"Nəqliyyatın qiyməti artırılarkən insanların sosial və iqtisadi imkanları mütləq nəzərə alınmalıdır" - AÇIQLAMA
Baxılıb: 753 Tarix: 29-09-2025 15:20

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib.
İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edildi və yeni tariflər təsdiqlənib:
- Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik;
- Müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik;
Bəs görəsən bu artım əhalinin sosial həyatına necə təsir edəcək?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Sonxeber.az -a açıqlama verib:
"Nəqliyyatın qiyməti artırılarkən insanların sosial və iqtisadi imkanları mütləq nəzərə alınmalıdır. Bunun üçün xüsusi olaraq ekonometriya əsaslı qiymətləndirmə aparılmalı, ictimai nəqliyyatdan istifadə edən vətəndaşların real gəlir səviyyəsi öyrənilməlidir. Çünki əsasən aztəminatlı insanlar ictimai nəqliyyata üstünlük verirlər. Belə olan halda qiymət artımı onların gündəlik həyatına ciddi təsir göstərə bilər.
Digər tərəfdən, ictimai nəqliyyatda qiymətlərin yüksəlməsi sərnişinləri alternativ variantlara – taksi və şəxsi avtomobil istifadəsinə yönəldə bilər. Bu isə həm xərclərin artmasına, həm də şəhər yollarında əlavə tıxacların yaranmasına səbəb olur. Halbuki müasir şəhər idarəçiliyində əsas məqsəd ictimai nəqliyyatdan istifadəni artırmaq, şəxsi avtomobillərə olan tələbatı azaltmaq və yollardakı yüklənməni minimuma endirməkdir.
Bundan əlavə, qiymət artımı yalnız iqtisadi amil kimi deyil, həm də sosial nəticələri ilə birlikdə dəyərləndirilməlidir. Əgər ictimai nəqliyyat əlçatan olmazsa, bu, həm vətəndaşların sosial ədalət hissinə, həm də ümumi şəhər həyatının keyfiyyətinə mənfi təsir göstərəcək.
Nəticə etibarilə, ictimai nəqliyyatda qiymət artımı məsələsinə sadəcə iqtisadi yox, həm də sosial, ekoloji və şəhərsalma baxımından yanaşmaq vacibdir. Qərar qəbul edilərkən həm insanların maddi imkanları, həm də şəhərin uzunmüddətli inkişaf maraqları diqqətlə nəzərdən keçirilməlidir".
Qeyd edək ki, yeni tariflər oktyabrın 1-dən qüvvəyə minəcək.
Çiçək Sadatova
Ən çox oxunanlar
Son xəbərlər