Millət vəkili çağırış etdi: Bu qanunu qəbul edin
Baxılıb: 437 Tarix: 01-10-2019 11:28
Millət vəkili Qənirə Paşayeva Milli Məclisin payız sessiyasının ilk iclasında təhsil kreditləri haqqında qanunun qəbul olunmasına çağırıb.
Qanunvehedef.az xəbər verir ki, millət vəkili maddi imkanlarının aşağı olması üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə çıxılmaz vəziyyətlə üzləşən, xüsusilə rayonlardan, kəndlərdən olan gənclərin sayının artdığını deyib.
“Çoxlu sayda ali təhsil alan gənclər millət vəkillərinə müraciət edərək ödəniş haqlarını qarşılamaqda çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər. Bu il Tovuzdan ali məktəblərə daxil olan 15 gənc təhsil haqqını ödəyə bilmədikləri üçün oxumaqdan vaz keçmək istəyib. Öz imkanlarımız hesabına, müəyyən imkanlı şəxslərə və qurumlara müraciət etməklə həmin gənclərin təhsil haqlarının ödənişinə nail olduq. Təhsil haqqının ödənişi ilə yanaşı yataqxanaların sayının azlığı səbəbindən ali məktəblərə daxil olmuş gənclərin xeyli hissəsi kirayələrdə qalaraq oxumalıdır. Kasıb, gəlirləri aşağı ailələr övladlarının həm kirayə, həm yaşamaq, həm də təhsil haqqı ödənişini ödəməkdə ciddi çətinlik çəkirlər və bəzi gənclər bu səbəbdən ali təhsildən imtina edilər ki, bu da bizi ciddi narahat etməlidir. Biz kasıb, gəlirləri aşağı olan ailələrin savadlı övladlarının ali təhsil ala bilməsinə daha çox dəstək göstərməliyik. Çünki bəzi ailələr orta məktəbdə nə qədər yaxşı oxusa da, bu qədər çətinliyi görüb övladlarına ali təhsil verməkdən vaz keçirlər. Bu cür insanların sayının artması bizi ciddi narahat etməlidir”.
Millət vəkilinin sözlərinə görə, təhsil kreditlərinin yüksək səviyyədə öz həllini tapması da bu cür ailələrin sayının artmamasına kömək edə bilər.
Q.Paşayeva Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın fiziki və sağlamlıq imkanları məhdud şəxslərə, əlillərə yüksək diqqət və qayğı ilə yanaşdıqlarını xatırladaraq, oxumaq arzusunda olan III qrup əlillərin təhsil haqqından azad edilməsi barədə müraciətləri ilə bağlı müvafiq qurumlara və MM-ə çağırış edib.
Ən çox oxunanlar
Son xəbərlər