Nazirlik Dövlət Nəzarət Təhlükəsizlik Departamenti barədə məlumat yayıb
Baxılıb: 479 Tarix: 16-10-2019 16:10
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Dövlət Nəzarət Təhükəsizlik Departamenti MMC barədə Baş Prokurorluğa müraciət edib.
“Report” xəbər verir ki, bunu ƏƏSMN-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Onun sözlərinə görə, son günlər sosial şəbəkələrdə və bəzi elektron media resurslarında Dövlət Nəzarət Təhükəsizlik Departamenti MMC-nin fəaliyyəti barədə məlumatlar yayılıb: “Bildiririk ki, hələ cari ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan şikayət məktubunda Dövlət Nəzarət Təhükəsizlik Departamenti MMC-nin əməkdaşları tərəfindən sahibkarlıq subyektində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının yoxlanılaraq akt tərtib edildiyi bildirilib. Həmçinin yoxlama həyata keçirən şəxslərin özlərini Azərbaycan Respublikasının Dövlət Nəzarət Təhlükəsizlik Departamentinin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin əməkdaşları olaraq təqdim etdikləri və xüsusi geyimdə olduqları qeyd edilib. Şikayət əsasında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Vergilər Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya resurslarına istinad edilməklə aparılan ilkin araşdırma zamanı həmin MMC-nin “Dövlət-NTD” Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN: 2901049511) adı altında dövlət qeydiyyatına alındığı müəyyən edilib”.
“Müraciətlə əlaqədar aparılan araşdırma zamanı aşkar olunan faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim olunub”, deyə F.Talıbov qeyd edib.
Ən çox oxunanlar
Son xəbərlər