Vens Netanyahudan Qəzza üçün şans istədi
Baxılıb: 753 Tarix: 23-10-2025 14:11

ABŞ-ın vitse-prezidenti Cey Di Vens İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar zamanı Qəzza zolağında münaqişənin həlli üzrə sülh sazişinin növbəti mərhələlərinə keçid üçün şans və zaman verilməsini xahiş edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Axios” portalı iki yüksək vəzifəli amerikalı diplomat və bir israilli rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, 22 oktyabrda keçirilən görüş zamanı Vens Netanyahudan maksimum əməkdaşlıq göstərməyi xahiş edib və Vaşinqtonu narahat edən bəzi məqamları qeyd edib. O, xüsusilə son günlərdə İsrail hərbçilərinə qarşı hücumlara cavab olaraq HƏMAS tərəfdarlarının mövqelərinə endirilən zərbələrə və Qəzzaya humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətlərə diqqət çəkib, İsrail tərəfini təmkinli olmağa çağırıb.
Mənbələrin bildirdiyinə görə, Netanyahu ABŞ vitse-prezidentinə İsrailin sülh razılaşmasının çərçivələrinə sadiq qalacağını və yaxın vaxtlarda tərəflərin sazişin növbəti mərhələlərinə keçəcəyinə ümid etdiyini bildirib.
Nəşr qeyd edir ki, görüşün yekununda Ağ Ev Qəzzadakı vəziyyətin hazırkı gedişatından məmnunluq ifadə edib. ABŞ Prezidenti Donald Trampın administrasiyası hesab edir ki, vəziyyəti nəzarət altında saxlamaq və eskalasiyanın qarşısını almaq mümkün olub.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər