Azərbaycanın bugünkü tərəqqisi Heydər Əliyev ideyalarının təntənəsidir
Baxılıb: 851 Tarix: 10-05-2025 11:44

Qədirbilən Azərbaycan xalqı hər il olduğu kimi bu il də 10 may tarixini – Ulu öndər Heydər Əliyevin doğum gününü dərin hörmət və ehtiramla qeyd edir. Xalqımız ötən əsrin 90-cı illərinin əvvəlində ulu öndərin qətiyyəti və dərin zəkası ilə siyasi böhrandan necə xilas olmuşdusa, bu gün məhz onun siyası davamçısının səyi və möhkəm iradəsi ilə koronavirus bəlasından da elə xilas oldu, üstəlik, 30 il düşmən tapdağı altında inləyən Qarabağı işğaldan azad etdi. Tarix dəyişsə və zaman fərqli olsa da, əlbəttə, dövlətçilik missiyası və xalqın taleyi hər zaman etibarlı əllərdədir və dəyişməzdir. Ona görə də hesab edirik ki, Heydər Əliyevin dövlətçilik məktəbi, siyasəti hər zaman olduğu kimi bu gün də aktuallığını qoruyub saxlayır və daha dərindən öyrənilməlidir.
Bu gün heç kim respublikamızın müstəqilliyi ilə bağlı hansısa bədgüman fikirlərə düşmür, sovet dövrünün “nostalgiyası” ilə yaşamır. Çünki Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kurs etibarlı əllərdədir.
Güclü iqtisadiyyat, güclü sosial siyasət, ölkəmizin hərtərəfli inkişafı, yeni iş yerlərinin açılması, yoxsulluğun azaldılması və yeni sənaye müəssisələrinin yaradılması artıq reallıqdır. Heydər Əliyev siyasətinin əsas istiqamətləri məhz bunlar idi. Azərbaycanın seçdiyi yol və əldə etdiyi nailiyyətlər deməyə əsas verir ki, bu yol düzgün yoldur. Bu, Heydər Əliyev yolu, Heydər Əliyev siyasətidir.
Bütün həyatını, ömrünün ən mənalı illərini xalqına qurban verən ulu öndərin ideyaları reallaşdıqca ölkəmizin inkişafı daha da sürətlənir, uğurların, nailiyyətlərin, irəliləyişlərin sayı artır.
Heydər Əliyevin yolunu davam etdirmək şərəfli olduğu qədər də çətin və məsuliyyətlidir. Bu şərəfə nail olan Prezident İlham Əliyev üzərinə götürdüyü məsuliyyətin, çətin vəzifələrin öhdəsindən bu gün də layiqincə gəlir.
Otuz il işğal altında qalan torpaqlarımızın azad edilməsi, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün ordumuzun gücü ilə cəmi 44 gün ərzində bərpa olunması, məhz Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu siyasət bizi böyük qələbəyə, XXI əsrin Zəfər paradına çatdırdı. Bu, böyük tarixin başlanğıcı 1993-cü ildə ulu öndər Heydər Əliyev təfindən qoyuldu, qalibiyyət tarixi isə 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevlə yekunlaşdı. Artıq xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni bir tarix, Qarabağa, Şərqi Zəngəzura böyük qayıdış tarixini yazır. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda bütün dünyanı heyrətləndirən böyük quruculuq və bərpa işləri inanılmaz sürətlə davam etdirilir. Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, bütün bu işləri biz öz gücümüzə və öz vəsaitimiz hesabına aparırıq. Bu, müasir, müstəqil Azərbaycanın güclü və dayanıqlı iqtisadi gücə malik bir dövlət olduğunu sübut edir.
Xalqa xidməti öz siyasətinin aparıcı istiqaməti kimi bəyan edən və bu yolda misilsiz uğurlar qazanan Prezident İlham Əliyev xarici siyasət kursunda da milli maraqlarımızı daim ön planda saxlayır. Azərbaycanın xarici siyasət konsepsiyası ölkəmizin dünyaya inteqrasiyasına və qüdrətli dövlətə çevrilməsinə xidmət edir.
Dahi Heydər Əliyevin siyasi kursunu yaradıcılıqla, müasir tələblərə uyğun şəkildə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan intibah dövrünü yaşayır. Ölkəmizdə mövcud olan daxili sabitlik, əmin-amanlıq sürətli iqtisadi təkamülün əsasında dayanan mühüm amillərdəndir. Bu tərəqqi ümummilli lider Heydər Əliyev ideyalarının təntənəsi, möhkəm bünövrə üzərində davamlı inkişaf edən müstəqil dövlətimizin real mənzərəsidir.
Ölkəmizin müdrik rəhbəri, möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikanın hər yerində sürətlə aparılan genişmiqyaslı quruculuq işləri bütün dünyaya nümayiş etdirir ki, “inkişafın Azərbaycan modeli” ifadəsi təsadüfi xarakter daşımır. Bu gün ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği hər bir Azərbaycan vətəndaşının ümdə vəzifələrindəndir.
Niyazi Yusifli, Saatlı rayon Notariat Ofisinin xüsusi notariusu

Ən çox oxunanlar
Son xəbərlər