Efirdəki dil rüsvayçılığı kimin günahıdır? - Sorğu
Baxılıb: 534 Tarix: 15-11-2018 18:29
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq üçün yaradılan İşçi Qrupunun sədri Möhsün Nağısoylu tədbirlər planında 30-dan çox maddənin əksini tapdığını və bunlar arasında “Radio, televiziya, qəzet, jurnal redaksiyalarında, internet saytlarında çalışan yaradıcı əməkdaşların ədəbi dil bilikləri üzrə vaxtaşırı attestasiyalarının keçirilməsi”nin də daxil olduğunu bildirib.
Kult.az tanınmış jurnalistlərin Möhsün Nağısoylunun təklifinə münasibətini öyrənib.
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov hazırda fəaliyyətdə olan jurnalistlərin attestasiyasını “toydan sonra nağara” kimi qiymətləndirib:
“Bir tərəfdən gözəl təşəbbüsdür, bəzi jurnalistlər həqiqətən də, dilimizi çox korlayırlar. Amma digər tərəfdən, bunu onlara diplom verilməzdən qabaq eləmək lazım idi. Yaxud, işə götürülməzdən qabaq gələcək əməkdaşdan attestasiyanın nəticəsi tələb oluna bilər”.
Aznyus.az saytının baş redaktoru Taleh Şahsuvarlı isə ən gözəl attestasiyanın prosesin özü olduğunu bildirib:
“Bütün ciddi saytlar proses zamanı ədəbi dildə yaza bilməyənləri üzə çıxarır və kənarlaşdırır. Ancaq çox təəssüf ki, həmin adamlar sonradan başqa yerlərdə üzə çıxır. Görünür, bu problem də o qədər ciddidir ki, belə bir təklif gündəmə gəlib. Mənə fərqi yoxdur, özümə də, əməkdaşlarıma da güvənirəm”.
BakuPost.az saytının rəhbəri Elçin Zahiroğlu “imtahana çəkilmək” söhbətinin media əhlində mənfi assosiasiya yaratdığını bildirib:
“AMEA-nın Dilçilik İnstitutunun və digər aidiyyəti qurumların, ziyalıların bu məsələlərə diqqət etməsi müsbət haldır, ancaq təklif olunan formatın, jurnalistlərin imtahana çəkilməsinin işlək mexanizmə çevriləcəyinə inanmıram. Çünki jurnalistlərin çoxu onları imtahana çəkmək istəyən qurumlara inanmır. Başqa məqamlar da var, onları sadalamağa ehtiyac görmürəm. Hesab edirəm, attestasiyadansa, dil bilgilərinin artırılması, efir mədəniyyəti, aparıcıların nitq qabiliyyəti ilə bağlı kurslar təşkil olunsa, daha effektiv olardı. Dilçilik İnstitutu MRTŞ və Mədəniyyət və İncəsənət Universiteti ilə birlikdə kurslar təşkil edə və bu kursları bitirən şəxslərin əldə etdiyi diplom və ya sertifikat jurnalistlər üçün əlavə bir göstərici kimi tanına bilər. Mükəmməl, şəffaf kurslar təşkil olunsa, inanın ki, bütün media qurumları ora öz əməkdaşlarını göndərər və bu da indiki anormal vəziyyətin aradan qaldırılmasına xeyli köməklik göstərər. Buna görə də hesab edirəm, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı” həyata keçiriləcəksə, plana daxil olan “Radio, televiziya, qəzet, jurnal redaksiyalarında, internet saytlarında çalışan yaradıcı əməkdaşların ədəbi dil bilikləri üzrə vaxtaşırı attestasiyalarının keçirilməsi” maddəsinə bir balaca düzəliş eləmək lazımdır. İndiki məqamda əməkdaşların yox, rəhbərlərin attestasiyası həm daha real görünür, həm də problemi daha tez həll etməyə imkan verər. Çünki efirlərdəki və yaxud saytdakı biabırçılıqlar aparıcıların və ya müxbirlərdən çox, həmin qurumların rəhbərlərinin günahıdır. Onların bilikləri ilə yanaşı, psixoloji durumları, əxlaq səviyyələri, həm də milli kimliklə bağlı düşüncələri öyrənilməli, testdən keçirilməlidir. Həm də öyrənməlidir ki, xüsusən televiziya rəhbərliyində təmsil olunanların bir çoxu məsuliyyət hissini bu qədər itirmək xəstəliyinə harada yoluxublar”.
Ən çox oxunanlar
Son xəbərlər