Samir Mustafayev Həkim –kardioloqla müsahibə
Baxılıb: 1 236 Tarix: 09-10-2018 09:45
Qanunvehedef.az saytı olaraq, tibbi sahəyə marağı artırmaq niyyəti ilə tibb müəssisələrinə baş çəkir.Bu dəfə ürəyin işemik xəstəliyinin ən ağır forması olan Miokard infaktının baş vermə səbəbləri, əlamətləri və risk faktorları haqqında danışacayıq. Sağlamlığımızın qeydinə necə qalmalıyıq bu və ya digər suallarımıza aydınlıq gətirmək üçün Mərkəzi Gömrük Hospitalın həkim –kadioloqu Dr.Samir Mustafayev ilə həmsöhbət olduq.
Miokard infakt nədir?
"Kəskin miokard infakt ürəyin işemik xəstəliyinin ən ağır formasıdır. Ürəyi qidalandıran koronor tac damarların tamamilə tutulması nəticəsində ürəyə gedən qan axınının dayanmasıdır. Beləliklə burada neykrotik bir proses başlanır. Xəstələrdə daha çox sinə hissəsində xüsusən döş sümüyünün arxasında göynədici, yanma, ağrılar baş verir. Bu ağrılar zaman-zaman sol qola, mədə və boğaz nahiyəmizə qədər yayılır və dözülməz ağrılarla müşahidə olunur.
Zədələnmə sahəsinin ölçüsündən asılı olaraq miokard infarktının 2 tipi qeyd edilir:İri ocaqlı miokard ifarktı – bu zaman ürək əzələsinin bütün qatları zədələnir.
Kiçik ocaqlı miokard ifarktı – bu zaman ürək əzələsinin bütün qatları zədələnmir.
Ürək əzələsinin (miokardın) ön divarının iri ocaqlı infarktları daha təhlükəli hesab olunur. Miokardın arxa və ya yan divarının infarktları, xüsusən də kiçik ocaqlı (bütün qatları zədələməyən) infarktların nəticələri nisbətən daha az travmatik hesab edilir. İnfarktdan sonra ürək əzələsinin zədələnmiş sahəsində insanın ömrünün sonuna qədər çapıq qalır.
Miokard infarktının baş vermə səbəbləri hansılardır?
-Ürəyin tac arteriyalarının trombozu;
-Ürəyin tac arteriyalarının tromboemboliyası;
-Ürəyin dəyişilmiş (patologiyalı) tac damarlarının uzun müddətli spazmı;
-Dəyişilmiş tac damarlara malik ürəyin fiziki gərginlik şəraitində işləməsi.
-Ürəyin tac arteriyalarının trombozu aterosklerozun ürək forması zamanı tac arteriyalarda meydana çıxmış aterosklerotik düyünlərin yaralanması və damarların tamlığının pozulması nəticəsində inkişaf edir.
-Ürəyin tac arteriyasının tromboemboliyasına çox az hallarda rast gəlinir. Tromb tac areteriyaya ya endokarditlər zamanı sol mədəcikdən gəlir, ya da tac arteriyanın özünün başlanğıc hissələrində formalaşmış trombun qoparaq bir qədər sonrakı şaxələrdən birinin mənfəzini tutmasından ibarət olur.
-Ürəyin tac damarlarının uzunmüddətli spazmı daha çox rast gəlinən səbəblərdən biridir. Bu zaman ateroskleroza məruz qalmış tac arteriyaların, yaxud da hialinozlu arteriolların uzun müddətli (20-30 dəqiqədən çox) spazmı onların vaskulyarizasiya etdikləri sahənin qan təchizatının tamamilə kəsilməsinə səbəb olur.
-Dəyişilmiş tac damarlara malik ürəyin fiziki gərginlik şəraitində işləməsi miokardın qan təchizatının nisbi olaraq kəskin pisləşməsinə səbəb olur. Belə ki, tac arteriyalarda hialinozla əlaqədar miokardın qan təchizatı onsuz da pisləşmiş olur və belə şəraitdə çətinliklə də olsa işləyir. Fiziki gərginlik, taxikardiya hallarında miokardın qana olan tələbatı əhəmiyyətli dərəcədə çoxalır, lakin ona gələn qanın miqdarı isə əvvəlki kimi zəif olur.
Miokard infarktının əsas əlamətləri haqqında nə deyə bilərsiniz?
Miokard infarktının əsas əlaməti döş sümüyü arxasında, ürək nahiyəsində stenokardiyaya xas 20-30 dəqiqə, bəzən bir saat davam edən şiddətli, dözülməz ağrıdır. Ağrı qəflətən, bəzən huşun itməsi ilə meydana çıxır, sağ qabırğa altında, qarnın üst hissəsində olur, qarın köpür, ağrılı və gərgin olur. Bu, mədə formasıdır. Ağrılar sol qola, çiyinə, boyuna vurur. Nitroqliserin kömək etmir. Bəzən tutma ürək astması tutması ilə başlanır. Bu zaman xəstə oturaq və yayarımoturaq vəziyyət almağa məcbur olur. Bu formada ölüm faizi çox olur. Temperatur tutmadan 2 gün sonra yüksəlib 38-38,5 dərəcəyə çatır. Leykositoz olur, EÇS artır. Bədən yapışqan tərlə örtülür, boz rəng alır. Nəbz kiçik, tezləşmiş olur. Arterial təzyiq azalır, ağciyərlərdə yaş xırıltılar eşidilir, boğulma baş verir. Bəzi xəstələrdə miokard infarktı ağrısız, ürək-damar çatışmazlığı şəklində keçir.
Miokard infarktının risk faktorlarını hansılardır?
— yaş fakoru – insanın yaşı artdıqca onda miokard infarktının baş vermə riski də artır;
— əvəllər, xüsusən kiçik ocaqlı miokard infarktının keçirilməsi;
— cinsi faktor. 50 yaşınadək (menopauza-klimaks dövrünədək) olan qadınlarda miokardın infarktı kişilərə nisbətən xeyli az hallarda təsadüf edilir. Buna səbəb bu həddə qədər olan müddətdə qadınların qanında olan estrogen və digər qadın cinsi hormonların təsiri nəcəsində arteriyaların aterosklerotik zədələnmədən qorunmasıdır. Klimaks baş verdikdən sonra qadınlarda bu hormonların səviyyəsi kəskin azalır və nəticədə miokard infarktının baş verməsi ehtimalı kişilərdə olduğu səviyyəyə qalxır. Beləliklə, erkən klimaksın baş verməsi – miokard infarktının risk faktorlarından biri hesab olunur;
— irsi faktor — ən yaxın qohumlarda (ata, ana, nənə, baba, qardaş və bacıda) ürəyin işemik xəstəliyi, miokardın infarktı, beyin insultu kimi xəstəliklərin nisbətən erkən (xüsusən də 55 yaşadək) yaşlarda təsadüf etməsi;
-siqaret çəkmə (çünki ürəyin tac damarlarının daralmasına səbəb olur və ürəyin qanla təminatını azaldır)
- piylənmə, hərəki aktivliyin çatışmazlığı. Həmçinin miokard infarktı ürəyin işemin xəstəliyinin ilk əlaməti ola bilər.
-hipertoniya xəstəliyi
-şəkərli diabet
İnfarktın profilaktikası
Miokard infarktının profilaktikası – ildə bir dəfə dispanserizasiya və ürəyin işemik xəstəliyi, hipertoniya, ateroskleroz və s. kimi xroniki xəstəliklərin vaxtında adekvat terapiyasıdır.
Miokard infaktın diaqnozu hansı müayinələr vasitəsilə təyin edilir?
Miokard infaktı xəstəliyinin diaqnozunu EKQ və exokardioqrammanın nəticələri təsdiq edir. İşemik xəstəliyin diaqnozu, koronar angioqrafiya (koronaroqrafiya) vasitəsiylə tac damarların vəziyyətinin qiymətlədirilməsi üçün bir əsasdır.
Xüsusi üsulla hazırlanmış rentgen şəkilləri aterosklerotik piləklərin yerini və koronar arteriyaların daralma səviyyəsini müəyyən etməyə imkan yaradır. Göstərişlər olduqda aşkar edilmiş daralmalar damarın içindən genişləndirilə bilər – bu prosedur koronar angioplastika adlanır. Bundan başqa, koronar arteriyaya stent impantasiya edilə bilər – damarı açıq vəziyyətdə saxlayan metallik karkas. Ayrı-ayrı hallarda mürəkkəb əməliyyat həyata keçirilər – aortokoronar şunt yerləşdirmə.
Kəskin miokard infakt zamanı xəstələrə necə yardım edilməlidir?
Kəskin miokard infakt zamanı xəstələrin edəcəyi ilk şey təcili tibbi yardım briqadasını çağırmaqdır. Təcili tibbi yardım briqası gələnə qədər xəstəyə aspirin preparatı çeynətmək lazımdır. Ən azından bunu ettiyimiz zaman inkatın qarşısını 20-25 % almış oluruq. Miokard infaktı keçirən xəstə təcili tibbi yardım müşayiəti ilə ən yaxın və ya təkmilləşmiş konorar angeqrafiya və stend əməliyyatı olunan mərkəzə çatdırmaq lazımdır. Burada məqsəd ürək əzələ gücü zərər görmədən, neykrotik proses daha böyük əzələ kütləsini əhatə etmədən vaxdında o damara müdaxilə olunub açılmalıdır. Bu prosesin davam etməsi 2-3 saatdan başlanır, ağrının davam ettiyi 8-10 saatı keçmədən də buna müdaxilə olmalıdır. İnfakt prosesi başladığı bir müddətdə o damarı nə qədər tez açsaq, ürəyi qorumuş oluruq.
Miokard infarktının fəsadları ola bilərmi?
Vaxtında müalicə olmadıqda miokard infarktı kəskin ürək çatışmazlığına, kardiogen şoka, ürək partlamasına, ürək ritminin pozulmasına və digər təhlükəli hallara gətirə bilər.
Ən çox oxunanlar
Son xəbərlər