FHN təlim keçirdi - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən H.Əliyev adına Neft Emalı Zavodunun “Müvəqqəti Modernizasiya Lahiyələndirmə” ofis binasında yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirib.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların emal edildiyi, strateji əhəmiyyət kəsb edən obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı Müvəqqəti Modernizasiya Lahiyələndirmə ofis binasında baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.
Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 9 texnika və 48 nəfər şəxsi heyəti cəlb olunub.





















