Azərbaycanda əxlaq polisi fəaliyyət göstərəcək? - Açıqlama
Baxılıb: 615 Tarix: 31-10-2019 14:56
"Dünyanın hər yerində əxlaq polisi var. Bu polislər turistlərin təhlükəsiz və rahat şəkildə fəaliyyət göstərməsi üçün çalışır. Ona görə də, biz də elə edək ki, bura sekslə məşğul olmaq üçün gəlməsinlər".
Bu fikri ötən gün verilişlərin birində deputata Araz Əlizadə bildirib.
Deputat Azərbaycanda turizmin daha düzgün istiqamətdə inkişaf etdirilməsi üçün əxlaq polisinin fəaliyyət göstərməsini vacib hesab edir.
Deputat Araz Əlizadənin bu fikrinə mütəxəssilərdən fikir öyrənməyə çalışıb.
Doğrudanmı əxlaq polisinin mövcudluğu Azərbaycanda turizmin inkişafına səbəb ola bilər?
Bununla bağlı Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Sonxeber.az-a açıqlama verib.
Ekspert bildirib ki, əlbəttə, buraya gələn turistlər başqa bir ölkəyə ayaq basanda öz ölkələrində olduğu kimi hərəkət etməməlidir.
"Başqa bir ölkəyə ayaq basdığın zaman o ölkənin qayda-qanunlarına, adət-ənənəsinə hörmət etmək beynəlxalq hüquq normalarına əsaslanan bir şeydir və dünyanın hər yerində mövcuddur. Lakin bir məsələ var ki, turist qəbul edən turizm şirkətləri onlarla maarifləndirmə işi aparmalıdır. Onlara başa salmalıdır ki, Azərbaycan necə bir ölkədir. Necə ki, başqa xarici dövlətlər bizdən oraya öz adət-ənənələrimizi aparmamağı tələb edirsə, bizim də eyni şeyi tələb etməyə haqqımız var. Sinqapurda siz saqqızı yerə atsanız, cərimə olunarsınız. Bəzən zibili yerə atmağa görə həbs cəzası da verilir. Ona görə, hər kəs başqa bir ölkəyə getdikdə məlumatlı olmalıdır".
Ekspert bu cür anlaşılmazlıqların yaranmaması üçün turizm şirkətlərinə öz təkliflərini də verib.
Müzəffər Ağakərimov bildirib ki, turizm şirkətləri ölkəmizə məxsus qayda-qanunları, adət-ənənələri ölkəyə gələn turistlərə müfəssəl şəkildə başa salmalıdır. Hətta kiçik yaddaş kitabçaları da paylamaq yerinə düşərdi.
"Turizm şirkətlərimiz digər ölkələrin turizm şirkətləri ilə müqavilə bağlayanda ölkəmizə xas qayda-qanunlar müqavilədə öz əksini tapmalıdır ki, turistlər də əvvəlcədən hara gəldiklərini bilsinlər".
Məsələylə bağlı öz fikrini bildirən deputat Fazil Mustafa qeyd edib ki, bu Araz Əlizadənin fikridir, mən belə düşünmürəm.
"Yeni struktur yaratmağa ehtiyac yoxdur. Bunun üçün polislərin içərisində insan haqları və ya alveri ilə məşğul olan strukturun bu istiqamətə yönləndirilməsi daha faydalı olar. Həm büdcədən yeni struktura vəsait ayrılmaz, həm də bilavasitə bu sahədə ixtisaslaşan polis qurumları turizmin inkişafına töhfə verər. Polisləri bu işə cəlb etməklə biz bu sahədə olan neqativləri də aradan qaldıra bilərik. Amma mən ayrıca əxlaq polisi adlı struktur yaradılması təklifini təqdir etmirəm".
Məleykə
Ən çox oxunanlar
Son xəbərlər