Abituriyentlər üçün məsləhət mərkəzi - Foto

Dövlət İmtahan Mərkəzi ilə Azərbaycan Universiteti arasında əldə edilmiş razılığa əsasən 2018-ci ildə yaradılan Abituriyent Məsləhət Mərkəzi fəaliyyətini uğurla davam etdirir.
Qanunvehedef.az xəbər verir ki, Məsləhət Mərkəzinin məqsədi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə, eləcə də subbakalavrlara tələbə qəbulu qaydaları haqqında məlumat vermək, ixtisas və universitet seçimi prosesi ilə bağlı peşəkar dəstək və məsləhət xidməti göstərməkdir.
Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasında fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizə dəstəyi, “Abituriyentin elektron ərizəsi”nin doldurulması və təsdiq edilməsi zamanı qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər kimi xidmətləri ödənişsiz əsaslarla təqdim edir.
Mərkəz fəaliyyət göstərdiyi illər ərzində vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsi və müraciətlərin operativ həlli sahəsində qazandığı müsbət təcrübə və səmərəli fəaliyyəti ilə özünü təsdiqləyib.
Gələcəyini peşəkarlarla birlikdə planlaşdırmaq istəyən abituriyentlər və subbakalavrlar Dövlət İmtahan Mərkəzinin elan etdiyi ixtisas seçimi günlərində texniki dəstək və məsləhət xidməti üçün mərkəzin xüsusi təlim keçmiş əməkdaşlarına müraciət edə bilərlər.
Qanunvehedef.az





















