2024-çü ildə qızıl bahalaşacaq?
Baxılıb: 478 Tarix: 20-12-2023 13:38
"Azərbaycanın zərgərlik bazarı kifayət qədər inkişaf edib və bu günə qədər dinamikanı saxlamaqda davam edir. 2022-ci ildə bazarın illik dövriyyəsi 153 milyon manat təşkil edirdisə, cari ildə bu həcmin 220 milyon manatdan çox olacağı proqnozlaşdırılır".
Bu sözləri Bizim.media-ya açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası"nın (AZA) sədri Toğrul Abbasquliyev bildirib:
"İdxal olunan qızılın miqdarı da artıb
2023-cü ilin sonuna qədər bu həcmin yenidən artırılacağı proqnozlaşdırılır. Eyni zamanda Azərbaycanın ixrac etdiyi zərgərlik məmulatlarının dəyəri 19 milyon manatdan çox olub. Onların böyük hissəsi dünyanın bir çox ölkəsinə, o cümlədən Türkiyəyə, Özbəkistana, Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə göndərilir".
Qiymətlər necədir?
Müsahibimiz hazır məmulatların qiymətlərinin üç əsas amillə bağlı olduğunu diqqətə çatdırıb:
"İlk məsələ qiymətli daşlarla bağlıdır. Əsasən də brilyantın qiyməti "rapoport hesabatı"na əsasən formalaşır. Qızıl isə birjaya uyğun tənzimlənir. Qızılın bir qramının qiyməti bu il payız aylarına qədər 60-62 dollar arasında dəyişirdi. Ancaq hazırda 1,99 əyyarlı qızılın qiyməti 64-65 dollara yaxındır.
Sonuncu amil isə işçiliklə bağlıdır. İşçilik qiymətləri istər ölkəmizdə, istərsə də Avropa, Rusiya və Türkiyədə ciddi dəyişikliyə məruz qalmayıb. Bu, birqramlıq zərgərlik məmulatı üçün 5 dollardan başlayır və 25 dollara qədər dəyişir. Ümumilikdə 2024-cü ildə isə zərgərlik bazarının dövriyyəsinin 300 milyon manatadək artacağı proqnozlaşdırılır".
Bəs cari dövrdə zərgərlik bazarında hansı çətinliklər baş verib?
Onun sözlərinə görə, bu gün bazarda ən aktual məsələlərdən biri, 2019-cu ildə Qiymətli daşlara və metallara nəzarət Dövlət Xidmətinin bağlanmasından sonra yaranıb:
"Hazırda bu sahəyə nəzarət edən bir dövlət qurumu yoxdur. Bu da bəzən həm alıcılar, həm də sahibkarlar arasında narazılıqlara səbəb olur. İllərdir sağlam şəkildə fəaliyyət göstərən sahibkarlar bu gün həmin xidmətin olmamasından əziyyət çəkirlər. Bizim gözləntilərimizə görə, Azərbaycanda belə bir qurum yaradılacaq".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər