Küy eşitmə problemi ilə yanaşı olduqda nə etməli? - otolarinqoloq həkimlə müsahibə
Baxılıb: 6 407 Tarix: 05-09-2018 08:34
Qanunvehedef.az saytı olaraq şəhərimizdə fəaliyyət göstərən müxtəlif ixtisaslı həkimlərlə müsahibələrə davam edirik. Budəfəki həmsöhbətimiz Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının şöbə müdiri - qulaq, burun, boğaz həkimi Gülyaz Rafiq qızı Kazımovadır. Həkimlə qulaq küylərinin yaranma səbəbləri, müalicəsi və xroniki tonzillit haqqında danışacağıq.
Qulaq küyləri (tinnitus)-nədir?
Bir çox insanlar qulaqlarda, başda küy eşidir. Bəziləri bu küyü yalnız sakitlikdə eşidir, digərlərini isə küy bütün gün ərzində narahat edir, daha sakit və ya daha güclü olur.
Bu xoşagəlməz simptom bəzi insanların iş qabiliyyətinə və həyatına xeyli mənfi təsir edir, bəzilərini isə bu heç narahat etmir.
Hal hazırda tibdə belə küyü adlandırmaq üçün xüsusi termin "tinnitus" istifadə olunur. Tinnitus idiopatik vә simptomatik olmaqla 2 qrupa ayrılır. İdiopatik, yәni birincili Tinnitusda yarada bilәcәk bütün sәbәblәr tәrәfimizdәn inkar edilir. Simptomatik, yәni ikincili tinnitusda isә altda yatan sәbәbi (lor, nevroloji, damar malformasiyaları, infeksiyalar, orta qulaqda maye, otoskleroz vә s.) mütlәq araşdırmalıyıq. Tinnitus
hәm dә obyektiv vә subyektiv ola bilir. Bunun üçün hәkim tәrәfindәn xәstәnin auskultasiya olunması vacibdir.
Qulaq küyünün yaranma səbəbləri haqda nə deyə bilərsiz?
Qulaqlarda küyün bir çox səbəbləri ola bilər. Bunların bir qismi qulaq kiri kimi ciddi olmayan səbəblər ola biləcəyi kimi, infeksiya, qulaq pərdəsinin deşilməsi, orta qulaqda maye toplanması, orta qulaq sümüklərinin oynaqlarının sərtləşməsi, allergiya, yüksək ya da aşağı təzyiq, şiş, şəkərli diabet, baş və boyun nahiyəsinin travmaları kimi daha ciddi səbəblər də ola bilər. Qalxanabənzər vəzi xəstəlikləri, baş və boyun travmaları, aspirin və digər ağrıkəsici və revmatizm əleyinə dərmanlar, antibiotiklər və bəzi depressiya əleyhinə dərmanlar da qulaqlarda küyə səbəb ola bilər. Damar xəstəlikləri, səs travmasına məruz qalma və hər hansı səbəbdən kəllədaxili təzyiqin artması zamanı eşitmə siniri təzyiqə məruz qaldığı üçün hər iki qulaqda küy yarana bilər. Qulaqlarda küyə təsir edən ən vacib səbəblərdən biri də stressdir. Qulaqdakı küy stressə, stress də qulaqda küyə səbəb olur. Müalicə zamanı bu şikayətlərin nəzərə alınması, küyün şiddətinin azalmasına kömək edir.Kir kimi başa düşülsə də əslində qulağın qoruyucu təbəqəsi olan qulaq kirinin qulaq keçəcəyini qapatması qulaq cingildəməsinin keçib gedən və ən sadə səbəbidir. Qulaq kiri xarici qulaq yolunda təbii olaraq yaranır və bəzi insanlarda miqdarı çox olur. Xarici qulaq yoluna salınan pambıq da buna səbəb ola bilir. Bəzi insanlar bunu təmizlik məqsədi ilə edirlər. Qulaq çöpü, kibrit çöpü və başqa vasitələrlə qulağı təmizləməyə çalışmaq qulaq kirinin qulaq pərdəsinə yaxın hissələrdə toplanmasına və tıxanmaya səbəb olur. Küy eşitmə problemi ilə yanaşı olduqda orta qulağın, daxili qulağın və beyindəki eşitmə mərkəzinin xəstəlikləri yoxlanılmalıdır. Qulaqlarda küyün səbəbləri fərqli olduğu kimi müalicə üsulları də fərqlidir. Müalicəyə başlamazdan əvvəl şikayətin səbəbinin mütəxəssis həkim tərəfindən aşkarlanması böyük əhəmiyyət daşıyır.
Müalicəsi necədir?
Qulaq cingildəməsinə görə müalicə tətbiq olunur.
Xarici qulaq yolundakı çirkə, iltihabadan yaranan qulaq cingildəməsi varsa onlar aradan qaldırılır. Orta qulaqdakı iltihablara və xəstəliklərə bağlıdırsa, onları aradan qaldırmaq lazımdır. Daxili qulaqdakı keçməyən qulaq cingildəməsi insanları narahat edən, yuxularına haram qatan, hətta sosial və iş həyatını pozan cingildəmədirsə, bunun müalicəsi əvvəllər yalnız dərmanlarla aparılırdı. Həkimlər də xəstələrinə “bu cingildəməsi ilə yaşamağı öyrənəcəksən” deyərdi. Son 1-1,5 ildir lazer müalicəsi tətbiq olunur. Qulaq cingildəməsi ilə əlaqədar müalicələrin 70 faizi uğurla nəticələnir. Lazer müalicəsi dünyanın bir çox ölkələrində tətbiq edilir.
Qulaq cingildəməsinin qarşısı necə alınır? Qrip infeksiyadan sonra da belə qulaq cingildəməsi ola bilir və bir neçə gün içərisində keçir. Amma qulaq cingildəməsi ilə əlaqədar müəyyən tədbirlər görülməlidir. Daxili qulaqdakı həssas tüklü hüceyrələrin pozulmaması üçün yüksək səsli musiqi dinləməmək, gurultulu yerlərdə olmamaq, çay-qəhvə və yağlı yeməklərin qəbulunu azaltmaq lazımdır. Qısacası, sağlam qidalanmaq, sağlam yaşamaq lazımdır.
Xroniki tonzillit nədir?
Xroniki tonzillit damaq badamcıqlarının xroniki iltihabıdır. Orqanizmin müdafiə qabiliyyətinin zəifləməsi, soyuqlama, yerli immunitetin aşağı düşməsi, allergik fon və sairə damaq badamcıqlarında olan mikroorqanizmlərin fəallığını artırır, bu isə anginaların əmələ gəlməsinə səbəb olur. Bakterial infeksiyanın təsirindən badamcıqların təkrarlanan iltihabı, immunitetin tormozlanması xroniki tonzillt ilə nəticələnir. Xroniki tonzillitin inkişafına burun tənəffüsünün çətinləşməsi (adenoidlər, burun çəpərinin əyrilyi, aşağı burun balıqqulaqlarının böyüməsi, burun polipləri) səbəb ola bilər. Yaxında yerləşən infeksiya ocaqları – xroniki adenoidlər, sinusitlər, kariyesli dişlər bu xəstəliyin inkişafında böyük rol oynayır.
Xroniki tonzillitin əsas simptomları hansılardır?
Xroniki tonzillitin əsas simptomları aşağıdakılardır:
-Subyektiv simptomlara boğazda ağrı hissi,
-ağızdan pis qoxu gəlməsi,
-dövri olaraq kazeoz tıxacların əmələ gəlməsi və ya irinin badamcıqlardan ifraz olunması, quru öskürək,
-ümumi zəiflik,
-tez yorulma,
- fiziki və əqli imkanların zəifləməsi,
- bəzən hərarətin uzun müddətli yüksəlməsi
Badamcıqların xroniki xəstəliklərinin əməmlə gəlməsinə səbəb olan faktorlar hansılardır?
Xəstəliyin əmələ gəlməsinə streptokokk qrupundan olan viruslar və adenoviruslar səbəb olur.Virusların badamcıqlaın parenximasına daxil olması səbəbindən patogen mikroorqanizmlərin toksinləri orada patologiya əmələ gətirirlər.Xəstəlik intoksikasiya əlamətləri ilə özünü biruzə verir.Bu xəstəliklər digər orqanlarda da infeksion allergik xəstəliklərin əmələ gəlməsinə səbəb olurlar.Belə ki,xroniki badamcıq xəstəlikləri ürəkdə,böyrəklərdə,əzələlərdə,sümük sistemində bəzi xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
Badamcıqların xroniki xəstəlikləri orqanizmdə hansıı xəstəliklərin əmələ gəlməsində böyük rol oynayır?
Badamcıqların xroniki xəstəlikləri orqanizmdə aşağıdakı xəstəliklərin əmələ gəlməsində böyük rol oynayır: - revmatizm - qlomerulonefrit,ocaqlı nefrit - infeksion-allergik artrit - psorias - xroniki qızılca - endokardit,miokardit,perikardit - poliserozit - polinevrit - periarterit
Müalicəsi necə həyata keçirilir?
Orqanizmin müxtəlif səbəblərdən immunitetinin zəifləməsi nəticəsində əsnək badamcıqlarının selikli qişasına düşən patogen (xəstəlik törədən) mikroorqanizmlər artıb çoxalır, boğazın normal mikroflorasına zərər yetirilir. Bu prosesin qarşısını almaq üçün xroniki tonzillitin müalicəsində aşağıdakı üsullardan istifadə edilir:
-Dərman terapiyası: xəstəliyin müalicəsində antibiotiklərdən, antihistamin preparatlardan, vitaminlərdən istifadə olunur. Eyni zamanda, bu preparatlarla inhalyasiya ən səmərəli üsullardan hesab olunur.
-antiseptik, bakterisid və göbələk əleyhinə maddələrlə əsnək badamcıqlarının həkim tərəfindən yuyulması və ya xəstənin bu maddələrlə qarqara etməsi. Bu məqsədlə dərman bitkiləri dəmləmələrindən də geniş istifadə olunur. Belə ki, çobanyastığı, adaçayı və digər bu kimi bitkilərdən hazırlanmış dəmləmələrlə qarqara edilməsi prosesin aradan götürülməsinə kömək edir
-fizioterapevtik müalicə üsulları, o cümlədən ultrabənövşəyi şüalarla terapiya, elektroforez, ultrasəs fonoforezi çox müsbət nəticələr almağa imkan verir;
Ən çox oxunanlar
Son xəbərlər