bəyan edir;
İlham Əliyev ilk prezidentimizdir ki, İrəvana iddia edir və bu yöndə ideoloji-siyasi hücum kampaniyası üçün siyasi, ictimai xadimlərə də, tarixçilərə də mesaj verir…
Prezidentin Ermənistandakı adı dəyişdirilən tarixi toponimlərin Azərbaycan mənşəli olduğunu təsdiqləyən kitabça dərc etmək çağırışının məqsədi də budur.
Əlbəttə, bu istiqamətdə indiyədək müəyyən işlər görülüb, o toponimlər ayrı-ayrı kitablarda dərc edilib və tarixləşdirilib.
Prezident təsadüfən “kitabça” sözünü işlətmədi: heç bir izah verilmədən, yalnız istinad saxlanılmaqla hazırlanması vacib olan bu “kitabça” elm və tarixçilər üçün deyil, kütləvi olmalıdır və ölkə sərhədlərindən kənara çıxmalıdır…
Bu “kitabça” deyə ümumiləşdirilən təbliğat siyasi-ideoloji istiqamətin tərkib hissəsidir – necə ki, 5 martda Tovuza səfəri zamanı Prezident xəritə məsələsində diqqətli olmağı istəmişdi.
Yeri gəlmişkən…
Prezident Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında haqlı olaraq məlum xəritəyə irad bildirmişdi. Mingəçevirdən başqa Azərbaycanın tarixi şəhərlərinin adı əks olunmayan xəritədə Prezident xüsusi olaraq Sisian (Sisyan) adının uydurulduğunu bildirmiş və əsl adın yazılmasını tələb etmişdi.
Aradan təxminən 3 ay keçəndən sonra tam eyni, son dərəcə haqlı və həssas irad bu dəfə digər icra başçısına bildirilir.
Prezident eyni iradı neçə dəfə bildirməlidir ki, aradan qaldırasınız? Prezident eyni siyasi-ideoloji hədəfi daha neçə dəfə və daha hansı məkanlarda izah etməlidir ki, başa düşəsiniz?..
Bir daha İrəvana doğru…
Görünür, ümumilikdə “anlamaq dərdi”mizin olmasından Prezident də xəbərdardır və o səbəbdən Tərtərdə təkrarən Xalq Cümhuriyyətinin İrəvanın ermənilərə verilməsi haqda 29 may 1918-ci il tarixli qərarına yenidən toxunmağı və bu tezisdə əsas məqsədinin nə olduğunu izah etməyi lazım bildi.
Prezident həmin qərardan nə qədər mükəmməl şəkildə məlumatlı olduğunu da göstərdi. İrəvanın verilməsi ilə ermənilərin Zəngəzura və Qarabağa iddialarından əl çəkəcəyi vədini xatırlatdı. Və sual etdi: bu güzəştdən sonra ermənilər işğalçılıq siyasətindən, torpaq iddialarından əl çəkdimi?
Yox!
Əksinə, daha sonra Göyçəni, Zəngəzuru… və Azərbaycanın anklavı olan Naxçıvanla (həm də Türkiyə ilə) quru sərhədimizi itirdik…
Əgər ermənilər torpaqlarımızın işğalına yönələn iddialarından əl çəkmədilərsə, bu iyrənc siyasət hələ də davam etdirilirsə, biz təbii ki, heç bir halda o qərarla razılaşıb onu görməzdən gələ bilmərik.
İlham Əliyevin açıq demədiyi mesaj…
Prezident İlham Əliyevin adi tezisindən tutmuş böyük, “Yol xəritəsi” sayılan çıxışlarına qədər, hamısında mövzu tam əhatələnir və heç bir “açıq sual” qalmır. Sadəcə, bu çıxışları və ardıcıllığı diqqətlə izləmək gərəkdir.
Niyə İlham Əliyevdən öncə bu iddianı ortaya qoyan olmayıb?..
Bu sualın cavabı İlham Əliyevin nitqində tam dolğunluğu ilə vardı: “Azərbaycan heç vaxt indiki qədər güclü və müstəqil olmayıb”.
İlham Əliyev Azərbaycanın iqtisadi-siyasi-hərbi qüdrətini arzulanan səviyyəyə qaldırdıqdan sonra hücum diplomatiyasını elan edib.
Şuşa niyə vurulmadı?
Prezident İlham Əliyevin bəhs etdiyimiz nitqində daha bir vacib məqam da vardı…
Prezident Dağlıq Qarabağdakı qondarma “seçki”, bu “seçkinin” təlxəklik olduğu və dünyanın ən böyük dövlətləri və ən nüfuzlu qurumları tərəfindən tanınmadığını, pislənildiyini vurğuladı, sonra isə Şuşada oynanılan “andiçmə” tamaşasının adını belə çəkmədən günlərdir sosial şəbəkələrdəki hərbi əməliyyatların başlanması çağırışlarından da xəbərdar olduğunu təsdiqlədi. Dedi ki:
“Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin”.
Və sonda…
“Qobu Park-3”-dəki tezisləri anlamayan və yaxud bundan öz siyasi ambisiyaları üçün istifadə edənlərin Prezident İlham Əliyevin Tərtər çıxışından sonra xəcalət çəkib-çəkməyəcəkləri öz işləridir…
Amma bir sual hər zaman açıq qalır: bəlli şəxslər doğrudanmı, bu strategiyanı anlamırlar, yoxsa milli maraqlarımızın qorunması üçün aparılan, bütün incəliklərinə qədər düşünülən siyasətin önündə hər zaman özlərini, sözün bütün mənalarında, kötük yerinə qoymağa davam etmək kimi bir öhdəlikləri var?
Doğrudanmı, onlara hələ də aydın deyil ki, bizim yaxın və uzaq hədəflərimiz yalnız Şuşa və Qarabağ deyil. Yalnız Zəngəzur və İrəvan da deyil…
Siz o Azərbaycanı həqiqətənmi, təsəvvür edə bilmirsiz?..

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar