Əbdülqəni Hüseynov - 60
Baxılıb: 2 008 Tarix: 30-01-2024 16:18
Bu günlərdə 60 illik yubileyini qeyd etməyə hazırlaşan həmkarımız Əbdülqəni Hüseynov həmişə peşəsinə sədaqəti və həmkarlarına qayğılı münasibəti ilə seçilib. Daşıdığı təməl xüsusiyyətlər özündən gənc həmkarlarının jurnalistikaya rəğbətinin formalaşmasına, bu yolda addımlamalarına stimul verib. Əbdülqəni müəllim istedad amilinin jurnalistika üçün nə dərəcədə böyük anlam daşıdığını əməli fəaliyyəti ilə sübuta yetirməyi bacarıb.
Hüseynov Əbdülqəni Əbdülağa oğlu 31 yanvar 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hələ gənc yaşlarından dövri mətbuatda müxtəlif səpkili məqalələrlə çıxış edir. Hazırda “Qanun və Hədəf” beynəlxalq ictimai-siyasi hüquq qəzetində şöbə müdiri vəzifəsində işləyir.
Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən hadisələrə, dövlətimizin rəhbərliyi tərəfindən aparılan mütərəqqi islahatlara cəmiyyətin, ictimaiyyətin münasibətini öyrənib oxucuları ilə paylaşmaq Əbdülqəni Hüseynovun jurnalistika fəaliyyətində mühüm istiqamət təşkil edir.
Media ictimaiyyəti, jurnalist birlikləri Əbdülqəni Hüseynovun yaradıcılığına yüksək dəyər vermiş, onu müxtəlif media və ədəbi mükafatlara layiq görmüş, fəxri adlarla təltif etmişdir. Əbdülqəni Hüseynov jurnalist fəaliyyətində əldə etdiyi uğurlu nəticələrə, peşə etikasının tələblərinə riayət etdiyinə, seçdiyi mövzulara yanaşmada obyektiv, qərəzsiz mövqeyinə görə ötən il “Qanun və Hədəf” qəzetinin Fəxri Diplomuna layiq görülmüşdür. Əbdülqəni Hüseynovun adı jurnalistikamızda tələbkarlıq, təşəbbüskarlıq, prinsipiallıq simvoludur.
Əbdülqəni Hüseynov həm də nümunəvi ailə başçısı, qayğıkeş ata, nəvazişkar babadır.
Əbdülqəni müəllimə möhkəm can sağlığı, peşə fəaliyyətində, ədəbi yaradıcılığında yeni-yeni müvəffəqiyyətlər, tükənməz təsir bağışlayan enerjisini daim qoruyub saxlaya bilməsini arzulayırıq.
“Qanun və Hədəf”
Ən çox oxunanlar
Son xəbərlər