Paşinyan: Aİİ və AB-yə eyni vaxtda üzvlük mümkün deyil

2025-ci ildə Ermənistanda AB-yə qoşulma prosesinin başlanması haqqında qanun qəbul edilib. Belə bir qanunun qəbul edilməsinin strateji məqsədi ölkəmiz üçün alternativ yaratmaqdır.
Qanunvehedef.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında deyib.
“Başa düşürük ki, Aİİ-yə və AB-yə eyni vaxtda üzvlük mümkün deyil, amma bu qanunun qəbul edilməsi faktı Ermənistanın bu gün AB-yə üzv olmaq imkanına sahib olması demək deyil. Gələcəkdə Ermənistan keyfiyyət baxımından AB-yə üzvlüyə hazır olduqda belə, bu, ölkəmizin avtomatik olaraq Birliyin üzvü olacağı anlamına gəlmir. Bunun üçün yenə də AB üzv dövlətlərinin razılığı və Ermənistan vətəndaşlarının təsdiqi tələb olunacaq. Digər tərəfdən, bu məsələni əvvəlcədən institusional hazırlıq işləri aparılmadan Ermənistan vətəndaşlarının qərarına çıxarmaq mümkün deyil. Bundan sonra belə, AB-yə qoşulmaq üçün rəsmi ərizə ilə Birliyə müraciət etmək və daha sonra ona üzv olmaq üçün namizəd dövlət statusu almaq lazım olacaq. Sadalanan addımların ən azı böyük bir hissəsini tamamlamadan, bu məsələ ilə bağlı referendum keçirmək mənasız olacaq və vətəndaşlarımızdan hazırda mövcud olmayan bir suala cavab vermələrini gözlədiyimiz anlamına gələcək. Bu o deməkdir ki, biz Ermənistan vətəndaşlarından iki alternativ arasında seçim etmələrini gözləyirik, onlardan biri mövcud deyil. Bu, xalqımıza qarşı hörmətsizlik və praktik olaraq qanunsuz olardı”, - o bildirib.
Qanunvehedef.az




















