Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

MÜSTƏQİLLİK TARİXİMİZƏ ŞAHİD OLMUŞ MƏKANDA ELM ÖYRƏTMƏYİN VƏ ÖYRƏNMƏYİN MƏSULİYYƏTİ

Baxılıb: 647     Tarix: 27-05-2022 12:20   
ADAU-nun rektoru İbrahim Cəfərov: “Biz çox böyük qürur duyuruq ki, universitetin inzibati binası məhz AXC-nin fəaliyyət göstərdiyi binada yerləşir. Bu bina gələcəkdə hər bir kəs, uşaq, böyük üçün ziyarətgaha çevrilməlidir, məktəbə gedən də, evlənən də məhz bu binanı ziyarət etməlidir”.

Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparıb, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda - XX əsrin əvvəllərində istiqlaliyyətinə qovuşub.

1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla, milli dövlətçilik salnaməmizi zənginləşdirib. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

1991-ci ildən yenidən öz müstəqilliyinə qovuşan Azərbaycanın müstəqillik tarixi 1993-cü ildən dönməz xarakter alıb. Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirən, cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət verən ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan xalqının dövlətçilik tarixi, qədim mədəniyyəti bütün çətinliklərə baxmayaraq imkan verdi ki, xalqımız yenidən dövlətçiliyini bərpa etsin və tariximizə şanlı səhifələrini yazsın”.

Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “...Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb”.

Ulu Öndərin 1998-ci ilin yanvar ayında imzaladığı Sərəncamla Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. Ümummilli liderimizin layiqli varisi Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və Cümhuriyyətin 100 illik yubileyi çox yüksək səviyyədə qeyd edilib.

O vaxt ölkəmizin paytaxtı Bakının bolşevik rejiminin əlində olduğu üçün Azərbaycanın dövlət müstəqilliyinin elan olunması haqqında qərar Gürcüstanın paytaxtı Tiflis şəhərində qəbul edilib. Azərbaycan Cümhuriyyətinin liderləri bilirdilər ki, onlar Tiflisdə uzun müddət qala bilməyəcəklər. Onlar ölkəyə sahib çıxmalı, bunun üçün də Bakını bolşevik ermənilərdən azad etməli idilər. Birbaşa Bakıya getmək mümkün deyildi. Cümhuriyyət rəhbərləri dünya dövlətlərinə müstəqilliklərini elan edərkən paytaxt olaraq Gəncəni göstərirdilər.

Tiflisdə istiqlalını elan edən AXC hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. Gəncə şəhəri Cümhuriyyətin müvəqqəti paytaxtı elan edildi. İyunun 17- də axşam Gəncədə Fətəli xan Xoyskinin rəhbərliyi ilə ikinci hökumət quruldu. Azərbaycan Xalq Cümhuriyyətinin üç ay ərzində Gəncədəki fəaliyyəti tariximizə dövlətçiliyimizin şanlı səhifələrindən biri kimi yazıldı. Eyni zamanda, Cümhuriyyət öz tarixinin ən məhsuldar dövrünü Gəncədə yaşandı. Üç ay ərzində Gəncədə xalqın taleyi ilə bağlı yüzdən artıq qanun və qərar qəbul edildi, Azərbaycan dili dövlət dili elan olundu. İlk dəfə al qırmızı ay-ulduzlu bayrağımız Gəncədə ucaldıldı. Üzeyir Hacıbəylinin redaktorluğu ilə “Azərbaycan” qəzeti də məhz Gəncədə işıq üzü gördü. 1804-cü ildən adı dəyişdirilən şəhərin tarixi adı özünə qaytarıldı. Qaryagin qəzası Cəbrayıl qəzası adlandırıldı, Ağdaşa şəhər statusu verildi, Zaqatala dairəsi Azərbaycan Cümhuriyyətinin tərkibinə daxil edildi. Dövlətin sosial–iqtisadi, maliyyə əsaslarını yaratmaq, sərhəd rayonlarında mühafizə, gömrük postlarının təşkili, bank əməliyyatlarının nizama salınması və digər istiqamətlərdə əməli addımlar atıldı. 1918-ci il mart qırğınlarını, daşnakların Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri araşdıran Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Komissiya qısa bir vaxtda 36 cild və 3500 vərəqdən, 100-dən çox fotoşəkildən ibarət təhqiqat materialları hazırladı və dünya ictimaiyyətinə çatdırmaq üçün konkret işlər gördü. Hərbi nazirlik təsis edildi, Azərbaycan Milli Ordusunun təşkili sahəsində ilk addımlar da Gəncədə atıldı. Azərbaycan dövlətçiliyini qorumaq, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün real işlər görüldü, hərbi nazirlik, hərbi zavod yaradıldı. Hərbi mükəlləfiyyət haqda qərar qəbul edildi.
Zabit kursları təşkil olundu. 1918-ci il iyunun 26-da isə Azərbaycan dövlətinin ilk nizami hərbi qüvvəsi olan müsəlman korpusu əsasında “Əlahiddə Azərbaycan korpusu” yaradıldı.

Beləliklə, Gəncə torpağında güc-qüvvə toplayan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il sentyabrın 17-də real bir qüvvə kimi Bakıya köçdü və fəaliyyətini paytaxtda davam etdirdi. Azərbaycan Xalq Cümhuriyyəti çox ağır zamanlarda cəmi 23 ay ömür sürməsinə baxmayaraq, böyük ideyaların əsasını qoydu. Müstəqillik itirilsə də, bu ideya xalqın qəlbində yaşayır, gələcəkdə yenidən müstəqilliyə qovuşmaq arzusu ilə çırpınırdı. O dövrdə atılan toxumlar öz bəhrəsini verməyə başladı, Azərbaycan xalqının azadlıq məfkurəsini milli ideyaya çevirdi...

Bu gün ölkəmizin aqrar sektorunu bilikli, bacarıqlı kadrlarla təmin edən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tarixi binası Xalq Cümhuriyyəti hökumətinin keçirdiyi iclaslara, verdiyi qərarlara şahidlik edib. Bina 1897-ci ildə inşa olunmuşdur. Binada ilk illərdə Gəncə Şəhər Duması (Zemstvo idarəsi) yerləşmişdir. 1908-ci ildə Gəncə qubernatorunun iqamətgahı olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, yəni I Xoyski və II Xoyski hökuməti bu binada fəaliyyət göstərib. Gəncənin memarlıq üslubuna uyğun olaraq kərpicdən tikilmiş iki binanın birində hazırda Azərbaycan Dövlət Aqrar Universiteti, digərində isə Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi yerləşir. Yeri gəlmişkən, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor  İbrahim Cəfərov Gəncəni AXC hakimiyyətinin əsas fəaliyyət məkanı adlandırıb.
 

O, AXC yaradıcılarının Gəncədəki 3 aylıq fəaliyyətini cümhuriyyət tarixinin zirvə dövrü kimi qiymətləndirib: “Bu şəxslər təkcə Gəncədəki 3 ay içində insan ömrünə sığmayacaq dərəcədə böyük işlər görüblər, çox mühüm qərarlar veriblər. Onların qarşısında yalnız baş əyməliyik. Bakıda döyüş getdiyi zaman bu şəxslər çəkinmədən işlərini görüblər, dünyaya çıxıblar, dövləti tanıdıblar. Cümhuriyyət qurucuları arasında gəncəlilər də çox olub. Biz çox böyük qürur duyuruq ki, universitetin inzibati binası məhz AXC-nin fəaliyyət göstərdiyi binada yerləşir. Bu bina gələcəkdə hər bir kəs, uşaq, böyük üçün ziyarətgaha çevrilməlidir, məktəbə gedən də, evlənən də məhz bu binanı ziyarət etməlidir”.

Bu gün Azərbaycan Xalq Cümhiriyyətinin tarixi binasında yerləşən ADAU-nun professor – müəllim heyəti, tələbə kontingenti öyrətmək və öyrənmək vəzifələrini həyata keçirərkən, həm də fəaliyyət məkanlarının onlara aşıladığı qürur hissinin təsiri altındadırlar, tarixə şahid olmuş divarların arasında olmağın məsuliyyətini dərk edirlər. Bu nüans hər il 28 may bayram günü ərəfəsində Universitetdə keçirilən tədbirlərdə xüsusi vurğulanır.

Mayın 26-da Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türk Ağsaqqalları Birliyi – TAİB ilə birgə 28 May - Müstəqillik gününə həsr olunan konfrans təşkil olunub. Konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarında keçən şəhidlərin əziz xatirəsi yad olunub. Tədbirdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Türk Ağsaqqalları Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Gəncə şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, ziyalılar, şəhər ictimaiyyəti, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Çıxış edən İbrahim Cəfərov xatırladıb ki, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını yenidən ucaldan və Azərbaycan xalqının əbədi müstəqilliyini təmin edən şəxsiyyət xalqımızın ümummilli lideri Heydər Əliyev olub: “Ümummilli Liderin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında alınmış tarixi qərara əsasən Azərbaycanın müstəqilliyinin əsas atributlarından olan AXC-in üçrəngli bayrağı qəbul olundu və bu bayraq ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas salonunda yüksəldi”.

Rektor deyib ki, bu gün Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun davam etdirilir: “Azərbaycan beynəlxalq aləmdə turizm, tolerantlıq diyarı, idman ölkəsi olmaqla yanaşı, eyni zamanda innovasiyalar və informasiya-kommunikasiya texnologiyaları ölkəsi kimi də tanınmaqdadır”.

Türk Ağsaqqalları Birliyinin sədri Sudeif İmamverdiyev çıxış edərək, zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət olduğunu qeyd edib. O, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının tarixi qələbəsindən, işğaldan azad olunmuş torpaqlarda görülən tikinti-bərpa və quruculuq işlərindən də danışıb.

Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk Xalq Cümhuriyyətinin mövcudluğunun uzun sürmədiyini və bolşevik işğalı nəticəsində Azərbaycanın uzun müddət Sovet İttifaqının tərkibində olduğunu qeyd edib. O, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini çətinliklə və qurbanlar hesabına bərpa etdiyini, lakin müstəqilliyin ilk illərində siyasi və iqtisadi problemlərlə yanaşı, Ermənistanın hərbi təcavüzünə məruz qaldığını söyləyib. Konsul ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və təcrübəsi sayəsində Azərbaycanın çətin vəziyyətdən xilas olduğunu və özünün inkişaf mərhələsinə qədəm qoyduğunu deyib.

Digər çıxış edən natiqlər 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifələrdən biri olduğunu diqqətə çatdırıblar.

Sonra tədbir bədii hissə ilə davam etdirilib. Tələbələrin ifasında vətənpərvər mahnılar oxunub, şeirlər söylənilib. Həmçinin, Azərbaycan və qardaş Türkiyənin milli rəqsləri nümayiş olunub, mahnıları səsləndirilib.

Sonda tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyəti muzeyi ilə tanış olublar. Burada onlara tarixi və maddi mədəniyyət örnəkləri, numizmatika nümunələri, rəsm əsərləri, xalça və xalça məmulatı, bədii tikmələr, bəzək əşyaları və digər sənət əsərləri haqqında məlumat verilib.


Müsəlman Şərqində ilk demokratik və hüquqi dövlət kimi istiqlaliyyətini bütün dünyaya bəyan edən Azərbaycan Xalq Cümhuriyyətinin varisi müasir Azərbaycan Respublikasının müstəqilliyi ulu öndər Heydər Əliyevin dediyi kimi, əbədidir, daimidir, dönməzdir. 
 
Qələmə aldı: Pünhan Şükürшаблоны для dle 11.2



Ən çox oxunanlar