Prezidentin qarşıya qoyduğu hədəflər niyə reallaşdırılmır? – Taxılçılığın inkişafı üçün nə edilməlidir?
Baxılıb: 449 Tarix: 05-07-2019 13:00
Mürvət HƏSƏNLİ,
ADAM sədri
“Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir”.
Kənd Təsərrüfatı Nazirliyinin bu gün yaydığı məlumatda belə deyilir.
Məlumata görə, indiyədək ölkə ərazisində 813812,2 hektar ərazidə taxıl biçini aparılıb. Bu isə əkilən taxılın hardasa 80%-nin biçilməsi deməkdir. Biçinlən sahənin 321568 hektarını arpa, 492244,15 hektarını isə buğda təşkil edib. Ümumilikdə bu günədək ölkə üzrə 2614756,7 ton taxıl yığılıb ki, bu da orta məhsuldarlığın hektar başına 32,1 sentner olması deməkdir.
Nəzərə alsaq ki, dünyada orta məhsuldarlıq hektar başına 34 sentnerdir, Azərbaycan fermerlərinin bugünə qədərki nəticələri ümumi ortalama həddindir. Baxmayaraq ki, biçin indi də davam edir və qalan 20%-lik ərazidən bıçılən taxıl orta məhsuldarlıq göstəricilərini də dəyişə bilər. Bununla belə, mütəxəssislər orta məhsuldarlıq göstəricisində ciddi dəyişiklik də gözləmirlər. Nədən ki, artıq 2016-cı ildə Azərbaycan fermerləri məhsuldarlığı dünya standarlarına yüksəltməyi bacarmışdılar. İki il əvvəl KTN-nin keçirdiyi bir elmi konfransda çıxış edən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai bildirmişdi ki, Azərbaycanda taxıl bıçinində orta məhsuldarlıq dünya ortalamasına – 30 s/ha səviyyəyə çatdırılıb. 2017-ci və 2018-ci illərdə də orta məhsuldarlıq təxminən eyni idi. Yəqin ki, bu il də rəqəmlər çox dəyişməyəcək.
Ötən illərlə müqayisədə bu il əkilən taxıl sahələrinin həcmində cüzi dəyişikliklər nəzərə çaprır. Statistik məlumatların təhlilindən belə anlaşılır ki, 2018-ci ildə 1 milyon 8 min hektar sahədə taxıl əkilmişdisə, bu il həmin göstərici 1 milyon 9 min hektara çatdırılıb. Deməli, bu il cəmi min hektar əlavə torpaq sahəsində əkin aparılıb. Bu isə əlavə 0.02% sahənin taxılçılığa qazandırılması deməkdir.
Taxılda məhsuldarlığın ciddi şəkildə şəkildə artmaması bu il də Azərbaycanın idxal asılılığından xilas ola bilməməsi deməkdir. Halbuki, son 3 il ərzində Azərbaycan fermerlərinin qarşısında dayanan ən mühüm vəzifələrdən biri özümüzü əsas qida məhsulları ilə 100% təmin etməkdir. Ölkə başçımız 2016-ci ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında da bu hədəfi açıq şəkildə dilə gətirmiş, xüsusilə taxılçılıq üzərində dayanaraq demişdir: “Biz özümüzü 100 faiz taxılla təmin etməliyik”.
2016-cı ildən keçən 3 il ərzində Cənab Prezidentimizin aqrar sektorumuzun qarşısında qoyduğu hədəflərin reallaşdırıldığını söyləmək isə çətindir. Baxmayaraq ki, taxılçılarımız bu illər ərzində müəyyən irəliləyişə imza atsalar da, qarşıya qoyulan hədəfə tam nail olmamışlar. Bunu statistik məlumatlar da təsdiqləyir. KTN-nin öz məlumatına görə, 2017-ci ildə ümumi taxıl məhsulları cəmi 2.9 milyon ton olub, bunun 1.8 milyon tonubuğda idi. Əgər 2016-cı ildə Azərbaycana 1.7 milyon ton taxıl idxal olunurdusa, 2017-ci ildə bu göstərici 1.4 milyon ton, 2018-ci ildə idxal həcmi təxminən 1 milyon tona düşmüşdü. Bu il də, yəqin ki, idxalımız bir qədər də azalacaq. Amma hələ də idxal asılılığından qurtula bilməməyimiz sabah ciddi sıxıntılara səbəb ola bilər.
Məsələ burasındadır ki, dünya taxıl istehsalında indiyə qədərki əsas tədarükçülərin məhsullarında xeyli azalmalar müşahidə olunub. Dünya taxıl istehsalının yarısından çoxu Çinin payına düşüb. Çin isə heç bir yerə taxıl satmaq niyyətində deyil. Bu isə dünya bazarında taxıl qıtlığı yarada və xeyli bahalaşmağa səbəb ola bilər. Azərbaycan yaxın illərdə bəd sürprizlərlə qarşılaşmamaq üçün taxıl istehsalını necə artırmanın yollarını tapmalı, inkişaf etmiş ölkələrin təcrübələrindən yararlanmalıdır.
Belə ki, KTN taxılda orta məhsuldarlığın dünya standartlarına uyğunlaşdığını bildirsə də, dünyada getdikcə bu ortalamanın artdığı müşahidə olunur. Beynəlxalq Taxıl Şurasının məlumatlarına əsasən 2017-2018-ci il mövsümündə bu ortalama 34.5 sen/ha yüksəlib. Ölkələr üzrə müqayisə etsək, Avropa İttifaqı ölkələrində bu ortalama hektar başına 50.8, Çində 54.1, Ukraynada 40.6, Argentinada 35.6 sentner olub. Sözsüz ki, göstəricilərinə görə Azərbaycandan geri qalan ölkələr də var: Türkiyə 27.6 sen/ha, Avstraliya 17.4 sen/ha, Qazaxıstan 12.4 sen/ha. Amma biz geridə qalanlara baxıb vəziyyətimizlə razılaşmamalı, irəlidə olan dövlətlərin təcrübələrindən yararlanmalıyıq.
Azərbaycanın taxıl istehsalında ən ciddi problemlərindən biri də fermerlərimizin iri dənli məhsul yetişdirə bilməməsidir. Bu isə nəticə etibarilə yerli məhsullarımızın daxili bazarda belə rəğbət görməməsinə yol açır. Əks halda, Azərbaycanın indiki taxıl istehsalı illik istehlakın böyük qismini qarşılayar, idxalatdan asılılığımız xeyli azalardı.
Di gəl ki, yerli məhsullarımızın əksəriyyəti Taxıl Fondunun standartlarına cavab vermədiyindən əsasən heyvan yemi kimi istifadə edilir. Ərzaq buğdamızın yarısından çoxu isə xaricdən alınır. 2018-ci ilin taxil statistikasına görə, 2017-ci ildə Azərbaycanda 4.3 milyon ton taxıl istehlak olunub. Daha 274 min ton taxıl isə itkiyə gedib. Nəzərə alsaq ki son 3 ildə ölkəmizdə taxıl istehlakının miqdarı sabit qalıb, bu il də istehlak miqdarının eyni qalacağı gözlənilir. Hələlik isə 2.6 milyon ton taxıl bıçılib. Qalan 20% ərazinin də ən yaxşı halda eyni məhsuldarlıq göstəricisinə bərabər olacağını fərz etsək, bu ən yaxşı halda 3 milyon ton taxıl istehsal edəcəyik mənasına gəlir. Belə çıxır ki, biz bu il də xaricdən 1.3 milyon ton taxıl almalıyıq. Bu isə ümumi istehlakımızın 3/1-nə bərabərdir və idxalatımızın də sabit qalacağı deməkdir. Üstəlik, yerli taxıl növlərinin keyfiyyət göstəriciləri düzəlməsə, bu il də xeyli məhsulumuzun itkiyə getməsi qaçılmazdır.
Bütün bu deyilənlər əsas strateji ərzaq bitkisi olan taxılçılığın inkişafı üçün ölkəmizdə hələ çox işlərin görülməsi zərurəti yaradır. Görüləcək əsas işlərdən biri müəyyən aqrotexniki tədbirlərlə Azərbaycanın iqliminə uyğun daha məhsuldar taxıl növlərinin yaradılmasıdır. Digər tədbirlər isə taxılçılıq üçün münbit olmayan torpaqların daha faydalı əkin sahələrinə çevirmək, elmi-tədqiqat institutlarının fəaliyyətini təkmilləşdirərərək dövrün tələblərinə uyğunlaşdırmaq, xüsusi mütəxəssislər qrupu yaradaraq, Çin, Avropa Birliyi, Ukrayna təcrübələrini dərindən öyrənmək və bunları ölkəmizə tətbiq etməkdir.
Ən çox oxunanlar
Son xəbərlər