İran şovinistləri bir bayatı ilə xoflandı
Baxılıb: 836 Tarix: 14-12-2020 11:12
Arazı ayırdılar,
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım
Zülm ilə ayırdılar.
Ay Laçın, can Laçın,
Mən sənə qurban, Laçın.
Əslində, Ərdoğanın Bakıda Zəfər paradında Azərbaycanın xalq yaradıcılığına istinad etməsi, xalqımızın iki əsrlik dərdini folklor nümunələri ilə ifadə etməsi heç bir siyasi mesaj ehtiva etmirdi. Azərbaycan torpaqlarının 30 illik işğaldan azad olunmasına, Azərbaycan xalqının hərbi, siyasi qələbəsinə hesablanıb və hər hansı təhdid məqsədi güdmürdü.
Amma Azərbaycan xalqının iki əsrlik dərdini ifadə edən bu sətirlərin türk dünyasının ən önəmli liderinin dilindən səslənməsi, həmişə türk birliyinə qarşı olan və bu birliyin yaranmasından qorxduqlarını siyasi fəaliyyətləri ilə açıq-aşkar büruzə verən fars millətçilərini dilləndirməyə bilməzdi. Fikirlərini, adətən, poetik məzmunda deməyi sevən Ərdoğan qardaş xalqa öz qəlbdən gələn, səmimi hisslərini ifadə etdi. Amma bu fikirlər, nə qədər poetik və siyasi məqsədlərdən uzaq olsa da, qəlbini türk birliyi xofu cuğlamış əsl sahibini tapdı. Yəni ataların dili ilə desək, sözü at, sahibi tapar. Bu vəziyyətdə daha bir atalar sözünü xatırlatmaq yerinə düşər: “Xain xoflu olar”.
İllərdir status-kvonun saxlanmasında, düşmənin dirçəlməsində maraqlı tərəf olan İran hər vəchlə Qarabağ probleminin uzanmasına çalışıb, Ermənistanın dirçəlməsinə əlindən gələn köməyi edib. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını almaq məqsədi ilə əks-hücuma başlayan Azərbaycan Ordusunun uğurlarını və Cənubi Azərbaycanda yaşayan Azərbaycan türklərinin ayağa qalxdığını gördükdə tərəflər arasında vasitəçilik etməyə cəhd etsə də, nə Rusiya, nə də Ermənistan tərəfindən qəbul edildi. İranın vasitəçilik cəhdlərinin uğursuzluqları - 1992-ci ilin may ayında Şuşanın işğalı ilə Azərbaycan hökumətinin yaddaşında qaldığı üçün rəsmi Bakı da bu vasitəçilikdə maraqlı deyildi. Bunun üçün kifayət qədər səbəblər də var. İranın illər ərzində saxta təbəssümü həm Cənubi, həm də Şimali azərbaycanlılar qarşısında öz etibarsızlığını sübut edib. İran üzərindən Ermənistana silah daşınması, davamlı iqtisadi yardım, qardaş münasibəti məhz bu münaqişənin həllini sonsuza qədər uzatmağa, Azərbaycanın başını Qarabağ konflikti ilə məşğul etməyə xidmət edib. Azərbaycan Ordusu İran sərhədi boyu işğal olunmuş əraziləri işğaldan azad edən kimi İran tərəfinin öz qoşunlarını dərhal həmin ərazilərin sərhədinə yerləşdirməsi, Zəngilandan Naxçıvana quru yolunun çəkilməsinə dərhal mənfi reaksiya göstərməsi və İran hökumətinin bu və digər reaksiyalarının məntiqi mənası tamamilə aydındır...
Şair ruhlu, fikirlərini poetik məzmunda söyləməyi sevən, xüsusilə də qardaşının uğurundan şövqə gələn cənab Ərdoğanın “Arazı ayırdılar” misralarını ifadə etməsi şovinistlərin hər zaman qəlbində sızlayan yaralarını yenidən qanatdı. Və ardınca bütün Cənubi Azərbaycan “Ay Laçın”, “Arazı ayırdılar” mahnılarını oxumağa, barmaqlarını birləşdirib türk birliyinin simvolu olan bozqurd işarələrini nümayiş etdirməyə başladılar.
Demək, tarixi proseslərin, ilahi həqiqətin qarşısını heç bir diktatura almaq qüdrətində deyil. Yatmış Aslanın yuxusunun ömrü qarnının acmasına qədərdir.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər