İran sanksiyalardan belə yayınıb

İranla əlaqələndirilən qanunsuz onlayn mərc şəbəkəsinin Dubayda fəaliyyət göstərən lisenziyasız kriptovalyuta birjası vasitəsilə milyardlarla dollarlıq əməliyyat həyata keçirərək beynəlxalq sanksiyaların aşılmasına kömək etdiyi iddia olunur.
Qanunvehedef.az xəbər verir ki, “Reuters”in blokçeyn analitik şirkətləri və müstəqil tədqiqatçıların məlumatlarına əsaslanan araşdırmasına görə, Dubayda fəaliyyət göstərən “Shelbit” adlı lisenziyasız kriptovalyuta platforması 2024-cü ilin may ayından bəri ən azı 4 milyard dollar həcmində kriptovalyuta əməliyyatının həyata keçirilməsinə vasitəçilik edib.
Araşdırmada bildirilir ki, platformanın əsas müştərilərindən biri fars dilində fəaliyyət göstərən 2 mindən çox qanunsuz mərc saytından ibarət şəbəkə olub.
İddialara görə, bu şəbəkə sosial media fenomenləri Saşa Sobhani və Puyan Moxtari tərəfindən təbliğ edilib. Hər iki şəxs, eləcə də, “Shelbit”in təsisçisi Siyavaş Keyvanpur 2023-cü ildə İranda qanunsuz mərc işi üzrə qiyabi məhkum ediliblər.
Blokçeyn təhlillərində “Shelbit”in yalnız mərc şəbəkəsi ilə deyil, həmçinin İran Mərkəzi Bankı, ABŞ sanksiyalarına məruz qalan bəzi İran qurumları və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələndirilən rəqəmsal cüzdanlarla da əməliyyatlar apardığı iddia olunur.
Araşdırmada həmçinin qeyd edilir ki, platforma İranda bitkoin hasilatından əldə edilən kriptovalyutaların beynəlxalq bazarlara çıxarılmasında mühüm rol oynayıb və vəsaitlərin bir hissəsi “Binance” platforması vasitəsilə dövriyyəyə buraxılıb.
Dubayın Virtual Aktivlərin Tənzimlənməsi Qurumu (VARA) “Shelbit” barədə çirkli pulların yuyulması və sanksiyaların pozulması iddiaları üzrə araşdırmaya başlayıb.
Qurum şirkətin lisenziyasız fəaliyyət göstərdiyini təsdiqləyərək, iyulun 24-də onun əməliyyatlarının dərhal dayandırıldığını açıqlayıb.
“Binance” isə “Shelbit” adına platformada heç vaxt hesab açılmadığını bildirib. Şirkətin açıqlamasına görə, “Shelbit”lə əlaqəli olduğu müəyyən edilən istifadəçi hesabları dondurulub və məsələ hüquq-mühafizə orqanlarına çatdırılıb.
Bununla yanaşı, araşdırmada 2024-cü ilin may ayından etibarən “Shelbit”lə əlaqələndirilən cüzdanlardan “Binance”a 676 milyon dollar dəyərində kriptovalyuta köçürüldüyü iddia edilir.
“Shelbit”in təsisçisi Siyavaş Keyvanpur və İran hökuməti iddialarla bağlı sorğuları cavablandırmayıb.
Saşa Sobhani və Puyan Moxtari isə onlayn mərc şəbəkəsinin dövlət tərəfindən idarə olunması, çirkli pulların yuyulması və ya beynəlxalq sanksiyalardan yayınmada istifadə edilməsi barədə iddiaları təkzib ediblər.
Qanunvehedef.az



















