Şəhla İbrahimova – Kataraktanın simptomları əsasən dumanlı görmə, görmənin tədricən azalması, və ikiləşmə olur .
Baxılıb: 3 029 Tarix: 18-09-2018 10:48
Katarakta - göz xəstəlikləri arasında ən geniş yayılmış xəstəlikdir. Həkimlə kataraktanın simptomları, yaranma səbəbləri, növləri, diaqnozu və müalicəsi haqqında danışacayıq.
Katarakta nədir?
Göz almasının içərisində hər iki tərəfi qabarıq linzanı xatırladan büllur yerləşır. Büllurun qabarıb, çökməsi bizim gözümüzə fokuslamaq qabiliyyəti verərək, görməmizə kömək edir. Normal büllur şəffaf olur. Lakin müxtəlif səbəblərdən göz bülluru tədricən bulanıq olur ki, bu da görmənin zəifləməsinə və daha sonra korluğa gətirib çıxarır.
Göz büllurunun bulanmasının isə yaşla, travmalarla, radiasiya ilə əlaqəli və ya bəzi somatik və bir sıra digər göz xəstəlikləri kimi bir çox səbəbləri var. Bulanmış büllur katarakta (mirvari suyu) adlanır. Katarktadan əziyyət çəkən şəxslərin görməsi onun bulanma dərəcəsindən asılıdır.
Katarakta yaşla bağlı yaranan xəstəlik olub, əsasən orta yaşdan yuxarı şəxslərdə rast gəlinsə də- yenidoğulmuşlarda, şəkərli diabet xəstələrində, göz nahiyyəsindən travma alan şəxslərdə, uzun müddət kortizolla müalicə alan xəstələrdə də yarana bilər.
Kataraktaya necə diaqnoz olunur?
1.Katarakta diaqnozu gözə tam müayinə olunduqdan sonra qoyulur.
2.Görmı itiliyi yoxlanir
3.Bəbəy genəldilməlidir və göz dibi yoxlanılmalıdır
4.Tonometriya
Kataraktanın simptomları hansılardır?
Xəstəliyin simptomları əsasən dumanlı görmə, görmənin tədricən azalması, və ikiləşmə olur . Bəzən bu xəstələr gündüz vaxtı işığa baxanda gözləri qamaşır, axşam isə daha aydın görürlər. Katarakta yetişdikdə isə büllur tam bulanır və görmə tam itə bilər. Xəstələrə elə gəlirki, göz önündə nəsə var və tez tez gözünü qırpır ki, aydın görməyə nail olsun.
Kataraktası olan pasiyentlərdə, normalda qara rəngdə olan bəbəyin rəngi boz və ya ag rəngdə olur.
Kataraktanın yaranma səbəbləri hansılardır?
1.Orqanizmin qocalması;
2.Ultrabənövşəyi şüalanma;
3.Pis ekologiya;
4.Siqaret çəkmə;
5.Akoholdan sui-istifadə;
6.Qeyri-düzgün qidalanma, piylənmə və hipodinamiya;
7.Hipertoniya xəstəliyi və şəkərli diabet;
8.Kortikosteroid və statinlərin uzunmüddətli qəbulu;
9.İrsi xəstəliklər;
10.Hamiləlik vaxtı keçirilmiş infeksiyalar;
11Göz xəstəlikləri - uveitlər, iridotsiklitlər, qlaukoma, yüksək miopiya;
12Keçirilmiş göz əməliyyatları və gözün travması;
13İşıq və istinin təsiri.
Kataraktanın növləri haqqında nə deyə bilərsiz?
Ön və arxa qütb kataraktası - ağ kəskin sərhədli ləkə şəklində büllurun arxa tərəfində olur. Bu katarakta kiçik ölçüləri səbəbiylə görməni azaltmır. Ona görə də müalicə tələb olunmur.
Qatlı nüvəətrafı katarakta - uşaqlarda kataraktanın ən çox rast gəlinən formasıdır. Bu zaman büllurun şəffaf periferik (göz çevrəsi) ön və arxa qatları ilə mərkəzi arasında bir neçə bulanmış təbəqə olur. Yalnız bəbək genəldikdə bülluru müayinə etməklə bu tip kataraktanı müəyyən etmək mümkündür.
Tac kataraktasında - büllurun periferiyası boyunca müxtəlif, ağ, boz, göy rəngli damcı şəkilli ləkələr müşahidə edilir. İşıq düşdüyü zaman isə göz mavi rəngdə görünür.
Mərkəzi kataraktada - büllurun mərkəzində diametri təxminən 2 mm olan dairəvi bulanma olur. Gözün nüvəsində mikroskopik olaraq büllur liflərinin degenerasiyası və parçalanması baş verir.
İyvari katarakta - mərkəzi kataraktaya oxşar olub, büllurun bir qütbündən digər qütbünə çəkilmiş tutqun, nazik şəkilli olur. Bu növ katarakta görmə problemi yaratmır. Ancaq bəzən mərkəzdə yerləşmiş bulanmada bəbək daraldığı üçün xəstədə pis görmə ola bilər.
Tam yumşaq kataraktada - büllur tamamilə bulanmış olduğu üçün bəbək nahiyəsi boz rəngdə olur. Büllur əvvəlcə durulaşaraq sonradan tədricən sorulur. Nəticədə üzərində ağ, sarımtıl nöqtələr və xətlər olan pərdəşəkilli kataraktka əmələ gəlir. Belə xəstələrdə çox vaxt kiçik göz, çəpgözlük və nistaqm müşahidə edilir.
Fako üsulu ilə katarakt əməliyyatı haqqında nə deyə bilərsiz?
FAKO, katarakt müalicəsinin daha bir üsuludur. Bu üsulla xəstənin gözünə 2,2 mm-lik kəsik ilə müdaxilə olunur. "Viskoelastik gel", xüsusi MAYEDİR. Ondan katarakta əməliyyatında istifadə edilir. "Vikoelastik gel" təbii büllurun digər təbəqələrdən zərərsiz ayrılmasını heç bir zədə almadan təmin edir. Bu gel istifadədə birdəfəlikdir, eyni gel digər xəstə üzərində istifadə edilmir. Ultrasəs dalğaları yaradan qurğu vasitəsi ilə şəffaflığını itirmiş intraokulyar linzalar goz daxilində sındırılır və sorulub çıxardılır. Qatlanan süni linzalar göz daxilində implantasiya edilir. Kəsik o dərəcə cüzidir ki, heç bir tikiş tələb etmir. İnfeksiya təhlükəsinə görə hər iki göz bir gündə əməliyyat edilmir. Əməliyyatlar arası minimum 2 gün olmalıdır.
Katarakta yenidən yarana bilərmi?
Katarakta təkrar əmələ gələ bilməz. Lakin katarakta əməliyyatından sonra göz içi linzanın yerləşdiyi kapsulada bulanma yarana bilər. Bu bulanmış təbəqə YAG lazer adlandırılan parçalayıcı lazerlə açılır. Ancaq bu katarakta əməliyyatı olunduqdan sonra həyata keçirilən müalicədir və cərrahiyə əməliyyatı deyil. Lazer terapiyasından dərhal sonra xəstə gündəlik fəaliyyətinə qayıda bilər.
Oxuculara bu xəstəliyə tutulmamaq üçün hansı məsləhətləri verə bilərsiz?
- Gözlərinizi gündən qoruyun, gün eynəklərdən istifadə edin.
- Düzgün və tam dəyərli qidalanın.
- Siqaret çəkməyin və spirtli içkiləri qəbul etməyin.
Ən çox oxunanlar
Son xəbərlər