Vətən müharibəsi şəhidlərinin ildönümü qeyd olunub

Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi Xəzər rayonunda hər zaman böyük ehtiramla yad olunur.
Şəhidlərin ildönümü ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, onun müavinləri və Aparatın şöbə müdirləri tərəfindən Vətən müharibəsi şəhidləri Yaqubzadə Yaqub Eldəniz oğlunun və Nuriyev Hikmət Mübariz oğlunun ailələri ziyarət edilib.
Ziyarətlər zamanı şəhidlərin ailə üzvləri ilə səmimi söhbətlər aparılıb, onların qayğı və problemləri ilə maraqlanılıb. Görüşlərdə Yaqub Yaqubzadə və Hikmət Nuriyevin Vətən qarşısında göstərdikləri fədakarlıqdan, torpaqlarımızın azadlığı naminə keçdikləri şərəfli döyüş yolundan söz açılıb. Bildirilib ki, şəhidlərimizin həyat yolu və göstərdikləri qəhrəmanlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.
Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu Qələbənin əldə olunmasında şəhidlərimizin misilsiz xidmətləri və göstərdikləri qəhrəmanlıq xüsusi yer tutur. Onların canı bahasına azad edilən torpaqlar bu gün Azərbaycanın dövlət bayrağının dalğalandığı müqəddəs məkanlara çevrilib.
Görüşlər zamanı şəhid ailələrinin dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğu vurğulanıb. Şəhidlərimizin ailələrinin sosial rifahının yaxşılaşdırılması, onların müraciət və problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyi bildirilib.
Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, onlara göstərilən mənəvi dəstəyin xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər. Onlar Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya şəhid ailələrinə göstərilən davamlı diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Vətən uğrunda canından keçən Yaqub Yaqubzadənin və Hikmət Nuriyevin əziz xatirəsi daim ehtiramla yad olunacaq. Onların qəhrəmanlığı xalqımızın yaddaşında yaşayacaq, adları isə Azərbaycanın şanlı Zəfər tarixinin unudulmaz səhifələrindən biri kimi gələcək nəsillərə çatdırılacaq.
Qəni Hüseynov Qanun və hədəf qəzetinin şöbə müdiri




















