Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Plastik cərrah Mahir Əliyev dünyada bir ilkə imza atdı

Baxılıb: 780     Tarix: 25-09-2023 10:27   
 
Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı plastik, rekonstruktiv və estetik cərrah, uzman doktor Mahir Əliyevdir. İxtisası üzrə bir neçə cərrahi yeniliklərə imza atan M.Əliyev dünyada ilk sayılan əməliyyatını beynəlxalq tibbi konfransda təqdim edib. Müsahibimiz “Azərbaycan flebi” adını verdiyi bu yenilik haqqında suallarımızı cavablandırıb.
“Qafqazinfo” müsahibəni  təqdim edir:
Arayış
Peşəkar plastik, rekonstruktiv və estetik cərrah Uzm. Dr. Mahir Əliyev 1990-cı ildə Azərbaycan Tibb Universitetinə daxil olub və 1996-cı ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib. 2001-2006-cı illərdə Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasında (GATA) plastik, rekonstruktiv və estetik cərrahiyyə ixtisası üzrə uzmanlıq təhsili alıb. O, 2003-cü ildən indiyədək 50-dən çox yerli və beynəlxalq konfransa qatılıb. 20-dən çox konfransda rekonstruktiv cərrahiyyə üzrə məruzələrlə çıxış edib.
M.Əliyev Ümumdünya Plastik, Rekonstrukstiv və Estetik Cərrahiyyə Dərnəyinin, Azərbaycan Respublikası Plastik, Rekonstrukstiv və Estetik Cərrahiyyə Cəmiyyətinin üzvüdür.
Hazırda DTX Hərbi-Tibb Baş İdarəsinin Hospitalında çalışır.
-Ölkəmizdə plastik, rekonstruktiv və estetik cərrahiyyə üzrə bir neçə yeniliklərə imza atmış cərrahsınız. Yaxın günlərdə Türkiyədə keçirilən beynəlxalq tibbi konfransda həyata keçirdiyiniz yeniliklərdən birini təqdim etdiniz. İstərdim öncə bu konfrans haqqında məlumat verərdiniz. 
-Konfrans bu il sentyabrın 14-16-da Türkiyənin qədim şəhərlərindən biri olan Konyada keçirildi. Səlcuq Universitetinin Plastik, rekonstruktiv və estetik cərrahiyyə kafedrası tərəfindən təşkil edilmişdi. Balkan dövlətlərinin plastik, rekonstruktiv və estetik cərrahiyyə üzrə 12-ci BAPRAS Konfransı idi. Balkan ölkələrindən başqa, Cənubi Koreya, Özbəkistan, Qırğızıstan, Azərbaycan və Qazaxıstan da iştirak edirdi. Sevindirici haldır ki, ölkəmizi 5 məruzəçi azərbaycanlı cərrahla təmsil etdik.
-Hər il beynəlxalq konfranslara məruzəçi qismində qatılırsınız. Adətən, çıxışlarınız hansı mövzularda olur? 
-Hər il yerli və beynəlxalq olmaqla 4-5 konfransa qatılıram. Çıxışlarım daha çox dodaq-damaq yarıqları, yanıq rekonstruksiyası, yuxarı və aşağı ətraflarda odlu silah yaralanmalarının bərpası kimi rekonstruktiv, eləcə də estetik cərrahiyyəyə aid mövzularda olur.  
-Məruzələriniz xarici həmkarlarınız tərəfindən necə qarşılanır? 
-Maraqla qarşılandığını deyə bilərəm. Çünki hər çıxışdan sonra yaxınlaşıb tanış olan, təqdim etdiyim əməliyyatla bağlı suallar verən xarici həmkarlarım olur. Bu cür tanışlıqlardan dostluqlarımız da yaranır. Bu həm də ölkəmizi tanıtmaq üçün bir fürsətdir.
2018-ci ildə Bakıda hərbi cərrahiyyə üzrə XXX Ambre Pare adına Ümumdünya Hərbi Cərrahiyyə Forumu (APİMSF - Ambroise Pare International Military Surgery Forum) keçirildi. Böyük bir qurultay idi. İki məruzə ilə çıxış etdim. Hər iki mövzu da forum iştirakçıları tərəfindən maraq və rəğbətlə qarşılandı.
 -Son konfransda “Azərbaycan flebi” adlı cərrahi yeniliyinizi təqdim etdiniz. Bu barədə oxucularımıza məlumat verərdiniz. 
-Bu, tək ölkəmizdə deyil, dünyada bir ilkdir. Hər müəllif imza atdığı yeniliyə istədiyi adı verə bilər. Bu onun təbii haqqıdır. Adətən, tibdə yeniliklər həkimlərin adları ilə bağlı olur. Mən də bu yeniliyi “Mahir flebi” adlandıra bilərdim. Amma istədim ki, ölkəmin ismini daşısın.
-Fleb nədir? 
-“Fleb” plastik cərrahiyyədə ən çox istifadə olunan terminlərdən biridir. Hər kəsin anlaya bilməsi üçün daha sadə bir dildə izah etməyə çalışacağam.  Bədənin bir hissəsindən damar bağlantısı ilə toxumanı götürüb başqa bir nahiyəyə köçürməklə icra edilən bir əməliyyat növüdür. Fleb cərrahiyyəsinin ən yüksək zirvəsində isə mikrocərrahiyyə yolu ilə toxumanın bədənin bir nahiyəsindən başqa bir nahiyəsinə köçürülməsi dayanır. Bu əməliyyatın uğurla nəticələnməsi üçün həm toxunmanın bütövlüyü qorunmalı, həm də onu qidalandıran  damarlar zədələnməməlidir. Söhbət bəzən diametri 1 mm-dən də az olan kiçik damarlardan gedir. Bir sözlə, yüksək peşəkarlıq və təcrübə tələb edən çox incə bir işdir. Ən kiçik bir xəta əməliyyatın uğursuzluqla nəticələnməsinə səbəb ola bilər. Toxumalar köçürüldüyü yerdə alıcı damarlar hazırlanır. Qidalandırıcı damarlar alıcı damarlara mikroskop altında tükdən dəfələrlə incə olan xüsusi tikiş materialları ilə qarşılıqlı tikilir. Bu cür əməliyyatların müddəti 10 saatdan çox çəkir.
-Bununla da əməliyyat tamamlanır? 
-Əməliyyat başa çatır. Amma bununla iş bitmir. Alıcı sahədən gətirilən toxumaya qan axını normal səviyyədə təmin olunmalıdır. Sadə dillə desək, toxuma qanla bəslənməlidir ki, orqanizm onu qəbul etsin. Bu xəstələr üçün ilk iki həftə çox önəmlidir. Ciddi həkim nəzarəti olmalıdır. Əgər yeni toxumaya qan yetərli qədər axmasa, yaxud da damarda tromb yaransa, nəticə uğursuz olar. Bu cür ağır əməliyyatlar universitet xəstəxanalarında icra olunur. Çünki dediyim kimi, 24 saat ciddi nəzarət lazımdır. Bu xəstəxanalarda tələbə və assisentlər olur ki, onlar da nəzarət işinə kömək edirlər. Bizdə isə bu əməliyyatları Silahlı Qüvvələrin Baş Klinik Hospitalında icra etdiyim üçün xəstəyə nəzarəti təkbaşına etməli olurdum. Belə bir əməliyyat etdinsə, gərək evi-eşiyi unudub günlərlə xəstəxanada qalasan.  
-“Azərbaycan flebi”ndə cərrahi yenilik nədən ibarətdir? Belə bir yenilik hansı zərurətdən yarandı?
 -Mümkün qədər elmi terminlərsiz, sadə dillə izah etməyə çalışacağam. II Qarabağ müharibəsi zamanı bomba partlaması nəticəsində Rəşad Əliyev adlı qazimiz gözündən və ayağından ağır yaralanır. Bir gözünü itirən gəncin ayağı da amputasiya olunmalı idi. Qəlpə bayır topuğundan girib içəri topuğundan çıxmış və aşıq-baldır oynağında boruşəkilli bir defekt yaranmışdı. Bu defekti aradan qaldırmaq üçün tibbi ədəbiyyatlarda yazılan üsul yetərsiz idi. Çünki məlum tibbi məlumatlara görə, mən xəstənin yalnız bir topuğunu bağlaya bilərdim, digəri isə açıq qalacaqdı. Belə olan halda sərbəst “VRAM” və “DİEP” fleblərinin bu günə qədər plastik cərrahiyyədə tərif olunmayan yeni kombinasiyasını tətbiq etməli oldum. Bu iki fərqli flebi birgə tətbiq etməklə xəstənin topuq defektini aradan qaldırmağa nail oldum.
Onu da qeyd edim ki, “VRAM” flebi ilk dəfə 1979-cu ildə Holmstrom, “DİEP” flebi isə 1988-ci ildə Koşima və Soeda adlı cərrahlar tərəfindən istifadə olunub. Bu iki flebin kombinasiyası isə dünyada ilk dəfə 2020-ci ildə tərəfimizdən icra edilib. Bu, dünya plastik cərrahiyyə ədəbiyyatında bir ilkdir!  
-Bu gün qazi Rəşad Əliyev məhz sizin həyata keçirdiyiniz yenilik sayəsində rahat gəzir. Kənardan baxanda belə bir ağır əməliyyat keçirdiyi hiss olunmur. Bu yeniliyi tətbiq etdiyiniz zaman uğurla nəticələnəcəyinə tam əmin idiniz? 
-Buna cəhd etməli idim. II Qarabağ müharibəsi zaman yaralı sayı çox idi. Mən özəl xəstəxanada çalışdığım komanda ilə birlikdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gəlib Ginekologiya şöbəsini plastik, rekonstruktiv cərrahiyyə şöbəsinə çevirməli oldum. Orada çalışan hər kəsin bu ağır əməliyyatlarda əməyi var. Təsəvvür edirsinizmi, gözünü itirmiş bir gəncin ayağının da amputasiyası ona necə ağır təsir edərdi. Bu tip yaralanmalar əksər hallarda dizaltı amputasiya ilə nəticələnir. Amputasiya ən asan çıxış yoludur. Ən çoxu cərrahın 1-2 saat vaxtını alardı. Amma mən buna razı ola bilməzdim. Əgər zərrə qədər də bir ümid işığı var idisə, sonadək onun üçün çalışmalı idim. Bu gün Rəşad öz ayaqları ilə yeriyir, həyatına sağlam insanlar kimi davam edir. Rəşad tək deyildi. Onun kimi yuxarı və aşağı ətraflarını amputasiyadan xilas etdiyimiz 60-a yaxın yaralımız oldu.
- 21 il orduya şərəflə xidmət etmiş, Vətənə böyük bir sevgi və sədaqətlə bağlı bir hərbi həkim, tibb xidməti polkovnik-leytenantısınız. Konfransda çıxışınızı izlədim. “Azərbaycan flebi”ni Qarabağla, tariximizlə də bağladınız. Beynəlxalq tibbi konfransda bir əməliyyatın tarixi nüanslarla təqdimatı, adlandırılmasının Azərbaycanın xəritəsi ilə əsaslandırılması fərqli və maraqlı olması ilə yanaşı, həm də çox qürurverici idi.
-Bəli, bu, konfrans iştirakçıları tərəfindən də maraqla qarşılandı. Məruzəmin sonunda yeniliyi nə üçün Azərbaycan flebi adlandırdığımı da izah etdim. Bayır topuğunu örtmək üçün istifadə etdiyim kiçik dəri adasını Naxçıvan Muxtar Respublikası, içəri topuqdakı böyük dəri adasını Azərbaycan dövləti, hər iki dəri adasını bir-birinə bağlayan əzələni isə 44 günlük Vətən müharibəsindən sonra 10 noyabr bəyanatı ilə qazandığımız Zəngəzur dəhlizi kimi təsvir elədim. Bunu müqayisəli şəkildə xəritədə göstərərək 1920-ci ildən sonra Zəngəzurun Azərbaycandan qoparılması, torpaqlarımızın Ermənistan tərəfindən işğalı, Vətən müharibəsi və qazandığımız zəfər haqqında da konfrans iştirakçılarına məlumat verdim.
-Bu, Azərbaycan səhiyyəsi adına böyük bir uğur və qürurdur! Buna görə sizi təbrik edirik! “Azərbaycan flebi”nin patentini almısınızmı? 
-Almamışam. Bu mənim diqqətsizliyimdir. Gərək hər kəs özündə olan səhvi etiraf etsin. Xüsusən də ölkəmizin adını daşıdığı üçün mütləq patenti ilə də məşğul olacağam.
-Bu yeniliyin tibb dərsliklərinə salınması da yaxşı olardı.
- Təbii ki, yaxşı olardı. Onu da qeyd edim ki, nüfuzlu tibbi jurnallarda hansısa cərrahi yeniliklə bağlı məqalənin dərci üçün əməliyyat ən azı 7-8 xəstə üzərində tətbiq edilməlidir. Yetərli pasiyent sayına çatdığımız zaman rahatlıqla məşhur elmi dərgilərdə çap etdirmək olar. O zaman tibbi ədəbiyyata da daxil edilə bilər.
-Bir neçə yeniliklərə imza atmış cərrah olaraq, uğurlarınızda daha çox kimin payı var? 
-İlk növbədə, təhsilimizə xüsusi diqqət edən valideynlərimə və böyük qardaşım İlham Əliyevə minnətdaram! Həkim ailəsində böyümüşəm və evimizdə 4 uşaqdan 3-ü Azərbaycan Tibb Universitetini bitirib. Daha sonra müəllimlərimə, xüsusən də “Gülhanə”də mənə təhsil verən Plastik, rekonstruktiv və estetik cərrahiyyə kafedrasının professor, dosent heyətinə, başda kafedra müdirim professor Mustafa Şəngəzər olmaqla dəyərli müəllimlərim Murad Türegünə, Mustafa Dəvəçiyə və adlarını çəkmədiyim onlarla ustadıma təşəkkür edirəm! Onlar II Qarabağ müharibəsi zamanı da məni tək qoymayıb, Bakıya yaralıları əməliyyat etməyə gəldilər.
-Bəs şəxsi bacarıq?
-Əlbəttə ki, savad və bacarığın da çox payı var. İnkişaf etmək istəyən cərrah daima öz üzərində çalışmalı, yenilikləri təqib etməli və mütaliədən uzaq düşməməlidir.
- Bəs ölkəmizdə bugünkü gündə plastik cərrahiyyənin inkişafını necə dəyərləndirirsiniz? 
-Açığı desəm, Azərbaycanda plastik cərrahiyyə bəlkə də tibdə ən acınacaqlı vəziyyətdə olan sahədir. Doğrudur, son illərdə Türkiyə də olmaqla bir çox xarici ölkədə yetişmiş savadlı, peşəkar plastik cərrahlarımız var. Amma əfsuslar olsun ki, heç bir nəzəri biliyə sahib olmadan, bu sənətin təhsilini almadan "plastik cərrah" kimi çalışanların sayı bu ünvana haqqı çatanlardan dəfələrlə çoxdur. Axşam nevropatoloq, ümumi cərrah kimi yatıb səhər "plastik cərrah" kimi oyanan insanları şiddətlə qınayıram. Məncə, bu hal Azərbaycan səhiyyəsi adına ləkədir. Düşünürəm ki, yaxın zamanda bu kimi neqativ hallara son qoyulacaq. Artıq on ildir ölkəmizdə plastik cərrahiyyə üzrə rezidentura təhsili verilir. Sənətə yiyələnmək istəyən zəhmət çəkməli, digər ixtisaslar kimi təhsil almalı, imtahan verdikdən sonra plastik, rekonstrukstiv və estetik cərrah adını qazanmalıdırlar. Başqa bir üzücü hal isə hələ də Azərbaycan Tibb Universitetində Plastik cərrahiyyə kafedrasının olmamasıdır.

Qanunvehedef.az

 


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar