Ramil Əfəndiyev-Parlaq işıq miqren ağrıların intensivləşməsinə səbəb olur. Həkim- Nevropatoloqla müsahibə
Baxılıb: 3 500 Tarix: 18-09-2018 10:58
Miqren nədir?
Miqren — başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur. Miqren zamanı baş ağrıları arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları və ya kəllədaxili təzyiqin artması ilə əlaqədar deyil. Miqren ağır formalı birincili baş ağrısının ən geniş yayılmış növüdür. Yayılma dərəcəsinə görə 10% kişilərdə, 22% qadınlarda müşahidə olunur. "Miqren" sözü fransız mənşəli olub, öz növbəsində yunan dilində "başın yarısı" mənasını verən (hemikraniya) sözündən götürülmüşdür.
Ramil həkim zəhmət olmasa,miqrenin növləri haqqında oxucularımızı məlumatlandırardız?
-Auralı miqren
-Aurasız miqren
-Retenal miqren
-Uşaq yaşın miqreni
-Miqren komplikasyonları
Miqren baş ağrılarının 80-85%-i aurasız, 10-15%-i auralı miqren olur. Aura baş ağrısı ataklarında ağrıdan əvvəl dəqiqələr içində yavaş olaraq inkişaf edən 5-20 və 60 dəqiqəyə qədər sürən keçici fokal nevroloji simptomplardır.
Aura simptomplarına aiddir - görmə aurası (gözün önündə qara bulanıq kölgələr görmək hissi şəklində olur) qolunda, üzündə, dodaqda keyimə, qolda hərəkətsizlik, beyin sapı pozğunluqları( baş gicəllənmə, qusma, ataksiya-yerişin dəyişilməsi) şəklində olur.
Miqrenin əlamətləri hansılardır?
Başın bir tərəfində intensiv və döyünən xarakterli ağrılar peyda olur, alın, gicgah və göz nahiyəsini əhatə edir. Parlaq işıq ağrıların intensivləşməsinə səbəb olur. Həmçinin güclü səs və qoxu ağrıları artıra bilir. Ağrılar bəzən gecə yuxuda olan zaman və yaxud səhər saatlarında, oyanma anında xəstəni narahat edir. Lakin gündüz saatlarında miqren ağrılarının intensivləşməsinə daha çox rast gəlinir. Miqren ağrıları zamanı xəstə güclü susuzluq hiss edir, qusma halları ola bilir, parlaq işıq narahat edir, görmə qabiliyyətin birdən zəifləməsi qeydə alınır. Göz önündə müxtəlif fotoeffektlərin peyda olması, danışıq qabiliyyətinin pozulması və güclü yuxu hissləri patoloji bir hal kimi özünü göstərir.
Hansı səbəblər miqrenin yaranmasına səbəb ola bilər?
Miqren baş ağrılarının səbəbi indiyə qədər elmə məlum deyil. Amma bəzi alimlr belə hesab edirlər ki, miqrenin səbəbi əsas ağrı yolu hesab edilən trigeminal sinir sistemində baş verən funksional dəyişikliklərdir.
- Hormonal dəyişiklik. Hormonlar və baş ağrısı arasında dəqiq əlaqə məlum olmasa da müəyyən edilib ki, esterogen səviyyəsində baş verən dəyişikliklər miqreni olan qadınlarda tutmanın baş verməsinə səbəb olur. Miqren tutmaları qadınlarda əsasən menustrasiya önu və ya menustrasiya zamanı baş verir. Bəzi qadınlarda miqren tutmaları hamiləlik və ya menopauza dövründə tezləşir. Hormonal dərmanların qəbulu da miqren tutmalarını tezləşdirir.
- Qida. Bəzi qida növləri miqrenli xəstələrdə tutmalarını tezləşdirir. Bunlara spirtli içkilər (xüsusilə pivə və qırmızı şərab); çox saxlanmış pendirlər; şokalad; qıcqırmış qidalar; kofein; bir çox konservləşmiş qidalar. Ac qalma da baş ağrı tutmalarını artıra bilər.
- Stress. Ağır həftə və ya istirahətdən sonrakı ilk həftənin sonunda miqren tutmaları baş verə bilər.
- Sensor qıcıqlar. Güclü işıq və gün şüaları baş ağrıları törədə bilər. Həm xoş, həm də qeyri-xoş iyilər miqren tutmalarını artıra bilər.
- Yuxu rejiminin pozulması. Həm uzun müddət yatma, həm də yuxusuzluq miqren tutmalarını yeniləyə bilər.
- Fiziki faktorlar. İntensiv fiziki fəaliyyət, cinsi aktivlik miqren tutmalarını təhrik edə bilər.
- Ətraf mühit. Havanın, fəsil və ya barometrik təzyiqin, eləcə də zaman zonasının dəyişməsi miqren tutmalarına təkan verə bilər.
- Dərmanlar. Bəzi dərmanlar miqren tutmalarını artıra bilər.
Miqreni necə müalicə edirsiz?
Miqrenin müalicəsi nəticə versin deyə onun nədən baş verdiyini bilmək lazımdır. O zaman həkim düzgün müalicə taktikası qurub xəstəni sağalda bilər. Əgər bir şəxs həkimə müraciət edənə qədər onda miqren olub-olmadığını bilmək istəyirsə, o zaman əsasən 3 suala cavab verməlidir: "Birincisi, baş ağrısı ilə yanaşı ürək bulanma hissi də yaranırmı? İkincisi, baş ağrısı olanda işıqdan narahat olurmu? Üçüncüsü, baş ağrısı onun gündəlik planlarını təxirə salacaq həddədirmi? Bu sualların ikisinin cavabı pozitivdirsə, deməli, əksər hallarda miqren problemindən şübhələnməyə əsas yaranır". Miqren diaqnozu klinik əlamətlərə əsasən qoyulsa da, başqa problemlərin olub-olmadığını aşkara çıxarmaq üçün digər müayinələrin aparılması da lazım olur. Bəzən miqren əlamətləri ilə yanaşı digər əlamətlər də qeydə alınır və müayinələr zamanı əslində beyində digər problemlərin olduğu ortaya çıxır. Xəstəyə beyindaxili spazmaları götürən və kapillyar damarlarda qan axınını sabitləşdirən dərmanlar verərək ağrıları götürmək mümkündür. Bu zaman baş ağrıları çəkilir və xəstə özünü rahat hiss edir. Eyni zamanda xəstəliyi yaradan əsas səbəb müalicə olunur. Müalicə müddəti miqrenin ağırlıq dərəcəsindən asılı olaraq 2-4 ay davam edir. Nəticədə xəstə birdəfəlik miqren problemindən azad olur. Miqren əslində heç də bir xəstəlik deyil, hər hansı xəstəliyinin əlamətidir. Əgər həmin səbəb tapılıb xəstəlik müalicə olunarsa, o zaman miqren çəkiləcək, xəstəni bir daha narahat etməyəcək.
.
Gündəlik həyatlarında xəstələr nələrə diqqət etməlidirlər?
-Mütəmadi idman etmək;
-Stresdən maksimum dərəcədə uzaq durmaq;
-Spirtli içkilərdən imtina etmək;
-Az və ya çox yatmamaq;
-Baş ağrılarının nə zaman olduğunu dəqiqləşdirmək;
-Uyğun çəkidə qalmaq;
-Müalicə zamanı dərmanlar mütləq şəkildə həkimin tövsiyəsi ilə qəbul edilməlidir.
Ən çox oxunanlar
Son xəbərlər