ABŞ İrana sanksiyaları yumşaldır?

ABŞ Prezidenti Donald Tramp administrasiyası noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində dizel yanacağının bahalaşmasının qarşısını almaq üçün Rusiya və İranla əlaqəli “kölgə donanması” tankerlərinə qoyulan məhdudiyyətləri yumşaltmağı nəzərdən keçirir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” vəziyyətlə tanış mənbələrə istinadla məlumat yayıb.
“Müzakirə olunan tədbirlər sanksiya siyahısındakı gəmilərin etibarlı alıcılara satılmasına və onların beynəlxalq daşımalar üçün istifadəsinə icazə verilməsini nəzərdə tutur. Amma təşəbbüs mübahisələrə yol açıb. Əlavə tankerlərin bazara qayıtması neft və neft məhsullarının daşınma həcmini artıracaq, yanacağın qiymətinin yüksəlməsinə səbəb olan dəniz daşımaları üzrə fraxt tariflərini isə azaldacaq”, - məlumatda deyilib.
Qeyd olunub ki, Vaşinqtonun Rusiya yanacağına və neft, eləcə də neft məhsullarının daşınmasında istifadə olunan “kölgə donanması” tankerlərinə qarşı məhdudiyyətləri yumşaltmaq niyyəti Avropada narahatlıq doğurub. İtaliyanın Baş naziri Corciya Meloni Trampın Rusiyadan dizel yanacağı almaq planını tənqid edərək, bunu çox riskli qərar adlandırıb. O bildirib ki, bu addım Ukraynadakı müharibənin dayandırılması üçün Rusiya Prezidenti Vladimir Putinə qarşı beynəlxalq təzyiqi zəiflədir.
Qanunvehedef.az




















