ATU-da Türkiyə universitetinin nümayəndələri ilə görüş - Fotolar

Azərbaycan Tibb Universitetində (ATU) Türkiyənin Atlas Universitetinin (AU) rektoru, professor Ersoy Kocabıçakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qanunvehedef.az xəbər verir ki, görüşdə rektor, professor Gəray Gəraybəyli Azərbaycan və Türkiyə arasında mövcud strateji tərəfdaşlığın ali tibb təhsili sahəsində də uğurla davam etdirilməsindən söz açıb.
ATU-nun beynəlxalq əlaqələrinin daha da genişləndirilməsini prioritet xətt kimi dəyərləndirən rektor xüsusilə Türkiyənin ali təhsil müəssisələri ilə qurulan əməkdaşlığın universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi tədqiqatların inkişafı və tibbi xidmət sahəsində müasir təcrübənin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Qardaş ölkənin ali təhsil müəssisələri ilə imzalanan çoxsaylı əməkdaşlıq müqavilələri və memorandumları da nəzərə çatdıran Gəray Gəraybəyli qeyd edib ki, bu əlaqələr iki ölkənin səhiyyə sistemləri arasında təcrübə mübadiləsini gücləndirərək, müasir tibbi texnologiyaların tətbiqi, klinik xidmətlərin keyfiyyətinin yüksəldilməsi və gələcəkdə birgə beynəlxalq, elmi-tədqiqat layihələrinin həyata keçirilməsinə imkan yaradır.
Rektor bu baxımdan, AU ilə qurulacaq əlaqələrin də qarşılıqlı fayda və səmərəli tərəfdaşlığa əsaslanacağına, ümumi əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini vurğulayıb.
G.Gəraybəyli daha sonra qonaqları ATU-nun instutisional akkreditasiya, tədris proqramlarının isə beynəlxalq akkreditasiyadan uğurla keçməsi, növbəti beynəlxalq akkreditasiya mərhələsinə hazırlıq prosesi, universitetdə yeni ixtisas və proqram yenilənmələri üzrə fəaliyyət, Türk Dövlətlər Təşkilatı Türk Universitetlər Birliyinin üzvü olan universitetlər arasında tələbə və müəllim mübadiləsini dəstəkləyən “Orhun” mübadilə proqramı, ATU Elmi Araşdırmalar Mərkəzində həyata keçirilən tədqiqatlar, universitetdə startapların inkişafının dəstəklənməsi və s. məsələlər haqda da ətraflı məlumatlandırıb.
AU-nun rektoru, professor Ersoy Kocabıçak da Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təhsil və elm sahəsində də uğurla inkişafından məmnunluğunu ifadə edib. Tədrisin keyfiyyətinin artırılması, elmi tədqiqatların inkişaf etdirilməsi və beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində beynəlxalq əlaqələrin dərinləşdirilməsinin vacibliyinə toxunan Ersoy Kocabıçak xüsusən də Azərbaycanla bu istiqamətdə münasibətlərin genişləndirilməsinə yüksək marağın olmasını xatırladıb.
Təmsil etdiyi universitetin tarixi, fakültə və ixtisasları, elmi-tədqiqat potensialı, tibb və səhiyyə elmləri üzrə güclü bazaya malik olmasından da söz açan Ersoy Kocabıçak AU-nun yeni yaranmasına baxmayaraq, artıq bir çox istiqamətlər üzrə mühüm nailiyyətlərə imza atdığını qeyd edib.
Əlaqələrin inkişafı üçüb perspektivli sayılan istiqamətlər üzrə aparılan geniş fikir mübadiləsindən sonra tərəflər arasında memorandum imzalanıb.
Rektorlar - Gəray Gəraybəyli və Ersoy Kocabıçak tərəfindən imzalanan memorandum Azərbaycan Tibb Universiteti ilə Atlas Universiteti arasında təhsil, elm, səhiyyə, innovasiya, elmi-tədqiqat sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.


























