Türk Şurasının hədəfi: Altı dövlət, bir millət!
Baxılıb: 755 Tarix: 16-10-2019 16:21
Türkiyə Ordusunun Suriyada başlatmış olduğu antiterror əməliyyatları ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşünün zaman baxımından üst-üstə düşməsi görüşün əhəmiyyətini və təsirini daha da artırdı.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri oktyabrın 15-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşünü şərh edən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov deyib. O bildirib ki, görüşdə türk dünyası üçün vacib olan bir çox məsələlər müzakirə olundu, gələcək üçün strateji fəaliyyət istiqamətləri bəlirləndi.
“Türkiyə ordusunun Suriyada başlatmış olduğu antiterror əməliyyatları ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşünün oktyabr ayında baş tutması bu zirvə görüşünün əhəmiyyətini daha da artırdı. Çünki Türkiyənin başlatmış olduğu bu əməliyyatlar gözləmədiyimiz bir çox dövlətlərdən də haqsız olaraq qınandı. Hətta Türkiyə uzun illər haqlarını müdafiə etdiyi ərəb ölkələri belə öz davranışları ilə məyusluq yaratdı. Yalnız türk dövlətləri Türkiyənin yanında olduğunu açıqca qeyd etdilər. Bu, həm də qardaş türk dövlətləri arasındakı etimadı daha da artırmış oldu”.
İlham İsmayılov Türk Şurasına Macarıstanın müşahidəçi qismində qatılmasını da yüksək qiymətləndirib:
"Macarıstanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında təmsil olunması olduqca vacib məsələdir. Bunu cənab Prezident İlham Əliyev də çıxışında xüsusi vurğuladı ki, Macarıstanda Türk Şurasının nümayəndəliyi ofisinin fəaliyyətə başlaması Türk Şurasının Avropa ölkələri və regional təşkilatlarla əlaqələrin inkişafı baxımından olduqca əvəzsizdir. Təbii ki, bu məsələdə Macarıstanın Baş naziri Viktor Orbanın böyük rolu var. Hesab edirəm ki, Macarıstanın Türk Şurasına yaxınlaşmasında həm də Macarıstan Turan Fondunun rəhbəri Andros Bironun rolu böyükdür. Onun hər iki ildən bir Macarıstanda təşkil etdiyi və bizim də qatıldığımız Turan Qurultayları Macarstanda türk ruhunun oyanmasında, xalqlarımızın yaxınlaşmasında böyük rol oynayıb. Məhz Macarıstandakı həmin oyanışın nəticəsidir ki, türk ordusunun Suriyada apardığı antiterror əməliyyatlarına etiraz bəyanatına veto qoydu".
ATXƏM sədri qeyd edib ki, Türk Şurası ötən 10 il ərzində türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayıb:
"Bu 10 il ərzində Türk Şurası ilə yanaşı, Türksoy, Türkdilli Ölkələrin Parlament Assambleyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası da mühüm işlər gördü. Bu Zirvə görüşündə artıq Şuranın gələcək stratejisi kimi BMT-də müşahidəçi statusun alınması, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT kimi qurumlarla əməkdaşlığın daha da artırılması göstərildi".
İlham İsmayılov Qazaxıstanın lideri, türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevin "artıq "türkdilli ölkələr" sözlərinin nəsə başqa bir formasına, "türk dövlətləri"nə keçmək haqqında düşünmək lazımdır” - fikrinə də münasibət bildirib:
"Hazırda bizim də təşkilatın adında "türkdilli" sözü işlədilir. Təbii ki, sovetlər dönəmindən qalmış "türkdilli" ifadəsinin zamanla dəyişməsi, beyinlərdə daha olumlu oturuşması gərkliydi. Mən də hesab edirəm ki, artıq altı türk dövləti olan Azərbaycan, Türkiyə, Qazaxstan, Qırğızstan, Özbəkstan və Türkmənistanda xalqlar türk olduqlarını və dövlətlərinin də bir türk dövləti olduğunu bilirlər. O halda artıq dövlətlərimizi də “türk dövlətləri” olaraq səsləndirməkdə bir qadağa görmürəm. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, biz artıq özümüzə "6 dövlət, tək millət" deyə bilərik. Təbii ki, növbəti toplantıda aramızda Türkmənistanı da görəcəyimizə ümid etməklə".
Ən çox oxunanlar
Son xəbərlər