Mühüm təklif: Ankara və Bakının türk dünyasına töhfəsi...
Baxılıb: 559 Tarix: 09-09-2020 14:33
Düşünürəm ki, bu platforma çərçivəsində fəaliyyət istiqamətlərindən biri də mütəxəssis hazırlığı ola bilər. Yalnız yaradıcı istiqamətdə deyil, həm də İT sahəsində çalışan gənclərimiz Türkiyənin nüfuzlu media qurumlarında bir neçə aylıq təcrübə keçərlərsə, bu, mediamızın inkişafına dəstək verər.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Real TV-nin “Real İntervyu” proqramına açıqlamasında Prezidentin köməkçisi, PA-nın şöbə müdiri Hikmət Hacıyevin Türkiyə səfəri çərçivəsində Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altunla görüşü və bu görüşdə birgə media platformasının yaradılması ilə bağlı razılaşmanı şərh edərkən deyib.
Politoloq, həmçinin bildirib ki, bu platforma çərçivəsində çoxsaylı yeni portallar, müştərək TV-lər və s. yaratmağa xüsusi ehtiyac yoxdur:
“Türkiyənin də, Azərbaycanın da nüfuzlu media qurumları var və yeni qurumlar yaratmaqdansa, əlaqələrimizi daha da inkişaf etdirməyimiz daha yaxşı olar. Ancaq hesab edirəm ki, türk dünyası üçün bir meqalayihə mütləq gerçəkləşməlidir. Bildiyiniz kimi, hazırda dünya gücləri haqda “dünyanı informasiya üzərindən idarə edir” deyə bir anlayış formalaşıb. Bütün işğallar, ölkələr daxilində çevrilişlər, inqilablar üçün əvvəlcədən informasiya bazası formalaşdırılır, şüurlara təsir edilir, hətta dünya iqtisadiyyatı da, birjalardakı manipulyasiyalar da informasiya üzərindən həyata keçirilir. Yəni böyük bir informasiya savaşının içərisindəyik. Buna ciddi iqtisadi, siyasi və rəsmi informasiya dəstəyi olan və türk ölkələrinin milli maraqlarının ifadəçisi rolunda çıxış edən, eyni zamanda həm türk ölkələrində ictimai fikrin formalaşmasına təsir göstərməyi bacaran, həm də dünya mediasının türk ölkələri ilə bağlı əsas informasiya qaynağına, etibarlı mənbəsinə çevriləcək media qurumuna böyük ehtiyac var. Məsələn, ingilisdilli media üçün CNN, BBC modeli var, ərəbdilli ölkələr üçün “Əlcəzirə” bu funksiyanı yerinə yetirir. Bunların təzyiqinə qarşı Rusiya RT-ni və “Sputnik”i yaratdı və hazırda bu qurumlar çox ciddi rəqabət aparır, hətta lazım gəldikdə informasiya manipulyasiyası ilə Avropa ölkələrinin ictimaiyyətinə təsir edir. Belə bir meqalayihəyə türk ölkələrinin ehtiyacı var. Hesab edirəm ki, ilk işlərimizdən biri kimi bu işin həyata keçirilməsi istiqamətində çalışmaq olmalıdır. Bu, Türkiyə və Azərbaycan media mənsublarının və rəsmilərinin türk dünyasına böyük töhfəsi olar”.
Ən çox oxunanlar
Son xəbərlər