Xocalıda Azərbaycan xalqının başına açılmış faciənin ən layiqli cavabını müzəffər ordumuz döyüş meydanında verdi
Baxılıb: 957 Tarix: 18-02-2022 11:00
Bəşər tarixinə ən dəhşətli faciələrdən biri kimi daxil olmuş Xocalı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, Xocalı şəhərinin dinc əhalisinə qarşı misli görünməmiş qəddarlıqla divan tutublar. Həmin gün azğınlaşmış erməni quldur birləşmələri mənfur imperiyanın 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə mühasirəyə aldıqları Xocalı şəhərinə qarşı əvvəlcədən hazırladıqları məkrli planı işə salmışlar. 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uşağı, 106 qadını, 70 qocanı bir neçə saatın içində milli zəmində amansızlıqla qətlə yetirən, 487 nəfəri ağır xəsarətlərə məruz qoyan, 1275 nəfəri isə girov götürən ermənilər qaniçənliklə vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyduqlarını nümayiş etdirmişlər. Beynəlxalq humanitar hüquq normalarının, insan hüquqları üzrə ən müxtəlif konvensiyaları ayaq altına atan erməni hərbi birləşmələri insanları qətlə yetirmək məqsədilə ən qəddar üsullara əl atmışlar.Bu qanlı faciəyə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib, dövlət başçısı və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən Xocalı soyqırımı barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülür. Bu istiqamətdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Xocalıya ədalət!" kampaniyası uğurla həyata keçirilir.
Erməni vəhşiliklərini əks etdirən materialların xarici ölkələrdə, beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsi məqsədi ilə sərgilər təşkil edilir, müxtəlif dillərdə nəşr olunan kitab və bukletlər yayılır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad edərək, şəhidlərimizin, soyqırımı qurbanlarının qisasını aldı, onların qanı yerdə qalmadı. Xocalıda Azərbaycan xalqının başına açılmış faciənin ən layiqli cavabını isə müzəffər ordumuz döyüş meydanında verdi. İndi artıq azad edilmiş torpaqlarda təkcə quruculuq-abadlıq işləri, infrastruktur layihələri gerçəkləşdirilmir, eyni zamanda dövlət qurumlarının, təsisatlarının fəaliyyəti üçün də hüquqi əsaslar yaradılır. Diqqətəlayiq haldır ki, Qələbədən sonra yaradılmış Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl, Füzuli və Kəlbəcər rayonları daxildir. İdarənin bütün strukturlar üzrə fəaliyyətinin təşkili üçün zəruri addımlar atılıb. Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsinin kadrlarla kompkletləşdirilməsi işləri aparılıb. İşğaldan azad edilən torpaqlarımızda ədliyyə qurumlarının işinin komplektləşməsi üçün tədbirlər planı müəyyənləşdirilib.
Bundan sonrakı işimiz beynəlxalq hüquqi istiqamətdə səylərin cəmlənməsi olacaqdır. Xüsusilə 30 il bundan öncə 1992-ci ildə Xocalıda baş verən beynəlxalq cinayət faktlarının beynəlxalq aləmdə soyqırım kimi tanıdılması və bu faktlar əsasında beynlxalq cinayət mühakiməsinin reallaşdırılması qarşımızda duran ən ümdə vəzifədir. Xocalı soyqırımına hüquqi qiymətin verilməsinin və ermənilərə qarşı beynəlxalq hüquqi iddialarla çıxış edilməsinin bir sıra mühüm məqamları vardır. Hazırda malik olduğumuz mövcud resurslar – təkmil dövlət siyasəti, qəbul olunmuş beynəlxalq hüquqi aktlar və dövlətdaxili qanunvericilik, diplomatik şərait, respublikamızın real hərbi-iqtisadi gücü, xüsusilə ölkəmizin 2016-cı ilin aprel döyüşlərindəki və 2020-ci ilin sentyabr-noyabr ayları ərzində möhtəşəm qalibiyyəti, Dağlıq Qarabağda və ətraf rayonlarda infrastrukturun bərpası ilə bağlı dövlət başçısı tərəfindən atılan konseptual addımlar, habelə informasiya müharibəsinin “xüsusi təyinatlıları”, yəni müasir media və Azərbaycan gəncliyi Xocalı hadisələrinin soyqırım kimi tanıdılmasına, eyni zamanda Ermənistanın digər beynəlxalq cinayətlərinin hüquqi cəhətdən qiymətləndirilməsinə tam əsaslar və imkanlar yaradır. Yəni tarixdə qaliblər hər zaman mühakimə etmiş, ədalətin zəfərinə nail olunmuşdur. Biz də böyük millət olaraq haqqımızın bərpası üçün məhz hərbi sahədə qalib olduğumuz kimi, nəinki Xocalıda, 2020-ci ildə Gəncə, Bərdə, Tərtər və digər şəhər və kəndlərimizdə törədilən erməni cinayətlərinə görə beynəlxalq hüquq sahəsində də qələbəyə nail olacağıq.
Hər bir dövlət öz ərazisində baş verən cinayətlərə görə bir qayda olaraq ədalət mühakiməsini özü həyata keçirir. Lakin beynəlxalq cinayətlərə münasibətdə bu prinsip bir qədər fərqlidir. Soyqırım və digər beynəlxalq cinayətlərin təhlükəlilik dərəcəsi nəzərə alınaraq, onlara görə beynəlxalq hüquqda universal yurisdiksiya prinsipi müəyyənləşdirilmişdir. Bu prinsipə görə, təkcə cinayətin törədildiyi dövlət yox, digər dövlətlər də beynəlxalq cinayətlərlə bağlı ədalət mühakiməsini həyata keçirə bilərlər. Universal yurisdiksiya prinsipinə əsasən, Azərbaycanda soyqırım cinayəti törətmiş şəxsləri istənilən dövlətin milli məhkəməsi mühakimə etmək səlahiyyətinə malikdir. Biz Xocalı soyqırımının təşkilatçıları və icraçıları barədə axtarış elan etməklə, onları istənilən dövlətin vasitəsilə Azərbaycana gətirə və yaxud elə həmin dövlətin özündə mühakimə edə bilərik. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət əleyhinə törədilmiş qanlı cinayətdir.
Azərbaycan xalqı bu dəhşətli faciəni heç zaman unutmur, torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin, soyqırımı, insanlıq əleyhinə və müharibə cinayətlərinin qurbanlarının ruhunu hər zaman uca tutur.
Cəmaləddin Rüstəmov,
Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusu
Ən çox oxunanlar
Son xəbərlər