Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Özəl səhiyyə sektoru icbari tibbi sığortanın tətbiqindən nə gözləyir

Baxılıb: 1 172     Tarix: 04-10-2019 11:20   
 
Doktor Anar Məmmədov: "Ən azından səhiyyə xidmətinin qiyməti barədə şüurlarda ölçü - meyar yaranacaq"

İcbari tibbi sığortanın tətbiqi Azərbaycanda aparılan səhiyyə islahatlarının mühüm tərkib hissəsi kimi böyük perspektiv vəd edir. "Bəs özəl səhiyyə sektoru icbari tibbi sığortadan nə gözləyir" - paytaxtın Sabunçu rayonunda fəaliyyət göstərən Medicare Klinikasının baş həkimi Anar Məmmədova bu sualla müraciət etməzdən əvvəl rəhbər vəzifədə çalışdığı tibb müəssisəsi barədə məlumat verməyini xahiş etdim. Məmnuniyyətlə cavablandırdı:

- Medicare Klinikası 2017-ci ildə ambulatoriya üzərində qurulub. Burada Laboratoriya, Ginekologiya, Pediatriya, Kosmetologiya, Kardiologiya, Terapiya, Ultrasəs Müayinəsi (Şüa diaqnostikası, Doppler) mövcuddur. Klinikada yüksək səviyyədə ixtisaslaşmış və sertifikasiyadan keçmiş həkimlər çalışırlar. Medicare Klinikasının tam avtomatlaşdırılmış müasir laboratoriyası sayəsində qısa zaman ərzində analizlərin dəqiq cavablarını əldə etmək, həmçinin, analizlərin cavablarını onlayn formada, klinikaya gəlmədən almaq mümkündür. Medicare Klinikası özəl müəssisə və təşkilatlara da işçi personalın ən sərfəli qiymətlərlə tibbi müayinə və diaqnostikasını təklif edir. İş yerində və işi dayandırmadan yüksək səviyyəli mütəxəsislər tərəfindən həyata keçirilən həmin xidmətlər sırasına eyni zamanda Tibbi məntəqələrin təşkili; Təcili yardım xidməti; Tibbi maarifləndirmə və profilaktika; İnfeksion xəstəliklərin immunoterapiyası və. s. daxildir. Klinikanın təcili tibbi yardım xidməti həftənin hər günü 24 saat boyunca əhalinin xidmətindədir. Evdə Təcili Tibbi Yardım xidmətinə Terapiya, Kardiologiya, Urologiya, Oftomologiya, Lor, USM (rəngli dopler) və bütün laborator xidmətlər daxildir. Medicare Klinikası həmçinin əhalinin maddi rifahını nəzərə alaraq kifayət qədər sərfəli qiymətlər ilə əhaliyə tibbi xidmət göstərir, öz pasientləri üçün mütəmadi olaraq kampaniyalar - uşaqlar üçün pulsuz, böyüklər üçün ucuz Check-Up paket müayinələr təşkil edir. Səhiyyə xidməti sadiqlik, əmək, səy, bilik və əxlaq tələb edir. Bu anlayış ilə xəstə məmnuniyyətini ön planda tutmaqla tibbi texnologiyanın ən yeni imkanlarından yararlanaraq müasir müayinə və müalicə metodlarından istifadə edirik.

- İcbari tibbi sığortanın tətbiqindən özəl tibb müəssisələri nə gözləyə bilərlər?

- Orta və daha yuxarı yaşlı nəslin nümayəndələri yaxşı xatırlayarlar ki, sovetlər dönəmində səhiyyə və təhsil pulsuz idi. Biz - Azərbaycan xalqı pulu sevənik. Bizə havayı verilən şeyin, göstərilən xidmətin qədrini bilmirik, onu əhəmiyyətsiz hesab edirik. İcbari tibbi sığortanın tətbiqindən gözlədiyim ən böyük perspektiv budur ki, ən azından səhiyyə xidmətinin qiyməti barədə şüurlarda ölçü - meyar yaradacaq. Yəni, Azərbaycan xalqı biləcək ki, səhiyyənin, tibbi xidmətin, həkim qəbulunun bir qiyməti varmış və bu qiyməti artıq dövlət təyin edib. Önəmli olan həmin qiymətin biçilməsidir. Nə qədər ki, səhiyyənin pulsuz olması barədə stereotip postsosialist ölkələrin adamlarının şüurunda ətalət qüvvəsi ilə qalmaqda davam edir, onlar elə biləcəklər ki, hətta özəl tibb müəssisələrində çalışan həkimlərə də verdikləri pul zəhmət haqqı deyil, rüşvətdir. İcbari tibbi sığorta haqda qanun layihəsi hələ 1999-cu ildə irəli sürülmüşdü. Göründüyü kimi, həmin qanunun qəbulu üçün demək olar 20 il gözləməli olduq, cəmiyyət buna hazır deyildi. İndi-indi pilot rayonlar seçilərək, tətbiqinə başlanılıb, oturuşması da yəqin bir müddət çəkəcək. Amma faydasını xalqımız mütləq görəcək.


- İcbari tibbi sığortanın çoxdan tətbiq olunduğu xarici ölkələrdə səfərlərdə olursunuz, təcrübə mübadilələri aparırsınız, yəqin ki, müşahidələriniz də az deyil. Səhiyyəsi inkişaf etmiş qabaqcıl ölkələrdə tətbiq olunan daha hansı uğurlu modelləri bilirsiniz ki, onların Azərbaycana gətirilməsi məqsədəuyğun olardı?

- Bilirsiniz, nə qədər ki dünyada çarəsi tapılmamış xəstəliklər mövcuddur, demək, səhiyyənin problemlərinin də tam çözülməsindən danışmaq olmaz. Hansısa ölkədə və ya ölkələrdə tibb elminin, səhiyyə xidmətinin təqdirəlayiq inkişafını nümunə göstərmək olar. Hətta supergüc dövləti sayılan Amerika Birləşmiş Ştatlarında belə görürsən ki, indiki prezident sabiq prezidentin səhiyyə siyasətində yol vermiş olduğu nöqsanları sadalayır. O ki qaldı Azərbaycan səhiyyəsini inkişaf etdirmək üçün daha nələrin lazım olması məsələsinə, təklif edərdim ki, səhiyyədə aparılan islahatların davamı olaraq, icbari tibbi sığortanın tətbiqində yüksək səmərə əldə etmək üçün sifarişçi və icraedici qurumların bir-birindən ayrı olması, birinin digərindən asılı olmaması təmin edilməlidir. Bizim misalda tutaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə publik hüquqi şəxs olan "TƏBİB" - in arasında hər hansı inzibati asılılıq, tabeçilik münasibətləri olarsa, təbii ki, nöqsanları ört-basdır etmək cəhdləri də olacaq, ictimai hesabatlılıq da tam təmin olunmayacaq, şəffaflıq prinsipləri qorunmayacaq. Bu, mənim birinci təklifimdir. İkinci təklifimsə budur ki, səhiyyəyə ayrılan dövlət vəsaiti artırılmalıdır. Hələ 1948-ci ildə indiki İsrail dövləti yaranandan sonra ölkə parlamentinin - Knessetin təsdiqlədiyi ilk dövlət büdcə xərclərində  səhiyyəyə 30, təhsilə 30 faiz vəsait ayrılmış, qalan 40 faiz isə digər çoxsaylı xərc maddələri arasında bölüşdürülmüşdü. Belə sosial siyasətin İsrail dövlətinə və yəhudi xalqına verdiyi faydanı da görməmək mümkün deyildir. Bizdə isə səhiyyəyə dövlət büdcəsindən səhv etmirəmsə, təxminən 3 faiz vəsait ayrılır. Hətta iqtisadi cəhətdən Azərbaycandan zəif olan qonşu Gürcüstanda belə bu rəqəm xeyli böyükdür.

- Doktor, özəl tibb müəssisələrinin çoxunda xaricdən cəlb olunan tibb uzmanları çalışırlar. Sizcə, bu tendensiya yerli həkim kadrların çatışmazlığı ilə əlaqədardır?

- Mən elə düşünmürəm. Azərbaycanda kifayət qədər güclü həkimlər, o cümlədən, gənc və perspektivli kadrlar var. Bundan başqa, hətta özəl klinikalara xaricdən cəlb olunmuş həkimlərin də çoxu məhz başqa ölkələrdə tibb təhsili almış həmvətənlərimizdir. Eyni zamanda ölkəmizdən xaricə "beyin axını" da var. İstisnaları bir kənara qoyaq, əgər Almaniya kimi qabaqcıl inkişaf etmiş bir ölkə öz vətəndaşlarının səhhətini azərbaycanlı həkimə etibar edirsə, bizim Azərbaycan tibb təhsilinin səviyyəsini, həkimlik ixtisasını seçmiş gənclərimizin savadını, istedadını aşağılamağa haqqımız yoxdur.

***

Klinikada  olarkən pasientlərin də bəziləri ilə qısa söhbətlər edib gördükləri xidmətin keyfiyyəti barədə rəylərini öyrəndim. Məlum oldu ki, bugünkü həmsöhbətim, həkim terapevt-hepatoloq Anar Məmmədov başda olmaqla, həkim-endokrinoloq Nuridə Nuriyeva, uzman uroloq-cərrah Bayram Gülməmmədov, həkim-kardioloq Akif Abdullayev, həkim-dermatoloq Vaqif Abdinov, ali dərəcəli həkim-uroloq Vaqif Əkbərzadə, həkim-cərrahCəmil Zamanov, həkim-nevropotoloq Leyla Xammədova, həkim-terapevt Müşfiq Əsədov, həkim-androloq Mahmud Mehdiyev, USM həkimi Ceyran Axundova, laboratoriya müdiri Sunay Qarayeva və digərlərinin xidməti razılıq doğurur. Klinika kollektivi rayonun ictimai işlərində də fəallığı ilə seçilir.

Doktor Anar Məmmədova və Medicare Klinikasında onunla çiyin-çiyinə çalışan tibb işçilərinə insanların sağlamlığının keşiyində durmaq kimi müqəddəs işlərində uğurlar diləyir, eləcə də icbari tibbi sığortanın tətbiqindən gözlədikləri perspektivlərin özünü doğrultmasını arzulayırıq.

Pünhan Şükür  
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar