Varlı olmaq üçün nələri itirirsən? - Mənsimov açıqladı
Baxılıb: 638 Tarix: 16-10-2019 12:36
Qanunvehedef.az Türkiyədə yaşayan xeyriyyəçi həmvətənimiz, "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun Publika.az-a müsahibəsini təqdim edir:
- Bütün uğur hekayələrinin ilk cümlələri ağır həyat şərtləri və sonsuz əməklə başlayır. Bir az keçmişə qayıdaq?
- Həyatımın ilk uğuru valideynlərimin oğlu olmağımla yazılıb. Atamın adı Qurbandır, anamın isə Zümrüd... Həyat hekayəmin uğuru onlardan başlayıb. Hər şey öz əlimizdədir. Bəzi insanlar hər şeyin hazırına sahib olmaq istəyirlər. Mən mücadiləni sevirəm. Uğur qazandım deyib rahatlaşmıram. Hər şeyi mərhələlərə bölürəm. Qarşıma qoyduğum məqsədlərə çatandan sonra başqa etapa keçirəm. Təhsil almalıyam, təhsilimi tamamlayıb orduya getməliyəm, sonra iş həyatımı qurmalıyam. Bir gəmi aldım, qarşıma yeni hədəf qoydum ki, ikincisini də almalıyam.
- Zirvədən aşağı baxmaq necə duyğudur?
- Ümumiyyətlə, həyatdakı yürüşümü nərdivanla qalxmağa bənzədirəm. Daim yuxarı doğru addımlamaq lazımdır. Oradan aşağı baxanda başın fırlanacaq deyə qorxmamalısan. Həyatda hər şeyin təməli əməkdir. Bütün nailiyyətlərin öz əlindədir. Doğrudur, nə qədər bacarıqlı olursan ol, uğur da səni tapmalıdır. Həmçinin nə qədər uğurlu insan olsan da bilməlisən ki, tək əldən səs çıxmaz. Mənəviyyatı sağlam dostların, komandan olmalıdır. Bu baxımdan şansım gətirib. Bir də mən heç vaxt peşmanlıq çəkmirəm. Uğursuzluqla qarşılaşanda "niyə belə oldu?" deyə düşünmürəm. Bu da belə olmalı imiş. Arxaya baxmadan yoluma davam edərəm. Amma yenə də deyirəm: uğur bu sadaladıqlarım deyil, valideynlərimin övladı olmağımdır.
- Mənəvi zənginliyin həqiqi ağırlığı, yaxud elə yoxluğu maddi zənginliyə sahib olandan sonra daha çox üzə çıxır. Bu tarazlığı qorumaq üçün nə etmək lazımdır?
- Hər şey tərbiyəyə bağlıdır. Həyatda hamımız ətdən, sümükdən, orqanizmimizdəki mayedən ibarətik. Birinin beynində İQ daha güclüdür, digərində biraz zəif. Beyin də əzələ kimidir. Nə qədər çox çalışdırsan, o qədər iti işləyər.
- Həyat tərziniz, prinsipləriniz, karyeranız milyonlar üçün motivasiyadır. Bəs sizi açılan sabahlara rulhandıran əsas amil hansıdır?
- Çox istərdim ki, gənclər başqalarını örnək götürmək yerinə, öz güclərini kəşf etsinlər. Təbii ki, örnək də götürəcəksən. Məsələn, mənim üçün ən böyük örnək babam idi. Desəm ki, iş dünyasında Zeynalabdin Tağıyevdən, Nağıyev qardaşlarından bəhrələnmişəm yalan olar. Çünki mənim uşaqlıqdan xəyallarım vardı. Böyüyüb kapitan olacağımı arzulayırdım. Əsgər olanda düşünürdüm ki, kosmanavt olacam. Ümumiyyətlə, insan oğlu doymur. Bu aclıq yaxşı şeydir, amma maddi tərəfdən deyil, elmi cəhətdən olanda... Puldan doymayan insan həyatda heç nəyə sahib ola bilməz. Baxın, siz də eyni cins şalvar geyinmisiniz, mən də... Siz də eyni köynəkdəsiniz, mən də... Əsas şərt geyimin qiyməti yox, rahatlığıdır. Maddi varlıq yalnız o halda dəyərli olur ki, keçici olduğunu dərk edəsən. Anlayasan ki, bu gün Allah bu zənginliyi sənə verib, sabah səndən alıb başqasına bəxş edə bilər. Cibimizdəki mirasdır, onu o dünyaya aparmayacağıq. Bu mirası paylaşmaq lazımdır. Yalnız özünün, ailənin, uşaqlarının rifahını düşünürsənsə, milyonlara sahib olsan da, acizsən. Mənəviyyatın maddiyatın altında əzilir. İnsanın gözü tox olmalıdır. Dədə-babalarımız da deyir: “ac gözü torpaq doyurar”. Gənclərə tövsiyəm odur ki, "bu qədər pul qazansam, özümə nələr alaram" deyə düşümək yerinə, "zəngin olsam, ətrafıma, Vətənimə, xalqıma nə xeyrim dəyər" deyə fikirləşsinlər. Bu prinsiplə yaşayan insanın bərəkətini Allah yetirir. “Qurani Kərim”də də belə bir fikir var: paylaş ki, ruzin artsın.
- Olduqca şablon sual olsa da, uğurun formuluna tərif verməyinizi istəyirəm...
- Uşaq vaxtı babama baxıb düşünürdüm ki, mən də onun kimi hərbçi olacam. Müharibə başlasa, gedib döyüşəcəm. Amma elə ki, o formanı əyninə geyinirsən, səhər tezdən oyanmaq problemi başlayır. 12 yaşındasan, tay-tuşların gedib qayğısız kef edir, sən kursant uniforması geyinib oturursan. Düşünürdüm ki, çox böyük axmaqlıq etmişəm. İllər sonra iş həyatıma qədəm qoyanda anladım ki, hərbçi disiplinim olmasaydı, heç nə qazana bilməzdim. Qarşımdakı pulunun çəkisi artıqdır deyə, özünü müəyyən təbəqədən üstün hesab edirsə, onunla bir masa arxasında oturmaram. Məncə, belələri həyatda yollarını itirən insanlardır. Onlar üçün müqəddəs də, Vətən də, ailə də kağız parçası yaxud rəngli metaldır. Bu, yanlış həyatdır. Həm mənimlə şirkətdə çalışanlardan, həm də digərlərindən fərqlənməməyə çalışıram. Fərqlənsəm, çox utanaram, mənliyimə sığışdırmaram. Yanındakı heç bir halda özünü səndən aşağı saymamalıdır. Düşüməməlidir ki, niyə onda olandan məndə yoxdur. Dinimizdə də var. Elə et ki, heç kim sənə qibtə ilə yanaşmasın. Axı bu, günahdır...
- Bəs maddi varlıq insanı qızıl qəfəsə salmır? Nələrisə, kimlərisə insanın əlindən almır? Ki, mütləq itirmək lazım gəlir.
- Təəssüf ki... Səmimi dostlarını itirirsən. Bəziləri səndən uzaqlaşır. Bəziləri yalnız puluna görə səni sevir. Bu gün maddi kömək edirsən, yaxşısan. Sabah etməsən, üz döndərəcək. Şəxsən məni maddi varlıq qəfəsə salmır. 40 il öncə necə idimsə, yenə eyni həyatı yaşayıram. Evimdə də bu prinsipə sadiqəm. Mənimlə birgə çalışanların hamısı yalnız azərbaycanlılardır. Sağ olsunlar, mənə baxan bacılarımla birgə süfrə arxasında da otururuq, zarafatlaşırıq. Mən bundan zövq alıram. Məsələn, ötən həftə gecə acmışdım. Keçdim mətbəxə, əlimə ilk keçən qəzet parçası oldu. Onu qoyub üzərində yemək yeməyə başladım. Bir də gördüm ki, mətbəxdə çalışan bacılarımdan biri gəlib mənə baxıb gülür. Elə bildim, məni ilk dəfə pijamada gördüyü üçün belə reaksiya verir. Deyir: “bizi niyə oyatmırsınız ki, sizə yemək hazırlayaq”. Deyirəm, bax, indi yeyib bitirəcəm. Bu qəzeti də atacam. Heç izi də qalmayacaq ki, mən gecə oyanıb yemək yemişəm. Siz də deməyəcəksiniz ki, gecələr də gözü doymur yeməkdən.
(gülürük)
Sadəliyi sevirəm. Təbii ki, maddi varlığın əskikləri də var. Məsələn, düşmənlərinin sayı da artır. Amma Allah bu ağırlığa tab gətirməyə də güc verir. Bəlkə də çoxları deyir, kaş ki, Mübarizin yerində olaydıq. Başımdakı dərdləri, problemləri bilsələr, bir dəqiqə də yaşaya bilməzlər. Hər bir böyük uğurun elə o ağırlıqda da hesabı var. İstər ailə həyatı, istər iş, istər dost, yaxud Vətən. Dostun varsa, düşmənin də var. Məsələn, bir sıra dövlət məmurları məni sevmir.
- Amma sadə xalq arasında sizi sevənlər daha çoxdur...
- Mən də Vətənimin hər bir vətəndaşını sevirəm. Balacaları övladımdır, yaşlıları böyüyümdür. Yaşıdlarım bacı-qardaşlarımdır. Bu gün siz buraya gələn onuncu azərbaycanlısınız. İmkan daxilində hamısına yardım etməyə çalışıram. Əslində, gənclərimizə mətin olmağı arzu edirəm. Mənə baxıb qibtə etməyin. Düşünün ki, mən Mübarizdən daha yaxşı ola bilərəm. Onun başı keçəldir, mən saçlıyam (gülür).
Zarafatı kənara qoysaq, insan öz üstünlüklərini, müsbətlərini kəşf etməlidir. Vətənimizin onlarla qəhrəman oğulları var. Mübariz İbrahimovu örnək alsınlar. İş dünyasından söhbət gedirsə, biz kimik ki?! Zeynalabdin Tağıyevdən, Nağıyev qardaşlarından nümunə götürsünlər. Bir az tarixə nəzər salsalar, görəcəklər ki, əslində biz heç nə etmirik. Bəlkə bundan sonra yüz il də çalışsaq, bizdən öncəkilərin etdiyinin yarısına nail olmayacağıq.
- Amma insanın gözü daim canlı nümunə axtarır.
- Bilmirəm, bəlkə də mən köhnə düşüncəliyəm...
- Mübariz bəy, madam ki, düşmən mövzusuna toxunduq, bir məqam meydana çıxır. Deyim var ki, insanın ən böyük düşməni özüdür...
- Özgüvəni güclü insanam. Bu gün oturub baş verənləri düşünəcəm. Amma sabah qapıdan çıxanda bütün yaşananları orada qoyub gedəcəm, arxaya baxmayacam. Ən azı vicdanım təmizdir. Oğurluq etmirəm. Özümü heç nədə günahlandırmıram. Hətta hər şeyi geri qaytarsaydılar, yenə özüm olmaq istərdim. Bəlkə də iş həyatına bundan artıq iddia ilə atılardım. Bəzən özümə sual verirəm ki, Mübariz, kosmonavt olmaq istəyirdin, dalğıc olmaq istəyirdin, daha nələr, nələr... Amma hamısını keçib bu həyata gəldin. Razısan bu günündən? Cavabım hər zaman “hə” olur. İnsanın həyatında keçməli olduğu önəmli mərhələlər var. İstənilən addıma ciddi yanaşmaq lazımdır. Yalnız bu halda peşmanlıq çəkmirsən. Tutaq ki, bir iş gördün, amma istədiyin nəticəni əldə etməyib peşman oldun. Bu, bir şeyi dəyişəcəkmi? Əsla. Çalışıram, peşman olmayım. Adımla yaşayıram.
- Bir az da puldan danışaq. Tarixdə ilk pulların dualar naminə məbədlərdə yandırıldığı haqda faktlar var.
- Bəli, bu birinci yaranma səbəbidir. Pulun yaranmasının digər bir səbəbi də var. Qədim zamanlarda gümüş külçələr karvanlarla daşınardı. Əslində ipək yolu da gümüşün daşınma yolu olub. Bu qədər ağır yükü də dəvələrə, atlara yükləmək üçün kağız pula keçid edildi. Həmin dövrdə də xəbərləşmə üsulu yarandı. Yəni mən ödənişi sənə edirəm, sən digər məmləkətə xəbər yollayırsan ki, əmanət məndədir. Həmin şəxs sənin yerinə ödənişi edir. Sən aylar sonra mənzil başına çatıb pulu ona verirsən. Bu gün Amerikanın öz adına çıxardığı SWIFT sistemi də elə o vaxtdan mövcuddur. Digəri isə siz dediyiniz kimi, dua naminə Budda ananın ruhuna mumiyalanmış kağız pullar yandırırdılar. Pulları da mumiyalayırdılar ki, əzilib keyfiyyətini itirməsin.
- Mübariz Məsimov çox böyük arzusunun gerçəkləşməsi naminə yüksək məbləğdə pul yandırardı?
- Mən iş adamıyam. Pul mənim üçün dəyər deyil, planlarımı hərəkətə gətirmək üçün alətdir. Həm də axı müsəlmanam. Qurban kəsib paylayardım. Beləcə insanlara faydam da toxunardı. Allahdan bir arzum var, pul yandırıram. Tutaq ki, sabah həmin arzum gerçəkləşir, yalnız mən fayda qazanıram. Amma qurban kəsib paylayanda onlarla insanın qarnını doyurursan. Allah da səndən razı qalır.
- Gözəl cavabdır. Bəs Vətən deyəndə gözünüzün önündə nə canlanır?
- Ucsuz-bucaqsız Azərbaycan, doğulub böyüdüyüm ölkəm, Bakı, Masallı, digər bölgələrimiz. Bir insan üçün ana nədirsə, Vətən də odur. Mən belə düşünürəm. Güvən yerimiz, qəlbimiz, başlanğıcımız, sonumuz, hər şeyi birgə yaşadığımız, soyumuzun tükənməyən yeridir Vətən. Vətən insan üçün Allahdan sonra ən müqəddəs ikinci vergidir. Allah vergisidir.
- Kifayət qədər güclü xarakterə malik insansınız? Zəif nöqtənizi bizimlə bölüşə bilərsinizmi?
- Anam və atam. Hər ikisindən çox qorxuram. Yaşca məndən böyük insan haqlı yerə irad bildirsə, özümü aciz sayaram. Xüsusən də valideynlərimin qarşısında. Biz nə qədər böyüsək də, onların gözündə uşağıq. Danlayanda da, ürəyində düşünürsən ki, mən artıq böyümüşəm, yenə danlayırsan.
- Pisliyə hər zamanmı yaxşılıqla cavab verməliyik?
- Baxır necə pisliyə. Ticari pislikdirsə, önəm vermək lazım deyil. Modern dünyada yaşayırıq, məhkəmələr var. Biri gəlib mənə şillə vursa, gücüm yetirsə, mən də ona qaytararam. Gücüm yetməsə, ağır bir alətlə yenə zərbə endirib qaçaram (gülür). Düşünürəm ki, pisliyin təməlində qorxu dayanır. Biri sizə pislik edirsə, demək həyatda nələrəsə sahibsən ki, qorxusunu bu yolla biruzə verir. Dədə-babalarımızın da bir sözü var: “qarşındakı dəlidirsə, sən ağıllı ol”. Pisliyə baş qoşmayıb yoluna davam etməlisən. "Pisliyə mütləq yaxşılıqla cavab verməlisən" deyə bir qanun yoxdur. Ən azı pislik etmə. Həyat davam edir, geriyə dönüb baxmayın. Pisliyi də, pisləri də unudun.
- Mübariz bəy, sizi “Beşiktaş” futbol klubu ilə nə bağlayır?
- İllərdir klubun idarə heyətinin üzvüyəm. Sözü keçən tərəfdarlarından biriyəm. Bu sözü deməkdən artıq yorulmuşam - mən heç vaxt “Palmali”dən başqa yerdə rəhbər olmayacam. Bir gün “Xəzər Lənkəran” qayıdarsa, yenidən onun başqanı olaram ki, qaldığım yerdən davam edim. “Beşiktaş”ın tərəfdarıyam, idarə heyətinin üzvüyəm. Sağ olsunlar, klubun ağsaqqalları gəlib başqanlığı təklif etdilər, qəbul etmədim. Buna sərf edəcək zamanım da yoxdur. Düzü, futbolu sevmirəm. Soruşsanız ki, bəs niyə “Beşiktaş”a azarkeşlik edirsən, cavabım sadədir. Rənglərini çox sevirəm. Amma beşiktaşlılar üzülməsinlər, özümü bu işdə görmürəm.
- Adınız xeyriyyəçilik, mərhəmət anlamları ilə paralel hallanır. Etdiyiniz yaxşılıqların müsbət enerji şəklində geri döndüyünü hiss edirsinizmi?
- Yaxşılığı mən etmirəm. Bütöv “Palmali” ailəsi, gəmilərdə çalışan gəmiçilər, sıravi çalışanlar edir. Yaxşılığı Allah yolunda etməlisən. O, sənin vasitənlə başqalarına verir. Mən bu işi özümə borc bilirəm və qarşılıq gözləmirəm.
- Sonda həmvətənlərinizə arzularınızı dilə gətirə bilərsiniz?
- Vətənimə, böyükdən kiçiyə hər kəsə sevgilərimi, sayğılarımı çatdırıram. Allah bütün gözəllikləri, şadlıqları Azərbaycanımıza qismət etsin. Tezliklə torpaqlarımızı şərəfsiz ermənilərin işğalından azad edək. Bu çətinliklər geridə qalsın. Bizim insanımız hər şeyin ən gözəlinə layiqdir.
Ən çox oxunanlar
Son xəbərlər