Taryel Ömərov-Bariatrik cərahiyyə yunan sözüdür (Yunanca baros – kilo, artıq çəki , iatria- müalicə) deməkdir. Bariatrik Cərrahla müsahibə
Baxılıb: 1 496 Tarix: 19-10-2018 09:10
Müsahibim Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, Laparoskopik Bariatrik və Metabolik cərrah, t.ü.f.d Taryel Ömərovdur. Həkimlə Bariatrik cərrahiyyənin tarixi, bariatrik əməliyyatlar haqqında danışacayıq. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:
Həkim, zəhmət olmasa Bariatrik cərrahiyyənin tarixi haqqında oxucularımızı məlumatlandırmağınızı sizdən xahiş edirik?
Bariatrik cərrahiyyə artıq cərrahiyyənin ayrılmaz və önəmli bir sahəsi olmaqla günü-gündən inkişaf edir. Bariatriya – cərrahiyyənin piylənmənin müalicəsi ilə məşqul olan sahəsidir. Yunanca baros – kilo, artıq çəki , iatria- müalicə deməkdir. Son 50-60 ildə piylənmənin cərrahi müalicəsi üçün mədə həcminin azaldılması, yaxud qəbul edilən qidaların sorulmasını zəiflətmək, bəzən bunların tək, bəzəndə birlikdə tətbiqi ilə onlarla əməliyyat növü istifadə edilmişdir.
Bariatrik sözü ilk dəfə 1965-ci ildə, piylənmənin səbəb və müalicəsi ilə məşqul olan elm sahəsini təqdim etmək üçün istifadə olunmuşdur. Bariatrik cərrahiyyə 1990-cı illərdən laparoskopiyanın tətbiqi ilə daha geniş vüsət almışdır.
İlk dəfə 1983-cü ildə Amerikada Amerika Bariatrik Cərrahiyyə Dərnəyi (American Society of Bariatric Surgery – ASBS) yaradılmışdır. 1967-ci ildə Mason Gastrik Bypass əməliyyatını tətbiq etdi. Bu əməliyyat xüsusən Amerika başda olmaq üzərə uzun müddət dünyada ən çox tətbiq olunan əməliyyat növüdür. İtalyalı cərrah Nicolas Scopinaro 1976 –ci ildə daha geniş mədə həcmi incə bağırsaqda sorulmanın dahada zəifləmisini özündə ehtiva edən Biliopankreatik Şuntlama (BPD) əməliyyatını icra etdi. Kuzmak 1990-cı ildə ilk dəfə mədə bandını tətbiq etdi. 2001-ci ildə amerikalı cərrah Gagner Sleeve Gastrektomi-mədənin boruvarı rezeksiyası ilə icra edilən mədə kiçiltmə əmliyyatını tətbiq edərək bu sahədə çox böyük inkişafa səbəb oldu.
-Bariatrik Cərrahiyyə nədir?
-Piylənmədən əziyyət çəkən xəstələrin kilo vermələrinə kömək olmaq məqsədi ilə qida qəbulunun və ya qəbul ounmuş qidaların sorulmasının yaxudda hər ikisinin birdən azaldılması məqsədi ilə mədə-bağırsaq sisteminə cərrahi müdaxilə olunmasına “bariatrik cərrahiyyə” və ya “artıq çəki cərrahiyyəsi” deyilir. Bugün dünyada piylənmə və ona bağlı xəstəliklər getdikcə artmaqdadır. Ümumdünya Səhiyyə təşkilatının məlumatına görə dünyada 2 milyard insan piylənmədən əziyyət çəkir. Piylənmənin müalicəsində son illər cərrahi üsullar daha geniş vüsət və effekt almışdır. Bariatrik cərrahiyyə məhz bu əməliyyatları özündə əks etdirir.
- Son zamanlar mədə kiçiltmə əməliyyatına tələbat artıb. Bu nə ilə əlaqədardır?
-Əməliyyatın ən böyük üstünlüyü onun digər bariatrik əməliyyatlar arasında ən az riskli olması və həzm sisteminin fizioloji pozuntusuna səbəb olmamasıdır. Yəni, bu əməliyyatdan sonra da qidanın mədəyə, mədədən nazik bağırsağa keçməsi prosesi saxlanılır.
Digər bariatrik əməliyyatlarda isə yemək qida borusundan birbaşa nazik bağırsağa keçirilir. Ona görə, bu cür xəstələrdə sonra müəyyən problemlər əmələ gəlir və ömürələrinin axırına qədər dərman qəbul etmək məcburiyyətində olurlar. Mədə kiçiltmə əməliyyatından sonra isə belə problem ortaya çıxmır.Bu əməliyyatda risk kifayət qədər azdır.
Son zamanlar bu əməliyyatın belə dəb halmasına, geniş yayılmasına səbəb isə fikrimcə, tez bir zamanda nəticənin əldə olunması ilə bağlıdı. Artıq kilosu olan bəzi şəxslər bir neçə pəhrizdən istifadə edib nəticə əldə edə bilməyən və itirdikləri çəkini tez bir zamanda geri yığdıqları üçün müraciət edirlər. Əməliyyat nəticəsində isə artıq çəkilərdən birdəfəlik qurtulmaq mümkündür.
İkinci bir səbəb isə, biz gözəllik üçün deyil, sağlamlıq üçün çalışırıq. Şəkəri, oynaq, ürək-damar problemi olan şəxslər heç də hər zaman çəkilərini qoruyub saxlaya bilmirlər. Və çəki artdıqdan sonra bu cür problemi olan şəxslər çox zaman pəhriz tuta və idmanla məşğul ola bilmir. Ona görə, daha çox belə əməliyyatlara müraciət edərək nəticə əldə edirlər və artıq çəkiylə bağlı yaşadıqları problemlərdən xilas olurlar. Bütün bu səbəblərə görə də, son zamanlar mədəkiçiltmə əməliyyatı belə çox yayılıb.
- Kimlər mədə kiçiltmə əməliyyatı etdirə bilməz?
-
Hər bir insanın bədən kütlə indeksi var. Kütlə indeksini hesablamaq üçün insan çəkisini bölməlidir boyunun kvadratından alınan rəqəmə. Əgər bədən kütlə indeksi 20-25-dirsə, insan normal çəkidədir. 25-30 olduğu halda artıq biz kökəlməyə başlayırıq, bədən kütlə indeksi 30-35 olarsa, 1-ci dərəcəli piylənmə baş verir, bu rəqəm 35- 40 arasındadırsa, idman dieta və s. aparılan arıqlama tədbirləri effekt vermirsə, həmçinin yanaşı gedən bir sıra xəstəliklər yaranırsa, indeks 40-ın üzərindədirsə, o zaman əməliyyat tövsiyə olunur.
Bizə müraciət edən pasiyentlərin öncə, bədən kütlə indeksi yoxlanılır. Biz baxırıq əgər həmin xəstənin kütlə indeksi 30-35 olarsa, biz o şəxsi əməliyyat etmirik. Birbaşa yönləndiririk, həkim dietoloq qəbuluna.
Mədə problemi olan xəstələr mədə kiçiltmə əməliyyatı etdirə bilməz. Öncə, mədədə hansı xəstəlik varsa, o aşkarlanmalı, müalicə edilməli, daha sonar yenidən yoxlanmalı, əks göstəriş yoxdursa, əməliyyata girmək olar. Müraciət edən bütün xəstələr qan, ürək-damar, hormonal testlərdən keçməlidir.
Daha sonra biz qərar veririk ki, həmin xəstəni əməliyyat etmək olar ya yox.
Bu əməliyyat üçün yaş kriteriyası 18-60 yaş aralığıdır. Lakin həyati önəm daşıyan, hər hansı orqanın pozulması zamanı kriteriyanı pozuruq.
-Mədə kiçiltmə əməliyyatı haqqında nə deyə bilərsiniz?
-Mədə kiçiltmə əməliyyatı piylənmə xəstəliyini müalicə etməyin bir üsuludur: "Piylənmə xəstəlikdir və onu dieta ilə müalicə etmək artıq mümkün olmur. Bəzən isə piylənmə baş verən insanlar dietanı belə sona kimi saxlaya bilmirlər. Əksinə, dietadan sonra çəkiləri daha da artır. Təbii ki, artıq çəki də insanda bir çox xəstəliklərə — şəkərli diabet, yüksək qan təzyiqi, təngnəfəsliyə və s. səbəb olur. Mədə artıq o qədər genişlənir ki, xəstə dieta saxlasa da, mədəsi əvvəlki formasını ala bilmir". "İnsan orqanizminin bir xüsusiyyəti var: mədəyə qida kifayət qədər yığılmayanda beyinə aclıq siqnalı verir. Bu zaman da insan narahat olur. Həmin an insan yenidən qida qəbul etməyə başlayır ki, narahatçılığı aradan qalxsın. Dünya tibbində araşdırma aparıblar, ac insanın mədəsinə hava vurublar. Mədə hava ilə dolandan sonra insan toxluq hiss edib. Deməli, mədə divarına istər maye ilə, istərsə də qida ilə təzyiq yaranan zaman beyinə doyma impulsu gedir". Piylənmə bir xəstəlik olduğu üçün müalicə taktikaları var və mədə kiçiltmə əməliyyatı da onlardan biridir". Əməliyyatdan sonra isə insan orqanizmində heç bir fəsad yaranmır. Əksinə, xəstə sürətlə arıqlayaraq formaya düşür, sağlam həyat tərzinə qovuşur.
-Bu gün mədə kiçiltmə əməliyyatına estetik cərrahiyyə kimi baxılır.Bu düzgündürmü?
-Bu gün mədə kiçiltmə əməliyyatına estetik cərrahiyyə kimi baxılır: "Amma bu, belə deyil. Bariatrik əməliyyatın məqsədi xəstələri şəkərli diabet, piylənmə, cinsi zəiflik, oynaq ağrıları, qan təzyiqi kimi xəstəliklərdən qurtarmaqdır. Bir sözlə, piylənmədən əziyyət çəkən xəstələrin normal həyat tərzinə geri dönmələri üçün edilən əməliyyatları Bariatrik Cərrahların etməsi tövsiyyə olunur.
-Hansı növ bariatrik əməliyyatlar var?
-Son dövrlərdə piylənmə cərrahiyyəsinin qızıl standartı mədə kiçiltmə əməliyyatıdır.Mədə kiçiltmə (Sleeve Gastrektomi) əməliyyatı, xəstələrdə mədənin böyük qisminin çıxarılması ilə arıqlamanın təmin edildiyi əməliyyat üsuludur.
Bu zaman həzm traktının normal ardıcıllığı pozulmadığı üçün ən məqsədəuyğun əməliyyat növü sayılır.
- Sleeve Gastrektomiya orqanizmə necə təsir göstərir?
-Mədənin həcmi azalır.
-Qəbul edilən qida miqdarl azalır. Mədənin çıxarılan hissəsindən ifraz olunan aclıq hormonu (Ghrelin) bu əməliyyatdan sonra 80-90% nisbətən azalır.
-Sleeve Gastroektomi ya mədənin boru formasında olması onun tez boşalmasına, daxili təzyiqin artmasına, antrumun gərilməsinə səbəb olur. Bu da aclıq hissinin azalmasını təmin edir.
Digər üsul isə Gastrik bypass əməliyyatıdır
.Piylənmə cərrahiyəsində “mədə by-pass’ı” üsulu zamanı mədənin kiçildilməsinə əlavə olaraq nazik bağırsağın ən az 1 metrlik ən üstdəki (mədəyə yaxın) qismi cərrahi üsulla dövrə xarici buraxılır. Bu sayədə mədə kiçiltməklə qida alınımının məhdudlaşdırıcı təsirinə əlavə olaraq, alınan qidaların sorulmasının da azalması təmin edilir və bu daha da çox kilo verdirici bir təsir yaradır. Bundan əlavə dövrə xarici buraxılan nazik bağırsaq bəzi hormonal təsir yaradaraq şəkər xəstəliyinin müalicəsinə də “müsbət” təsir edir.
Digər üsül isə mədə qandalı əməliyyatıdır.Mədə qandalı əməliyyatı zamanı mədənin üst hissəsinə şişə bilən bir bant taxılır; mədə iki hissəyə ayrılır. Mədənin üst hissəsi kiçik, aşağı hissəsi böyük olur; hissələr arasında çox kiçik bir kanal buraxılır.
-Mədə kiçiltmə əməliyyatından sonra nə etmək lazımdır?
-Mədə kiçilmə əməliyyatından sonra xəstələr normal bir pəhriz və məşq proqramına riayət etməlidirlər. Cərrahi nəticənin nailiyyəti bu nüanslardan asılıdır.
Həkim, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.
-Buyurun, çalışın həmişəsağlan olun
Ən çox oxunanlar
Son xəbərlər