Xalqın rəğbətini, xüsusilə də məhəbbətini qazanmaq asan deyil. Bunun az qismi taleyin köməyi ilə, çoxu isə səy hesabına qazanılır. Tale adama yol açır, səy isə bu yolu davam etdirir. Adətən düşünürlər ki, hörməti olan üçün məhəbbəti qazanmaq asandır. Amma iltifat qazanmaqdan ötrü təkcə yaxşı cəhətlərin olması azdır, xeyirxahlıq etmək lazımdır. Bu oçerkdə haqqında söz açdığım, xəmiri xeyirxahlıqla yoğrulan insan Əliyeva Sevda Gülməmməd qızıdır.
Teatr təşkilatçısı, mədəniyyət işinin böyük təəssübkeşidir. Dəfələrlə teatr işinə göstərdiyi köməkliyə görə “Yuğ” Dövlət Teatrının və başqa mədəniyyət ocaqlarının diplom və təşəkkürnamələrini qazanıb. Təşkilatçısı olduğu “Dörd bacının bir qardaşı” şou teatrının kollektivi saölamlıq imkanları məhdud gənclərin qarşısında rəngarəng proqramlarla çıxış etmiş, onlara gülüş payı, sevinc sovqatı bəxş etmişdir. Yəqin həm də ona görədir ki, Sevda xanım elə ilk baxışda yüksək mədəniyyəti, olduqca xoş aurası ilə diqqəti çəkir. Amma məziyyətlərinin ən üstünü məhz xeyirxahlığı və xeyirxahlıq naminə fədakarlığıdır.
XEYİRXAHLIĞIN SEVDALISI
Baxılıb: 652 Tarix: 30-03-2021 10:30

VII əsrdə yaşamış böyük ispan mütəfəkkiri Qrassian deyib: “Yaxşılıq bütün kamilliklərin mərkəzində durur, bütün sevinclərin əsas mənbəyidir. O, insanı ağıllı, diqqətli, uzaqgörən, düşüncəli, müdrik, mərd, ehtiyatlı, safürəkli, xoşbəxt, tərifəlayiq, həqiqi və universal qəhrəmana çevirir. Yaxşılıq bizim balaca dünyanın günəşidir, təmiz vicdan isə onun göy qübbəsidir. Bu gözəl xüsusiyyət həm Allahın, həm də insanların məhəbbətini qazanmışdır. Yalnız yaxşılıq həqiqidir, qalan hər şey saxtadır. İnsanın dərinliyi və böyüklüyü onun bəxti ilə deyil, etdiyi yaxşılıqlarla ölçülür, çünki yaxşılıq hər şeydən üstündür və heç bir şeydən asılı deyil”.
Biz bilirik ki, mədəni jestlər, eleqant geyimlər altında çox vaxt ən vəhşi ehtiraslar mürgüləyir. Adamlar var ki, inadla yaxşılıq etmək istəmirlər. Bu, onların imkansızlıqlarından deyil, acıqlı və kinli olmalarından, bəlkə də nə vaxtsa başqa insanlardan gördükləri pisliklərdən irəli gəlir. Sevda xanımı səciyyələndirən əsas xüsusiyyətləri onun həmişə nikbin, mənfi emosiyalardan uzaq olması, paxıllığın, küdurətin, küsü saxlamağın nə olduğunu bilməməsi, təmənnasızlığıdır. Pandemiya ilə əlaqədfar teatrda əmək fəaliyyətinə ara verəndən sonra Sevda xanım həmkarlarının – mədəniyyət işçilərinin hamısının əzbər bildiyi bir ehkamı xatırladı: “Həyat bir teatr səhnəsidir, hərə öz rolunu oynayır”. Və o da həyat səhnəsində öz rolunu ehtiyacı olanlara yaxşılıq etməkdə gördü. Darda qalanların imdadına tələsdi, çətinə düşənlərə, əlsiz-ayaqsızlara, fəqir-füqəraya kömək əlini uzatdı, büdrəyənlərin qolundan yapışdı, kəmi olanların kəsirini ödədi. İlk əvvəllər qonum-qonşudan, qohum-əqrəbadan, dost-tanışdan başladı, sonralar çevrə tədricən böyüdü. Ehtiyacı olanı imkanlı ilə calaşdırdı. Ünsiyyətcilliyi, müşahidəsi, insanları tanımaq fəhmi, niyyətləri oxuya bilmək bacarığı ilə varlı ilə kasıb arasında körpü saldı. Bir də baxıb gördü ki, heç tanımadığı, yatsa yuxusuna belə girməyəcək adamların harayına yetişir. Başqalarına əl tutmaq, savab qazanmaq istəyənlərin də axtardığı şəxsə çevrildi. Onun evinin ünvanı, telefonunun nömrəsi əldən-ələ gəzdi, vatsap paylaşımları izləmə rekordu vurdu, çağırışları ani reaksiya doğurdu.


Müharibə başa çatandan sonra olub ki, əyalətlərdən paytaxta müalicəyə gəlmək istəyən qazi yol pulu tapmaqda çətinlik çəkib, Sevda xanım xəbər tutcaq dərhal dostlarını səfərbər edib, həmin qazinin nəinki nəqliyyat, hətta müalicə xərcini də qarşılayıb. Müalicə müddəti uzananda xəstənin Bakıda xeyli vaxt qala bilməsi üçün ev də təşkil edib. Olub ki, paytaxtdakı hospitala müalicə üçün gələn qazi bürokratik əngəllə qarşılaşıb, Sevda xanım ona kömək etmək üçün əlaqələrini işə salıb, süni maneələri aşmaqda kömək edib, axır məqsədinə nail olub, hospitala yerləşdirib. Kütləvi şəkildə paylaşmadığı fotoşəkillər şahiddir ki, Sevda xanım şəhid ailələrinə, müharibə əlillərinə, Vətən müharibəsi qazilərinə tez-tez baş çəkir, onların qayğıları ilə məşğul olur, qarşılaşdıqları bürokratik sədlərin dəf edilməsində keyfiyyətli hüquq xidmətləri almaları üçün vasitəçi olur. Hətta bu müstəvidə fərqləndiyinə görə 20 saylı Vəkil Bürosu ona təşəkkür elan etmişdir.



Sevda xanımın ona elə bu dünyadaca rəhmət qazandıran savab əməllərini sadalamaqla qurtaran deyil. Ancaq o, “sağ əlin verdiyini sol əl bilməməlidir” prinsipinə sadiq olaraq, özü haqda danışmağı kamilliyə zidd hesab edir. Bilir ki, müdriklər də tövsiyələrində təvazökarlıqdan uzaq olan bu hərəkəti məsləhət görməyiblər: “Ya özünü tərifləməli olacaqsan – bu, lovğalıqdır, ya da pisləməli olacaqsan – bu da miskinlikdir”. Əslində isə heç qürrələnməyə, gördüyü işlərdən danışmağa vaxtı da yoxdur. Maraqlıdır ki, Sevda xanımın ətrafında formalaşmış, yalnız rəsmi qeydiyyatdan keçməyi qalan xeyriyyəçilər cəmiyyətinin üzvləri də onun comərd xüsusiyyətlərinə bələd olduqları üçün eynən onun özü kimi təvazökar, özünüreklamdan uzaq adamlardır.



Bir otaqlı mənzildə yaşayan, sadə həyat tərzi keçirən Sevda xanımın yaxşılığından faydalanan çoxları heç onun soyadını belə bilmirlər, amma ümidlərini qidalandıran bu Azərbaycan Qadınına səmimiyyət dolu, doğmalıq intonasiyalı nidalarla “Sevda Ana”, “Sevda Bacı”, “Sevda Xanım” deyə müraciət edirlər.
İnsanların sosial problemlərinin həllində hökumətə etibarlı tərəf müqabili olan Sevda xanım kimi insanlara cəmiyyətin həmişə ehtiyacı var. Onun kimilərin şəxsiyyəti bir insan materialı kimi öyrənilməli, tədqiq edilməli, yetişməkdə olan nəslə nümunə göstərilməlidir. Qoy, bütün ilahi buyuruqları ilə, vəhyləriylə peyğəmbərlərə, ümmətə yaxşılıq təlimi göndərən qadir Allah xeyirxahlıq mücəssəməsi kimi yaratdığı Sevda xanıma uzun ömür, can sağlığı bəxş etsin.
Nüşabə Əhməd
Ən çox oxunanlar
Son xəbərlər