Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycan əlifbasını kim tərtib edib? – Müzakirə

Baxılıb: 593     Tarix: 15-10-2019 11:17   

Yazıçı-publisist Hüseyn Əfəndinin oğlu Vəli Efe iddia ilə çıxış edib. O, 1991-ci ildə qəbul edilmiş latın qrafikalı əlifbanın atası Hüseyn Əfəndi tərəfindən hazırlandığını deyib.
V.Efe iddia edib ki, əslində, latın əlifbasına keçid 1991-ci ildə yox, 1992-ci ildə baş verib, çünki həmin ilə qədər bəzi nəşrlər kiril əlifbası ilə çapdan çıxıb.
Vəli Efe atası Hüseyn Əfəndinin redaktoru olduğu “Gənclik” jurnalının səhifələrini təqdim edərək, iddiasını əsaslandırmağa çalışıb.
Mövzunu Kult.az-a şərh edən keçmiş təhsil naziri Firudin Cəlilov bildirib ki, 1991-ci ildə qəbul edilən əlifbanı bir şəxsin adı ilə bağlamaq düzgün deyil, çünki əlifbanın qəbulu kollektiv əməyin məhsuludur:
“1990-cı ildə İstanbulda baş tutan simpoziuma bütün türk ölkələrindən uzmanlar gəlmişdi. Orada qərara gəldik ki, ortaq əlifbanı qəbul edək. Mən o vaxt parlamentdə komissiya sədri idim. Ayaz Mütəllibovun hakimiyyəti illəri idi. O əlifbanı gətirdik və parlamentdə qəbul edildi.
Əlifbanın hazırlanmasını konkret şəxslərin adına bağlamaq düzgün deyil. Çünki o dövrdə hamının proyekti vardı, hamısı da demək olar ki, bir-birinə oxşar idi. Hərflər eyni, səslər eyni idi deyə, oxşarlıqların da olması normaldır.
Yəni bu gün kimsə çıxıb iddia edə bilər ki, bunu ilk dəfə mən hazırlayıb göndərmişdim. O vaxt çoxu belə təklif göndərmişdi. O vaxt Əlifba Komissiyası yaranmışdı. Orada İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Mirzə İbrahimov, Elçin Əfəndiyev, Anar, Sabir Rüstəmxanlı, Aydın Məmmədov, Əbülfəz Elçibəy və mən həmin komissiyanın üzvü idik. Əlifba ilə bağlı layihələri o komissiyada müzakirə edirdik. Afad Qurbanov və Cahangir Pəhləvanov da o komissiyanın üzvləri idilər. O dövrün qəzetlərində həmin komissiyanın bütün üzvlərinin siyahısı var idi”.
F.Cəlilov bildirib ki, əlifba 1991-ci ildə qəbul edilsə də, nəşrlərin bu qrafikaya birdəfəlik keçməsi zaman alıb:
“Bunun birdən-birə reallaşması mümkün deyil axı. Əvvəlcə gərək bu əlifba ilə dərsliklər yazıla, nəşr işini həyata keçirən bütün texnika yenilənə. Ona görə hələ uzun müddət latın əlifbasından istifadə mümkün olmurdu. Tədricən, zaman keçdikcə latın əlifbasına tam keçildi. Hətta ən son kiril əlifbasından qəzetlər imtina etdi. Prosesin tədricən baş verməsi olduqca normaldır. 1991-ci ildə əlifba qəbul edilmişdi, ancaq məktəblərdə 1994-cü ildən etibarən bu əlifba tədris edilməyə başlanıldı”.
Qeyd edək ki, “Gənclik” jurnalının sözügedən nömrəsinin titul vərəqinə baxdıqda “Əlifbanı hazırlayıblar” başlığı altında Hüseyn Əfəndi də daxil olmaqla, bir neçə şəxsin (eləcə də rəssamların) adının yazıldığı görünür. Bunun məhz jurnaldakı əlifbanın səhifələrini hazırlayan şəxslər olması haqda təəssürat yaranır.
Yəni ola bilsin ki, həmin şəxslər ilk latın qrafikalı əlifbanı yaradanlar deyil, “Gənclik” jurnalında təqdim edilən əlifbanın texniki tərtibat işlərini aparanlardır.


шаблоны для dle 11.2