Prokurorluğun cinayət işi açdığı şirkətlər kimə məxsusdur?
Baxılıb: 571 Tarix: 07-06-2018 17:59
İyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün dağılaraq uçmasına səbəb kimi elə ilk gündən çay yatağında daş-çınqıl karxanalarının fəaliyyəti göstərilirdi.
Qanunvehedef.az Axar.az-a istinadən xəbər verir ki, çay məcrasında yaranmış acınacaqlı duruma müvafiq strukturların vaxtında əhəmiyyət verməməsi fəlakətin miqyasını artırıb.
Ekspertlərin fikrincə, Göyçay çayı daim gursulu olub. Hətta ötən iki il ərzində çayda suyun səviyyəsi builkindən çox olub. Bu da onu deməyə əsas verir ki, rayonu iki hissəyə ayıran strateji körpünün uçmasına səbəb çay məcrasında aparılan işlərdir.
Yol-nəqliyyat eksperti Ərşad Hüseynovun da fəlakətə səbəbin sel deyil, çay məcrasındakı işlər olduğunu bildirib:
“Çay məcrasında iş aparmaq olmaz və təhlükəlidir. “Avtomobil yolları haqqında” Qanuna əsasən, körpülərdən hər iki istiqamətdə 1 kilometrlik zonada çay yatağında yol işlərindən kənar bütün işlər, xüsusən də çınqıl çıxarılması buna görə qadağan edilib”.
Qadağaya baymayaraq sözügedən ərazidə indiyə qədər ya gizlin, ya da aşkar işlər aparılıb. Hətta Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi də hadisəylə bağlı daşqın olan ərazidə “Göyçay” qum-çınqıl yatağında istismar dövründə qanunsuz istifadə etməklə qum-çınqıl qarışığına görə əvvəllər fəaliyyət göstərmiş “Real İnşaat”, “Elnicat”, “Azpod”, “Attinak”, ATF MMC-ləri, Azəraqrartikinti ASC-nin Göyçay filialı, “Bayburt Qrup” Anonim şirkətinə və Şahid İsmayıl oğlu İsmayılov, Tahir Səlim oğlu Əliyev adlı fiziki şəxslərə cinayət işi açıb.
Yuxarıda adı qeyd edilən MMC-lərin kimə məxsus olması ilə bağlı məlumatlar məhduddur. Lakin məlum olan odur ki, hələ 2014-cü ildə Göyçayın sabiq icra başçısı Mübariz Ağayev tərəfindən sözügedən şirkətlərlə bağlanmış müqavilələrə xitam verilib, ərazidə iş aparılması qadağan edilib. Rəsmi məlumata əsasən, qadağaya baxmayaraq, müqaviləsi ləğv edilmiş karxanalar gizli yolla çay məcrasından material götürüb, qeyri-qanuni fəaliyyət göstəriblər. Bununla da Göyçay çayının məcrasını dərinləşdirərək uçqunun baş verməsinə səbəb olublar.
Musavat.com iddia edir ki, son 10-12 il ərzində uçqun olan ərazidə sabiq nəqliyyat naziri Ziya Məmmədovun 2, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun və rayonun keçmiş icra başçısı Mübariz Ağayevin hərəsinin 1 şirkəti olub.
Maraqlıdır, Baş Prokurorluğun cinayət işində adını çəkdiyi yuxarıdakı şirkətlər keçmiş nazirlər və başçı ilə nə dərəcədə əlaqəlidir?
Qeyri-rəsmi məlumatlarda ərazidə iş aparan şirkət kimi ən çox ATF MMC-nin adı çəkilir. Həmçinin prokurorluğun da yaydığı məlumatda sözügedən MMC-nin adının hallandırılması daşqına səbəb olan əsas şirkətin o olduğunu deməyə əsas verir. Məlumata görə, məhz ATF MMC qadağan olunmuş ərazidə, çayın axarında çınqıl zavodu tikib.
Hələ uzun müddət öncə rayon sakinləri rayondakı problemlərlə əlaqədar şikayətlərində çay məcrasında çınqıl-beton, qum istehsal edən şirkətlərin işlərinin müəyyən limit çərçivəsində tənzimlənməyəcəyi təqdirdə böyük fəlakətlər baş verəcəyini bildirmişdilər.
Xatırladaq ki, iyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün dağılaraq yararsız hala düşməsi ilə bağlı cinayət işi başlanıb.
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (erin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Səfər oğlu Qasımova, Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edilib.
Müəyyən edilib ki, “Göyçay” qum-çınqıl yatağında istismar dövründə qanunsuz istifadə etməklə qum-çınqıl qarışığına görə əvvəllər fəaliyyət göstərmiş Real İnşaat MMC tərəfindən 191440 manat, Elnicat MMC tərəfindən 356400 manat, Azpod MMC tərəfindən 950400 manat, Attinak MMC tərəfindən 1372800 manat, ATF MMC tərəfindən 316800 manat, Azəraqrartikinti ASC-nin Göyçay filialı tərəfindən 495000 manat, “Bayburt Qrup” Anonim şirkəti tərəfindən 314160 manat, fiziki şəxslər Şahid İsmayıl oğlu İsmayılov tərəfindən 184800 manat və Tahir Səlim oğlu Əliyev tərəfindən 110880 manat təbiətə ziyan dəyib.
Ən çox oxunanlar
Son xəbərlər