Qaradağlı Vətən müharibəsi veteranları Zəfər seçkilərində Ali Baş Komandan İlham Əliyevə səs verəcəklər
Baxılıb: 683 Tarix: 21-12-2023 13:54
“Heydər Əliyev ili” elan edilmiş 2023-cü il müasir Azərbaycanın tarixində həm də ölkəmizin ərazisinin erməni separatçılarından birdəfəlik təmizlənməsi ilə yadda qaldı. Bu ilin 23 aprel tarixində Laçın buraxılış-keçid məntəqəsinin yaradılması, sentyabrın 19-da lokal antiterror tədbirlərinin həyata keçirilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltması, Zəfərimizin üçüncü ildönümündə Xankəndi şəhərində keçirilən hərbi paradda iştirakı tariximizin qürur səhifələrini daha da zənginləşdirdi. Prezident İlham Əliyev 20 ildə verdiyi vədlərin, qarşıya qoyduğu bütün vəzifələrin uğurla yerinə yetirildiyini bildirdi. Bütün bunlar Heydər Əliyev siyasətinin Azərbaycana qazandırdığı uğurların təqdimatıdır.Məlum olduğu kimi, Prezident İlham Əliyev 7 dekabr 2023-cü il tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alınıb ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin. Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Azərbaycan 2020-ci ildə baş verən Vətən müharibəsində məhz özünün güclü iqtisadi-hərbi potensialına və cəmiyyətin həmrəyliyinə əsaslanmaqla ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi. Ərazi bütövlüyünün təmin olunması müstəqil Azərbaycanın tarixində müstəsna önəm daşıyan bir hadisədir .
Müharibənin başa çatmasını bildirən üçtərəfli Bəyanatda Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri də silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaqla bağlı idi. Ancaq havadarlarına arxalanan və revanşizm mövqeyindən çıxış edən məğlub ölkə bu öhdəliyini də yerinə yetirməyərək silahlı birləşmələrinin təxminən 15 min kontingentə malik hissəsini ərazilərimizdə saxlamaqda davam edirdi. Həmin hərbi birləşmələr tez-tez mövqelərimizi atəşə tutur və digər təxribatlara əl atırdılar. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələri sentyabrın 19-da növbəti dəfə mina terroruna əl atdılar. Nəticədə polis əməkdaşları və mülki şəxslər həlak oldular. Buna cavab olaraq Azərbaycan lokal xarakterli antiterror tədbirləri görmək məcburiyyətində qaldı.
Sentyabrın 19-da başlayan antiterror tədbirləri də Azərbaycan Ordusunun gücünün və hərbiçilərimizin peşəkarlığının növbəti təzahürü oldu. Qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə olundu. O cümlədən qanunsuz hərbi birləşmələrin böyük hissəsi tamamilə məhv edildi. Cəmi bir gün davam edən antiterror tədbirlərinin nəticəsi olaraq separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. Antiterror tədbirlərinin uğurla yekunlaşması Azərbaycanın hərbi və diplomatik müstəvidə qazandığı növbəti böyük uğurudur. Bunun nəticəsində ölkənin bütün ərazilərində suverenliyimiz tam təmin edilib.
Qarabağ ərazisində suverenliyimiz tam təmin ediləndən sonra Azərbaycan cəmiyyəti Xankəndidə və digər ərazilərimizdə bayrağımızın ucaldılmasını səbirsizliklə gözləyirdi. Nəyahət, o şərəfli və tarixi gün də gəldi. Nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızın ucaldılmasının sevincini bizlərə tarixi gündə - Onun Prezident seçilməsinin 20-ci ilinin tamam olduğu 15 oktyabr 2023-cü ildə yaşatdı.
44 günlük müharibənin və 23 saatlıq uğurlu antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq müstəqil Azərbaycan bütün hədəflərinə nail olub. İşğala son qoyulması, suverenliyimizin təmin olunması Azərbaycan xalqının düz 30 il qəlbində gəzdirdiyi müqəddəs istək idi ki, buna da biz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə nail olmuşuq. Bu uğurlar Azərbaycan cəmiyyəti üçün son dərəcə vacib olan birləşdirici amillərdir. Ümumiyyətlə, xalqımız üçün ümummilli ideyalar hər şeydən yuxarıda dayanır. Yenə də Vətən müharibəsi dövrünü yada salaq. Döyüş əməliyyatlarının başladığı ilk saatlardan ölkəmizdə yüksək həmrəylik yaşandı, o cümlədən 50-dək siyasi partiyanın təmsilçiləri birgə bəyanat imzalayaraq Ali Baş Komandanın ətrafında birləşdiklərini bəyan etdilər. Qələbəmiz də məhz Ordumuzun gücü və cəmiyyətimizin sarsılmaz həmrəyliyi nəticəsində əldə olundu.
Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Azərbaycanda və regionda yeni reallıqlar yaranıb, ölkəmiz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Növbədənkənar prezident seçkilərinin keçirilməsini də məhz yeni şərait və reallıqlar şərtləndirir. Yaranan reallıqlara uyğun olaraq çağırışlarımız da dəyişib. İndiki starteji mərhələdə biz inkişafımızın yeni çərçivələrini müəyyənləşdirməliyik ki, bunlar da növbədənkənar seçkilərin keçirilməsinin aktuallığını artırıb.
Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir və bu seçkiləri haqlı olaraq Zəfər seçkiləri adlandırmaq olar.
Fəxr edirəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin Ali Baş Komandanlığı altında qazanılmış möhtəşəm Zəfərdə mənim də imzam var. Əminəm ki, mənim kimi on minlərlə digər Vətən müharibəsi iştirakçıları hamılıqla 2024-cü il fevralın 7-də keçiriləcək Zəfər seçkilərində cənab İlham Əliyevə səs verəcəklər. Dövlətimiz, onun başçısı cənab İlham Əliyev şəhid ailələrini, I və II Qarabağ müharibəsi əlillərini, hər iki müharibənin iştirakçılarını qayğı və diqqətlə əhatələyib. Biz Qaradağ rayonundan olan Vətən müharibəsi iştirakçıları bu qayğını daim öz üzərimizdə hiss edirik. Dövlətimizin qayğılı münasibətini bizə ötürmək vəzifələrini ləyaqətlə yerinə yetirən, problemlərimizin həllini diqqət mərkəzində saxlayan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı hörmətli cənab Süleyman Mikayılova, Qaradağ RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi Həsrət Almasova, rayonumuzun bütün qədirşünas ictimaiyyət nümayəndələrinə dərin minnətdarlığımızı bildiririk.
Tural Əhədov,
Qaradağ rayon sakini, Vətən müharibəsi iştirakçısı
Ən çox oxunanlar
Son xəbərlər