Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Əlbir olub sələmçiylə məhkəmə...

Baxılıb: 1 012     Tarix: 30-03-2021 11:15   

İnsanlar sələmi ilə borca girməyə az hallarda qazanc götürmək perspektivi yarananda risk edir, çox hallarda isə kritik vəziyyətlərdə - məsələn, həyat və sağlamlıqları, namus və şərəfləri üçün ciddi təhlükə olanda məcbur qalırlar. Sələmçi bir qayda olaraq işini ehtiyatlı tutub borcu girov müqabilində verir. Girov kimi çox vaxt daşınar və daşınmaz əmlaklar – bahalı zinət əşyaları, avtomobil, ev, obyekt, qiymətli hüquqmüəyyənedici sənədlər çıxış edir. Götürülən girovun dəyəri əksər hallarda özündə həm verilən borcun, həm də onun müəyyən dövr üçün yaradacağı faizinin cəmini və hətta bir az da artıq dəyəri ehtiva edir. Şərti də adətən üstün mövqedə olan borcverən diktə edir, çünki borcgötürənin uzun müzakirəyə vaxtı olmur. Sələmçilər heç bir sənəd vermədən, qarşı tərəfin maliyyə vəziyyətini qiymətləndirmədən, ona məxsus əmlakını dəyər-dəyməzinə girov götürərək istədiyi faizi də pulun üstünə qoyaraq borca pul verir. Bu proses rəsmiləşdirilmədiyindən nəzarətsizdir və hər hansı problem yaranarsa, qanuni yolla həll etmək qəlizləşir. Sələmçi xeyli faiz götürdükdən sonra girovu mənimsəyə, geri verməyə də bilər. Faizlə borc vermək rəsmi fəaliyyət göstərən bankların, bank olmayan kredit təşkilatlarının, lombardların işidir ki, bu işdən götürdükləri qazanca görə dövlətə gəlir vergisi ödəyirlər. 

Sələmçilik və din

Sələm yalnız İslam dinində deyil, səmavi dinlərin hamısında haramdır. Faiz haqqında bir çox hədisi-şəriflər vardır. Quranı-Kərimdə Bəqərə surəsi 275-ci ayəti-kəriməsində, “Sələm (faiz) yeyənlər Qiyamət günü qəbirlərindən cin vurmuş kimi qalxarlar. Bu, onların “alış–veriş də sələm kimi bir şeydir” – dedikləri ucbatındandır. Halbuki, Allah alış-verişi halal, sələm almağı isə haram (qadağan) etmişdir...” – deyə buyurulur. Sələmlə məşğul olanlar Allahla müharibə etmiş olurlar. Bunu, Yaradan özü Qurani-Kərimdə buyurur və onları doğru yola dəvət edir: ”Ey iman gətirənlər! Əgər doğrudan da iman gətirmişsinizsə, Alllahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin (onu borclulardan almayın). Əgər belə etməsəniz, o zaman Alllaha və onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz. nə də sizə zülm olunar! (Əl-Bəqərə, 278-279)”.
Azərbaycanda məsələn, qonşu İrandan fərqli olaraq din dövlətdən ayrı olsa da, ölkəmizin əhalisinin 99 faizi müsəlmandır. Adi vətəndaşların dini ehkamları bir kənara qoyub bir-birinə sələmi ilə borc verməsi dövlətə aşkarlandığı təqdirdə qeyri-qanuni sələmçiliklə məşğul olan şəxs üçün məsuliyyət yaranır. Bu aşkarlanma adətən, borclunun borcu, sələmi qaytara bilmədiyi təqdirdə onunla borc yiyəsi arasında yaranan mübahisə böyüyüb məhkəmə müstəvisinə çıxanda baş verir. Ədalətli məhkəmə birmənalı şəkildə borclunu faiz ödəməkdən azad etməli, o vaxta qədər ödəmiş olduğu faizi isə əsas borcundan çıxmalıdır. Bundan başqa, borclunun borcu qaytarması üçün ağlabatan müddət ayrılmalıdır.
 
Sələmçilik və qanun

Qanunun sələmçiliyə münasibətini öyrənmək üçün internet üzərindən apardığımız axtarış nəticəsində iki hüquqşünas ekspertin bu mövzuda KİV-ə verdikləri rəylərinə rast gəldik. "VHS Consulting Hüquq MMC"nin direktoru, hüquqşünas Vüqar Səfərlinin sözlərinə görə, ayrı-ayrı şəxslərin sələm vermək səlahiyyətləri yoxdur: “Bu, özü özlüyündə cinayət məsuliyyətinə səbəb olan hallara gətirib çıxarır. Əgər sələmçi sələmə verdiyi pulun müqabilində girova götürdüyü əmlakı mənimsəyərsə, əlbəttə, borclu hüquq mühafizə orqanlarına müraciət etməlidir. Bu zaman sələmçinin əməlinə müvafiq olaraq cinayət işi açılacaq. Həmçinin əmlakı mənimsənilən borclu mülki iddia da qaldıraraq əmlakını və onda dəymiş digər maddi zərərin əvəzini tələb etməlidir... Çox vaxt sələmçilərə müraciət edənlər düşünür ki, sələmə aldıqları pul və bunun müqabilində qoyduqları girov rəsmiləşdirilməyib. Buna görə də sələmçi tərəfindən onların ünvanına baş verə biləcək hər hansı hüquqa zidd əmələ görə aidiyyatı orqanlara müraciət etmək faydasızdır. Deyək ki, şəxs evini sələmçiyə girova qoymaq müqabilində ondan pul götürüb. Adətən belə hallarda sələmçilər pul verdikləri şəxslərlə həmin girova götürdükləri mənzillə bağlı notarial qaydada alqı-satqı müqaviləsi imzalayırlar. Zərərçəkmiş buna görə də hesab edir ki, onsuz da onun mənzili əldən gedib. Heç cür haqqını tələb edə bilməz. Bildirmək istəyirəm ki, burada niyyət önəmlidir və qanunsuz əqdin etibarsızlığı məsələsi var. Mülki qanunvericiliyimizə görə, qanunsuz, tərəflərin iradəsinə zidd olaraq və s. hallarla bağlanan əqdlər bağlandığı andan etibarsızdır. Buna görə də məsləhət görürəm ki, sələmçilərin hərəkətlərindən bu və ya digər formada zərərçəkmiş şəxslər hüquqlarının müdafiəsi üçün aidiyyəti orqanlara müraciət etsinlər".
Sələmçilik fəaliyyətini tənzimləyən heç bir qurum və hüquqi sənəd yoxdur. Dövlət iki insan arasında bağlanan borc müqaviləsinə müdaxilə edə bilmir. Çünki müqavilə ilə verilən borcun sələm olub-olmadığı bilinmir.
Hüquqşünas, bank mütəxəsisi Əkrəm Həsənov isə deyir ki, Azərbaycanda sələmçilik fəaliyyəti qanunla qadağan edilmir. Onun sözlərinə görə, bunun üçün yalnız 2 tələbə əməl etmək vacibdir: “Qanun sələmçilik fəaliyyətini qadağan etmir. Hər bir vətəndaş faiz müqabilində borc verə bilər. Verdiyi borc pul başqasının deyil, özünün olmalıdır və əldə etdiyi faiz gəlirindən vergi verməlidir. Mən hələ eşitməmişəm ki, hansısa vətəndaş öz faiz gəlirindən vergi ödəsin. Qanunsuzluq başqasının pulunu vermək və vergi ödəməməklə bağlıdır... Qanunvericiliyə görə, başqasının pulunu verən lisenziya almalıdır, öz pulunu verən isə lisenziya almaya bilər... Burada istehlakçı hüquqları da pozulur, yüksək faiz səbəbindən borc götürənlər pis vəziyyətə düşür. Bu cür borcları qayatara bilməyən şəxlərin bəzilərinin intihar etməsinə dair məlumatlar da var”.
Belə çıxır ki, hüquq-mühafizə, cinayət təqibi orqanları, məhkəmə təkcə qanunsuz sələmçiliklə məşğul olma faktına deyil, həm də başqasının pulunu götürüb sələmə vermə faktına da hüquqi qiymət verməli, sələmçini məsuliyyətə cəlb etməlidir. Ancaq təəssüf ki, praktikada bunun əksinə də rast gəlinir. Hüquq-mühafizə orqanları nədənsə bu qəbildən olan faktlara göz yumur, borc bataqlığına düşərək intihar həddinə çatmış insanları deyil, sələmçiliklə izafi kapital əldə etmək istəyən şəxslərin tərəfində dururlar.

Üçqat fayda verən “passiv” qazanc

Redaksiyamıza Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 98, mənzil 34 ünvanda yaşayan Mirzəliyeva Dilbər Aydın qızının ərizəsi daxil olmuşdur. Dilbər xanım bildirir ki, 2015-ci ildə xərçəng xəstəliyi ilə müalicə almış, buna görə 30000 manatdan çox borca düşmüşdür. Həmin borcu qaytarmaq üçün onun həyat yoldaşı Mirzəliyev Xaqaninin tanışı Hafiz adlı şəxsin vasitəsilə tanıdığı İspiyev Mübarizdən 31500 ABŞ dolları məbləğdə pulu aylıq 10 faiz qaytarmaq şərtilə faizə götürmüşdür. M.İspiyev ona və ailəsinə məxsus olan ünvanı göstərilən 120-150 min manat dəyərli 2 otaqlı mənzili 31500 ABŞ dolları borcunun əvəzinə görə 08.06.2015-ci il tarixdə Bakı şəhərindəki 11 saylı notariat kontorunda 51000 manatlıq alqı-satqı müqaviləsi ilə öz arvadı Məmmədova Gülbəniz Arif qızının adına rəsmiləşdirmiş, lakin o, borcunu qaytara bilmədiyi üçün İspiyev Mübariz ona məxsus evi qaytarmaq üçün ondan 75000 manat pul tələb etmişdir. Borc verərkən, Mübariz 1500 manat bürokratik xərclər üçün, eləcə də 3000 manat birinci ay üçün faiz saxlamış, Xaqaniyə cəmi 27000 manat pul vermişdir.
 
Dəbbələnmiş iddia

Məmmədova Gülbəniz Arif qızı Nəsimi rayon məhkəməsinə müraciət edərək, Mirzəliyevlər ailəsinin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılaraq ona təhvil verilməsi tələbi irəli sürmüş, üstəlik, cavabdehlərdən 7650 manat dəbbə pulu və 10500 manat məbləğində zərərin dəbbə pulundan artıq hissəsi olaraq 2850 manat məbləğində dəymiş zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi rayon məhkəməsinin 2(006)-826/2019 saylı mülki iş üzrə 15 Mart 2019-cu il tarixli qətnaməsi ilə Mirzəliyevlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi, ailənin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və iddiaçı Məmmədovaya təhvil verilməsi qət edilmişdir. İddia digər hissədə (dəbbə pulu və zərər qarşılığında pulun tutulması) təmin olunmamışdır.

Qaz kəsib qazan dolduranlar

D.Mirzəliyeva bildirir ki, G.Məmmədova özünə məxsus hesab etdiyi mənzilin qaz təminatının dayandırılmasına nail olmuşdur. Odur ki, əri X.Mirzəliyev cavabdehlər Məmmədova Gülbəniz Arif qızı və Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı “Alqı-satqı müqaviləsinin və hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət etdiyi zaman həmçinin iddianı təmin etmə tədbiri barədə ərizə verərək xahiş etmişdir ki, mübahisə mahiyyəti üzrə baxılıb həll edilənə qədər mənzilin qaz təminatının dayandırılmasının cavabdehlərə qadağan edilməsinə dair qərardad qəbul edilsin. Lakin Binəqədi rayon məhkəməsi belə bir arqument gətirərək özünün 21 fevral 2019-cu il tarixli qəradadı ilə (iş: 2(001) – 3095/2019) iddiaçı Mirzəliyev tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizəni təmin etməmişdir: “Müəyyən edildi ki, iddianı təmin etmə tədbiri barədə ərizənin təmin edilməsi qətnamənin gələcəkdə icrasını təmin etmir və buna görə də qətnamənin gələcəkdə icrasını təmin etməyə xidmət etməyən iddianı təmin etmə barədə ərizə təmin edilə bilməz”.
Mirzəliyevlər mənzilin qaz təminatı dayandırılandan sonra neçə ildir soyuq qış günlərində istiliyi təmin etmək üçün elektrik plitələrindən istifadə etmişlər ki, bu da qat-qat artıq xərc deməkdir. Nədənsə M.İspiyev və G.Məmmədovanın Mirzəliyevlər ailəsinə yetirdikləri bu zərəri qiymətləndirmək və bundan ötrü hesab sormaq heç kimin ağlına gəlməmişdir.
Binəqədi rayon məhkəməsi 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə X.Mirzəliyevin cavabdehlər Məmmədova Gülbəniz Arif qızı və Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı “Alqı-satqı müqaviləsinin və hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasını təmin etməmişdir. X.Mirzəliyev həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Binəqədi rayon məhkəməsi 05 avqust 2019-cu il tarixli qərardadı ilə iddia müddətinin ötürüldüyünü əsas göstərərək X.Mirzəliyevin apellyasiya şikayətini geri qaytarmışdır. Lakin sonradan X.Mirzəliyev iddia müddətini ötürməsinə üzrlü səbəb (səhhəti ilə bağlı stasionar müayinə və müalicə aldığını) göstərə bildiyi üçün məhkəmə 11 sentyabr 2019-cu il tarixli qərardadı ilə buraxılmış prosessual müddəti bərpa etmişdir. Mirzəliyevlərin fikrincə, məhkəmənin ümumiyyətlə iddia müddətini tətbiq etməsi düzgün deyilmiş. Nədən ki, onlar mübahisəli mənzilin mülkiyyətçisi olmuşlar və iddiaları təmin olunacağı təqdirdə yenidən mülkiyyətçi hesab olunacaqdılar. Başqa sözlə, həmin iş üzrə söhbət məhz onların mülkiyyət hüquqlarının pozulmasından gedir, İspiyev-Məmmədova cütlüyünün deyil.
 
Əsassız “əsaslandırmalar”


X.Mirzəliyev Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, Nəsimi rayon məhkəməsinin 15 mart 2019-cu il tarixli məlum qətnaməsini iddianın təmin edildiyi hissədə ləğv edilərək iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra X.Mirzəliyevin nümayəndəsi kimi çıxış edən həyat yoldaşı D.Mirzəliyeva G.Məmmədovanın onlara qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair 2(103)-10821/2019 saylı mülki işi icraata götürən Bakı Apellyasiya məhkəməsinin hakiminə vəsatət təqdim edərək, həmin mülki iş üzrə icraatın X.Mirzəliyevin G.Məmmədovaya və 11 saylı notariusa qarşı “alqı-satqı müqaviləsini və müqavilədən irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi” barədə digər mülki iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minənədək dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Çünki məntiqlə X.Mirzəliyev tərəfindən qaldırılmış iddianın təmin olunacağı, alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab ediləcəyi təqdirdə bu hal G.Məmmədovanın özünün iddia qaldırdığı iş üzrə mənzilə mülkiyyət hüququnun olmamasına və iddianı qaldırmaq hüququ olmayan şəxsə çevrilməsinə gətirib çıxaracaqdı.
Daha sonra isə D.Mirzəliyeva X.Mirzəliyevin nümayəndəsi kimi vəsatət qaldıraraq hər iki mülki işin eyni növlü hesab olunaraq bir icraatda birləşdirilməsinə nail olmuşdur. Lakin Mirzəliyevləri məyus edən apellyasiya məhkəməsi birinci instansiya məhkəmələrinin gəldikləri nəticə və “əsaslandırmalarla” razılaşmışdır.
 
Polisin rədd etmək ampluası

Təəssüf ki, Mirzəliyevlərin müraciət etdikləri polis idarələri gah ərazi aidiyyəti məsələsini əsas götürərək, onların şikayət ərizələri ilə “ötür-ötür oyunu” oynamış, ya da faktla bağlı toplanmış materialda cinayət (mütəşəkkil cinayət) tərkibi “tapmadıqlarına” görə işin “mülki xarakterli” olduğunu göstərib cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etmişlər.
Mirzəliyevlər ailəsinin səs vermiş olduqları Milli Məclisin deputatı Fərəc Quliyevin Mirzəliyevlərin işinə obyektiv və ədalətli baxılması üçün Binəqədi rayon məhkəməsinin sədrinə və sonra da Bakı Apellyasiya məhkəməsinin hakiminə göndərdiyi xahişnamələrin də faydası olmamışdır.
 
Etibarsızın etibarnaməsi

Mirzəliyev Xaqani Mirzəli oğlu ilə Məmmədova Gülbəniz Arif qızı arasında notarial qaydada “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin bağlandığı 8 iyun 2015-ci il tarixdən nə az – nə çox, təqvim üzrə düz 6 ay sonra – 10 dekabr 2015-ci il tarixdə G.A.Məmmədova X.M.Mirzəliyevə notarial qaydada AR – 1 N: 426662 nömrəli etibarnamə verərək, ona “məxsus” mənzili idarə etmək, üzərində sərəncam vermək, o cümlədən, satmaq, ipotekaya qoymaq səlahiyyətlərini Xaqaniyə vermişdir ki, mənzili girov qoyub bankdan pul götürüb borcu qaytarsıln. Sonradan isə G.Məmmədovanın adına “kupça” almaqla mənzilin Mirzəliyevlər tərəfindən satılmasını da əngəlləmişlər. Qəribədir ki, nədənsə, məhkəmələr bu xüsusatın üzərində çox dayanmaq istəməmiş, səbəbini G.Məmmədovadan və (və ya onun vəkilindən) soruşmamış, Mirzəliyevlərin bu məsələ ilə bağlı izahlarına isə əhəmiyyət verməmişlər. Fikir verməyiblər ki, iki sənədin - əslində formal xarakter daşıyan müqavilə ilə etibarnamənin qüvvəyə mindikləri tarix arasındakı 6 ay müddət məhz Mirzəliyevlərin dedikləri kimi, Mübariz İspiyevin onlara verdiyi borcu 6 aya qaytarmaq şərti qoymasının, eləcə də Mübarizin gerçək niyyətinin onlardan mənzili satın almaq deyil, faizlə verdiyi borc pula qarşılıq girov götürmək olduğunun təsdiqidir. Diqqət yetirən olmamışdır ki, mənzilin formal alqı-satqı edildiyi məbləğ (51000 manat) Mirzəliyevlərin dedikləri kimi, Mübarizin onlara verdiyi borcun (30000 manat), faizin (3000 x 6 ay = 18000 manat), üstəgəl, bürokratik xərclərin (1500 manat) cəmini təşkil edir. Nəzərdən qaçırılmışdır ki, M.İspiyev – G.Məmmədova cütlüyünün öz iddialarında Mirzəliyevlərdən dəbbə pulu istəmələri birincilərin elə məhkəmənin gözü qarşısında sələmçilik adətlərindən əl çəkmək istəmədiklərinin aşkar sübütüdür. G.Məmmədovadan soruşan olmamışdır ki, nəyə görə aldığın mənzilin əvvəlki sahiblərinə 6 ay həmin mənzildə yaşamaq ixtiyarı, 6 aydan sonra isə etibarnamə verirsən, axı ömür vəfasız, bu gündən sabaha etibar yoxdur. Ən nəhayət, sual edilməmişdir ki, nəyə görə mənzilini aldığın şəxsləri evi boşaltmaları üçün 4 il sonra məhkəməyə verirsən. Mübahisəyə və onun detallarına hüquqi qiymət verməli olan hakimlərin heç birinin ədaləti çatmamışdır ki, heç olmasa, sözügedən etibarnamənin 6 il müddətinə verildiyinə nəzər yetirsinlər və sələmçiyə təklif etsinlər ki, borclulara etibarnamənin qüvvədən düşəcəyi 10 dekabr 2021-ci il tarixədək möhlət versin. Görünür, onlar müharibə veteranı olan, Vətənə qüsursuz xidmətlərinə görə dəfələrlə təltif olunmuş zabit - ərin, xəstə qadının evsiz-eşiksiz qalması, özlərinin dediklərinə görə 3 evləri olan sələmçilərin isə daha da varlanması ilə nəticələndirmək istədikləri bu prosesi mümkün qədər tezləşdirmək istəyiblər – Ədalət bu imiş!?
 
Ali məhkəmənin “dürüstlük qaydası”

Azərbaycan Respublikasının Akli Məhkəməsinin Mülki Kollegiyası X.Mirzəliyevin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12686/2019 nömrəli iş üzrə 27 noyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinə “baxaraq” çıxardığı 18 noyabr 2020-ci il tarixli qərarı ilə hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni nəticə etibarilə düzgün həll etmişdir (Bəli, məhz nəticə etibarilə! Sələmçilərə sərf edən nəticə etibarilə!)
Ali Məhkəmənin Mülki Kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflər arasında borc münasibətlərinin olması və mənzilin alqı-satqı müqaviləsinin borcun əvəzində bağlanılmasına dair Xaqani Mirzəyevin bildirdikləri təsdiq olunsa belə, iddia etdiyi borc məbləğini qaytarmadan özünün və ailə üzvlərinin razılığı ilə notarial qaydada təsdiqlədiyi alqı-satqı müqaviləsinin etibarsızlığı tələbini irəli sürməsi dürüstlük qaydasına uyğun gəlmir. Amma burada bir məsələ də var: X.Mirzəyevin dedikləri təsdiq olunsaydı, daha doğrusu, məhkəmələr onun öz dediklərinin təsdiqi kimi qaldırdığı vəsatətlərlə ortaya qoyduğu faktlara əhəmiyyət verib sübut kimi qəbul eləsəydi, o halda M.İspiyev – G.Məmmədova cütlüyünün nadürüstlüyü (“dürüst” sözünün antonimi mənasında – red.) və formal bağlanılmış alqı-satqı müqaviləsinin onlara verdiyi hüquqdan sui-istifadə etdikləri, qanunsuz sələmçiliklə məşğul olduqları, o səbəbdən AR Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə məsuliyyətə cəlb edilməli olduqları üzə çıxacaqdı. Belə ki, Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən, Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə-cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda ziyan vurduqda; külli miqdarda gəlir əldə etməklə törədildikdə; mütəşəkkil dəstə tərəfindən törədildikdə - cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Gəlin razılaşaq ki, ədalətli hakim tərəfindən xəbərdar edilmiş olduqları təqdirdə sələmçilər bunca ciddi cəzadan yayınmaq naminə borclu ilə borcun məbləği və ödənilmə müddəti barədə kompromisə getməyə, məqbul, mötədil, insaflı ortaq məxrəcə gəlməyə razılaşardılar.
 
Hakimlərin görmək istəmədikləri həqiqət

Mirzəliyevlərin dürüstlüklərini, vicdanlı borclu olduqlarını təsdiqləyən faktların çoxu isə borclu D.Mirzəliyeva ilə borc yiyəsi Mübariz İspiyev arasında vatsap yazışmalarında ehtiva olunur ki, onları nə hüquq-mühafizə, nə cinayət təqibi orqanları, nə də məhkəmələr ciddiyə almamış, almaq istəməmişlər.
Beləliklə, həmin vatsap yazışmalarından görünür ki, 1. M.İspiyev X.Mirzəliyevin və oğlu Anar Mirzəliyevin şəxsiyyət vəsiqələrinin, Xaqaninin VİSA kartının üzərində konfidensial məlumatları, şifrələri əks etdirən fotoşəklini, X.Mirzəliyevin adına olan “kupça”nın surətinin ona göndərilməsinə nail olmuş və bunu guya danışdığı bankın işçilərinin istədiklərini bildirmişdir; 2. M.İspiyev bildirir ki, Mirzəliyevlərə borc verdiyi pul özünün deyil, başqasınındır, hətta onlara xəbərdarlıq edir ki, pul yiyəsi evi sata da bilər(!?) 3.M.İspiyev Mirzəliyevləri evi satmağa təhrik edir, özünün tanıdığı maklerin xidmətindən yararlanmağı tövsiyə edir, fikir bildirir ki, mənzil 105000 manata gedər, daşınmaz əmlak bazarında evlərin qiymətinin düşməsindən narahatçılığını ifadə edir; 4. M.İspiyev D.Mirzəliyevaya yazdığı mesajında bildirir ki, onların əvəzinə özü kredit ödəyir, bu isə o anlama gəlir ki, özü bankdan aşağı faizlə kredit götürüb başqalarına yuxarı faizlə sələm verir və s.
 
Son ümid Konstitusiyası

Hazırda Xaqani Mirzəliyevin AR Ali Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2020-ci il tarixli, 2(103)-3081/2020 saylı qərarının Azərbaycan Respublikası Konstitusuyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinə verdiyi şikayət qanunamüvafiq qaydada öyrənilməkdədir. Konstitusiya Məhkəməsindən X.Mirzəliyevə belə cavab gəlib və vəd olunub ki, şikayət üzrə qəbul ediləcək hər hansı məhkəmə aktı barədə ona əlavə məlumat veriləcəkdir. Mirzəliyevlər ümid edirlər ki, Konstitusiya Məhkəməsi onların təməl hüquqları olan mülkiyyət hüquqlarının tapdalanmasına laqeyd qalmayacaqdır.

Pünhan Şükürшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər