İçkilər və tütün məmulatlarına tətbiq edilən aksiz dərəcəsi artırılır
Baxılıb: 715 Tarix: 23-10-2019 11:15
Gələn ildən konyak istisna ilə, Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına, energetik (alkoqollu və alkoqolsuz) içkilərə tətbiq edilən aksiz dərəcələri artırılır.
APA-nın məlumatına görə, bu, Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.
Beləliklə, aksiz dərəcəsi içməli spirtin (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti) hər litri üçün 2 manatdan 3,2 manata, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litri üçün 2 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün 2,5 manatdan 2,6 manata, şərablar və şərab materiallarının hər litri üçün 0,1 manatdan 0,2 manata, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litri üçün 0,2 manat manatdan 0,5 manata, siqarillanın (nazik siqarlar) 1000 ədədi üçün 20 manatdan 31 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədi üçün 20 manatdan 31 manata, alkoqollu energetik içkilərin hər litri üçün 2 manatdan 2,1 manata, alkoqolsuz energetik içkilərin hər litri üçün 3 manatdan 2,1 manata qaldırılır.
Bu siyahıda yer almayan tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün isə 0,4 manat aksiz dərəcəsi tətbiq olunacaq.
Konyak və konyak materiallarının hər litri üçün tətbiq edilən 6 manat aksiz dərəcəsi isə 3,2 manata endiriləcək.
Bu mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin (miqdarının) hasili tətbiq edilməklə hesablanır.
Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.
Ən çox oxunanlar
Son xəbərlər