Tailandda cinsiyyətini dəyişdirən azərbaycanlı kimdir? - Foto
Baxılıb: 600 Tarix: 23-06-2018 09:45
Çağdaş dünyada insanların bir qismi hiss və davranışlarına görə özünü əks cinsin nümayəndəsi kimi hiss etdiyi üçün cinsiyyətini dəyişdirmək məcburiyyətində qalır. Bir vaxtlar bu məsələ dəhşət kimi qarşılansa da, sonradan bunun bioloji səbəblərinin olduğu sübuta yetirildi. Artıq ölkəmizdə də cinsini dəyişən insanlara rast gəlmək olur. Soruşsan, hərəsinin özünə görə səbəbi və ya kimlərəsə görə “bəhanə”si var. Kimi də görüntü, ya hansısa tələbatlarına yox, hisslərinə və arzusunda olduğu ailəyə sahib olmaq üçün bu addımı atdığını deyir.
Müsahibim hamının Tuncay kimi tanıdığı Aysel Əkbərovadır. Yaxın 2-3 dostu və uşaqlıqdan tanıyan ətrafından başqa heç kim onun qız olduğunu bilmir.
Aysel nələr görüb, nələr yaşayıb – bu barədə özü danışacaq.
Nə ata üzü, nə ana qayğısı gördüm
O, 1989-cu ilin 28 dekabrında dünyaya gəlib, Bakıda, Yasamalda böyüyüb. Arzuolunmaz uşaq olub, atasının ailəsi razı olmadığından anası ilə ailə qurmayıb. Nə atasının üzünü, nə anasının qayğısını görüb, onu elə ana bildiyi nənəsi böyüdüb. Bunu isə kinayəli gülüşü ilə danışır:
“Atamı görməmişəm, harada olduğunu bilmirəm, maraqlanmamışam, məni axtarmayanı niyə axtarım ki? Sadəcə ad olaraq Cəlal yazılıb, amma özünü mənə təqdim etməyib. Danışdıqlarından tək bildiyim sarışın və gözlərinin rəngli olması idi. Heç ana qayğısı da görməmişəm, məni nənəm böyüdüb. Anamın görüntüsünü xatırlayıram, amma səsini unutmuşam. Anam İranda yaşayırdı. Orda ikinci dəfə evlənmişdi”.
Anası 37 yaşında İranda rəhmətə gedib. Ayağının qırıldığını deyib çağırsalar da, getdikdən sonra vəziyyətin başqa olduğunu öyrənib:
“Əslində, niyə getdim, bilmirəm, anama da əsəbi idim, amma deyəsən, artıq bağışlamış kimiyəm”.
Bundan sonra Aysel üçün ən çətin günlər başlayıb. Ailə qurub, Türkiyəyə köçən xalası nənəsi və onu da özü ilə aparıb:
“Nənəm ən çox qızlarına bağlı idi, anamın ölümünü qəbul edə bilmirdi. 6 yaşım vardı, hər səhər ağlamaq, qışqırtı səsinə oyandığımı xatırlayıram. Xalam bu vəziyyəti bildikdən sonra nənəmə dedi ki, gəl, köç, burda yaşa. Nənəm vətəndaşlıq alması üçün Türkiyədə formal bir nikaha girdi. Yaşlı bir adama baxırdı, yetim olduğum üçün məni də böyüdürdü. Ondan başqa heç kimim yox idi”.
Bir oğlanı döyüb, məhkəməyə düşdüm
Aysel birinci sinfi Bakıda oxuyub, sonra isə təhsilini Türkiyədə davam etdirib. 18 yaşında orta məktəbi bitirib, universitetə qəbul olsa da, oxumayıb:
“Türkiyədə bir oğlanı döydüm. Həyatda özümə aid məhrəmlərim var. Mənə hər şeyi demək olar, amma ailəmə yox. Çünki mənim bir yox, iki anam var. Ona görə birinin ədəbsizliyinə görə dava oldu, məhkəməyə düşdüm, 3 il davam etdi. Sonra Azərbaycan vətəndaşı olduğum üçün bura gəldim. Bəraət aldıqdan sonra yenidən Türkiyəyə qayıtdım”.
Dayım nənəmin göndərdiyi pulu mənə vermirdi
Bakıya gəldiyi ilk günlər özünə aid evdə dayısıgillə birlikdə yaşayıb. Nənəsinin Türkiyədən ona göndərdiyi pulla dolanıb, lakin daha sonra vəziyyət dəyişib:
“Gəldiyim ilk il işləmək istəmədim. Bütün gün kitab oxuyurdum. Amma nənəmin göndərdiyi pulu dayım alıb, mənə vermirdi. Bir dəfə son pulumla keyfiyyətli qəşəng bir ayaqqabı aldım. Avqust ayı yaxınlaşır, mən hələ də yayın ortasında cırıq-cırıq olmuş qış ayaqqabısında gəzirdim. İşləmirəm, eyni paltarları geyinirəm, siqaret çəkirəm, almağa pulum yox. Bir gün bir yerə dəvət etdilər. Evdən çıxanda dayımdan yol pulu istədim. O da mənim pulumu mənə verməyəndə dedim ki, mən işləməliyəm”.
Soyuq, əşyasız evdə qalmışdıq
Həmin vaxt nənəsi Türkiyədə beyin qanaması keçirdiyi üçün Bakıya, onun yanına qayıdıb. Dayısı nənəsi ilə dalaşıb, ailəsini götürüb evdən gedib. Onlar soyuq, əşyasız evdə qalıblar:
“Qış vaxtı nənəmlə soyuq, qazsız evdə qalmışdıq. Bir yorğanımız, döşəyimiz vardı, bütün əşyalarımızı da qırıb tökmüşdülər. Heç kim işləmirdi. Əvvəlcə “Elmlər”də bir restoranda günü 7 manata kuriyer kimi işləməyə başladım. Mənim həyatımda önəmli olan, son puluma aldığım o ayaqqabıların içinə sellofan salırdım ki, su keçməsin”.
Kuriyerlikdən aşpazlığa...
Bütün gün işləyirdim. O vaxt qərar verdim ki, aşpaz olacağam. İşi də çox yaxşı bildiyim üçün səhərlər mətbəxdə olurdum, günortadan sonra öz işlərimi görürdüm.
Çox yaxşı qazanırdım. Taksi üçün verilən pulu da avtobusla gedib, özümə yığırdım. Qazandığımı evə gətirib nənəmə verirdim. Nənəm paralic olduğundan onun bütün ehtiyaclarını mən ödəyirdim. İndiki yaşım olsaydı, bəlkə, mənə yüngül gələrdi, amma o yaşda elə deyildi.
Üç ay ərzində o evi yenidən düzəltdim. 2012-ci ildə isə nənəm rəhmətə getdi.
Qadınlığı heç vaxt qəbul etmədim
O deyir ki, heç vaxt qız kimi görünmək, yaşamaq istəməyib. Hələ 6 yaşında uzun saçları olmasına baxmayaraq, qız kimi görünmək istəməyib. Əvvəllər ailəsi, qohumları çox təzyiq göstərsə də, yenə tək dəstəkçisi nənəsi olub:
“Bəlkə mənə əsəbiləşəcəksən, qınayacaqsan, amma... Mən qadınlığı heç vaxt qəbul etmədim. 6 yaşımda belə xoşuma gələn tiplər vardı. O zamanlar da nədən xoşum gəldiyini bilirdim. Qızlar oyuncaqlarla oynayanda, mən qarajların üstündə hoppanırdım, futbol oynayırdım. Məhlədə dalaşırdım, oğlan dostlarımla davalara gedirdim. Hər zaman haqqımı müdafiə edən insan olmuşam. 18 yaşımda dayım, xalam çox problem çıxartdı. Nənəm dedi, hər zaman düzgün, dürüst ol, mən yanındayam. İndi də ancaq bir qohumum dəstək olur. Çox təzyiqlər olurdu. Məsələn, ətək geyinməyi, qız kimi hərəkət etməyi sevmirsən, amma onu zorla geyinmək məcburiyyətindəsən. Niyə? Həyat mənimdir... Bir gün heç kimə deməmiş gedib uzun saçlarımı kəsdirdim”.
Hormonlarım 70% kişidir
Aysel deyir ki, bütün bu basqılardan qurtulmaq üçün Türkiyəyə qayıdıb. Orda heç kim onun keçmişini bilmədiyindən daha rahatdır: “21 yaşımda Türkiyəyə getdim. Mənim üçün orda daha rahatdır”.
Psixoloji arayışım var, hormonlarımın 70%-i kişi hormonudur. Bax, bunların mənimlə əlaqəsi yoxdur, belədir. (Üzündəki tükləri göstərir) Çox insan qınayır ki, Allah səni belə yaradıb. Bu hissiyyatı mənə Allah verib, öz-özümə qoymamışam. Məni qınayanlar barədə bir şey düşünürəm, cahildirlər”.
Sevgili olduğum qız cinsiyyətimi bilmədi
Sevgililərinin çox olduğunu deyir. Ən maraqlısı isə sevdiyi qız onun cinsiyyətindən xəbərsiz olub:
“Həyatımda çox pis bir travma yaşamışam. Mənim 3 il yarım davam edən münasibətim oldu. Qız heç nə bilmədi bu qədər müddətdə. Alman idi, onu dəhşət çox sevirdim. Bir kişi kimi davransan da, fiziki olaraq bəzi məsələlərdə əskiksən.
Bir qadın birini sevirsə, onun birlikdə olmaq, yaxınlaşmaq istəyir. Bir qadın sənə yaxınlaşmaq istəyəndə, sən 3 il ərzində itələyəndə necə olsun... Ayrılıq səbəbi bu deyil, amma əsas səbəblərdən biri də budur”.
Evimi satıb, Tailanda əməliyyata gedirəm...
Aysel əməliyyata gedə bilmək üçün illər sonra yenidən Azərbaycana gəlib, evini satıb, sənədlərini hazırlayıb. Cinsiyyətini dəyişmək, əməliyyat olunmaq üçün Tailanda yola düşüb:
“Bunu illərdir düşünürəm. Bu barədə cəmi 2 nəfər bilir, qohumum və ən yaxın 23 illik dostum. Əməliyyatdan sonra vəsiqəm də dəyişəcək. 3 əməliyyata girəcəm. Biri sinə hissə, ikincisi aşağı hissə və bədəni ümumi düzəltmə. Bu, növbə ilə 1 ay yarım-2 aya olacaq.
Lüks bir xəstəxana ilə danışdıq, 12 min dollar istədi. Evimin pulu ilə gedirəm. Hazırda hesabımdakı pulun üzərinə işləyərək pul yığsam, yenidən ev ala bilərəm”.
Ailə qura bilmək üçün kişi olacağam
O deyir ki, ailə qurub xoşbəxt olmaq üçün bu addımı atır. Əməliyyatdan sonra isə Azərbaycana gəlib, sənədlərini qaydaya salıb, daha sonra Türkiyəyə qayıdacaq:
“Tək ölmək istəmirəm. Ən böyük ehtiyacım ailədir. Çünki mən anasız, atasız - yetim böyüdüm. Gizlənməmək, vəsiqəmi göstərdikdə bəzilərinin üz ifadəsini görməmək, ailə sahibi olmaq üçün əməliyyat olunuram.
Həyatımda bir insan olsun, ancaq ona əməliyyat olunduğumu deyə bilmərəm. İstər-istəməz məni qınayacaq. Hətta səninlə danışırıq, bəlkə, indi sən də qınayırsan”.
Ən çox oxunanlar
Son xəbərlər