Türk Dövlətləri Təşkilatı dünya miqyasında öz layiqli yerini tuta bilib. Türk xalqlarını bir-birinə tarixi, dini, etnik bağlar bağlayır. Bir çox dövlətlər, imperiyalar yaratmış türk xalqları bəşəriyyətə dahilər bəxş edib. Türk dünyası ölkələrinin güclənməsi, nüfuzunun artması türk dövlətlərinin bir təşkilat kimi birləşməsinə zəmin yaratdı.Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstan prezidentlərinin iştirakı ilə yaradıldı. Yaradılarkən adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) olub. 2021-ci ildə təşkilatın adında dəyişiklik edilmiş və hazırda Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirir. Qısa müddətdə üzvlərinin sayı 5-ə çatıb, daha 3 dövlət - Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi statusu alıb. Təşkilatın əsas məqsədi türk dövlətləri arasında əməkdaşlığı inkişaf etdirmək, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə işbirliyini təşviq etməkdir. Türk dövlətləri ilə ölkəmiz arasında tarixi, mədəni, iqtisadi və siyasi əlaqələr mövcuddur. Bu əlaqələr birləşməyə və işbirliyinə yönlənmişdir.Bu cəhətdən TÜRKPA-nın önəmi ölkəmiz üçün xüsusi vurğulanmalıdır. Türkdilli Ölkələrin Parlament Assambleyasının məqsədi türkdilli ölkələrin parlament strukturları arasında əməkdaşlığın genişləndirilməsindən ibarətdir. Üzv ölkələr arasında elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılan qurum, TÜRKSOY 1993-cü ildə təsis edilib və qərargahı Ankarada yerləşir. Bunlarla yanaşı, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası, Türk Ticarət və Sənaye Palatası, Türk İnvestisiya Fondu da yaradılıb.Naxçıvan Sazişinə uyğun olaraq ildə bir dəfə TDT-nin Zirvə görüşləri və bir gün öncə TDT Xarici İşlər Nazirləri Şurasının görüşləri keçirilir. TDT-nin bu günədək doqquz Zirvə Görüşü (Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul və Səmərqənd) keçirilib. Həmçinin 31 mart 2021-ci il və 16 mart 2023-cü il tarixlərində TDT-nin Növbədənkənar Zirvə görüşləri baş tutdu. TDT-nin bu günə qədər keçirilmiş bütün Zirvə görüşlərində tərəflər "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi"nin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həllinin vacibliyini vurğulayıb və münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya işlərinə töhfə verməyə hazır olduqlarını bildiriblər. 2019-cu ilin 15 oktyabr tarixində Bakı şəhərində TDT-nin 7-ci Zirvə görüşü keçirildi və Özbəkistanın təşkilata üzvlüyü təsdiq edildi. Həmçinin Zirvə görüşündən bir gün əvvəl Biznes Forum keçirildi. Həmin Zirvə görüşündən sonra təşkilata sədrlik Azərbaycan Respublikasına keçmişdir. 2021-ci ilin 12 noyabr tarixində İstanbulda keçirilən 8-ci Zirvə görüşündə təşkilata sədrlik Azərbaycan Respublikasından Türkiyə Respublikasına ötürülüb. Bu görüşdə təsdiq olunmuş "Türk Dünyası Baxışı 2040" sənədində Azərbaycanın işğaldan azad olunmuş Qarabağ bölgəsinin "Yaşıl enerji" zonasına çevrilməsi işlərində TDT-yə üzv dövlətlərin iştirakı xüsusi vurğulandı. 2022-ci ilin 11 noyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində təşkil olunmuş TDT-nin 9-cu Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib və görüşdə vacib qərarlar qəbul olunub. Həmçinin Kubanıçbek Omuraliyev TDT-nin yeni baş katibi təyin edilib.
Azərbaycan Türk Şurasının (Türk Şura Təşkilatı) aktiv üzvlərindən biridir. Pandemiya dövrünə təsadüf etsə də ölkəmiz 2020-ci ildə təşkilata uğurlu sədrlik edib. Prezident İlham Əliyev cari il sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və "Bakı-2023" beynəlxalq təliminin iştirakçılarını qəbul edib. Qəbulda Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliyev, eləcə də Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kiprin aidiyyəti nazirliklərinin rəhbərləri iştirak ediblər.
Dövlət başçısı bildirib ki, Türk dünyası böyük bir ailədir və şadam ki, son illər ərzində bütün üzv və müşahidəçi ölkələr tərəfindən təşkilata böyük dəstək göstərilir: "Təbii ki, növbəti illərdə də bu dəstək göstərilməlidir. Bu gün dünya miqyasında Türk Dövlətləri Təşkilatı öz layiqli yerini tuta bilibdir. Ancaq bundan sonra da fəal çalışmalıyıq ki, bizim təsir imkanlarımız daha da geniş olsun. Burada əlbəttə ki, həm qarşılıqlı yardım, eyni zamanda iqtisadi əlaqələrin gücləndirilməsi, siyasi müstəvidə daimi koordinasiya və məsləhətləşmələrin aparılması, təhlükəsizlik sahəsində qarşılıqlı yardım, yəni bütün bunlar önəmli amillərdir və bizim birliyimizi daha da gücləndirəcək. Əminəm ki, yaxın gələcəkdə bizim təşkilatımızın dünyadakı mövqeyi və rolu daha da artacaqdır. Bir daha demək istəyirəm ki, Azərbaycan üçün türk dövlətləri ilə əlaqələr xarici siyasətdə birinci dərəcəli vəzifədir...".