Qanunvehedef.az saytının qonagı həkim –oftalmoloqu Uzm.Dr. Elşən İbrahimovdur.
Baxılıb: 1 213 Tarix: 19-10-2018 09:37
Qanunvehedef.az saytının Həkimim rublikasının qonağı Mərkəzi Neftçilər Xəstəxanasının həkim –oftalmoloqu Uzm.Dr. Elşən İbrahimovdur. Həkimlə göz xəstəlikləri arasında ən geniş yayılmış Kataraktanın yaranma səbəbləri və müalicəsi haqqında oxucularımızı maraqlandıran suallar ətrafında danışacayıq.
İnsanın görmə qabiliyyəti və görmə itiliyi gözün optik mühitlərinin şəffaflığından, torlu qişanın sinir aparatının və beynin görmə mərkəzinə informasiya daşıyan sinirlərin vəziyyətindən asılıdır. Bu zəncirin hər hansı bir həlqəsində baş verən patoloji dəyişiklik görmə itiliyinin zəifləməsi ilə nəticələnir. Belə patologiyalardan biri katarakta və ya el arasında deyildiyi kimi “mirvari suyudur”.
Həkim, zəhmət olamasa -Katarakta haqqında oxucularımızı məlumatlandırardız?
-Katarakta bəbəyin arxasında yerləşən və görməmizdə vacib rol oyanayan büllurun şəffaflığını itirərək bulanıqlaşması və tədricən görmənin itməsinə səbəb olan xəstəlikdir. Yunan dilindən tərcümədə katarakta – “şəlalə” deməkdir. Qədim yunanlar belə hesab edirdilər ki, katarakta zamanı bəbəyin bulanıq boz rəngi onun üzərinə şəlalə kimi düşən və görməni zəiflədən pərdə ilə bağlıdır. Kataraktalı xəstə ətrafa sanki “çirkli pəncərə” arxasından baxır. Xəstəliyin son həddində gözün rəngi mirvariyə oxşadığından, xalq arasında kataraktaya "Mirvari suyu" da deyilir.
-Bəs, büllur nədir?
-Insanın bülluru şəffafdır və iki tərəfi qabarıq quruluşa malikdir.
Büllur gözdə bəbəyin arxasında yerləşir və Zinn bağları ilə öz yerində saxlanılır.
Büllurun damarları yoxdur və o ətraf maye ilə qidalandırılır (göz kameralarının mayəsi və şüşəvari cism). Büllur nüvədən və onu əhatə edən qabıq hissədən ibarətdir. kapsulanın içərisində yerləşən büllur 65% sudan və 35% proteinlərdən ibarətdir. Onun tərkibində həmçinin askorbin turşusu, mineral və orqanik birləşmələr də var. Yaşlanan zaman büllurun tərkibində olan kimyəvi birləşmələrin faiz nisbəti dəyişir. Cavan yaşlarda büllur elastik olur və öz formasını kiprikli cism və Zinn bağlarının təsiri altinda asanca dəyişə bilir. Büllurun forma dəyişməsi zamanı akkomodasiya (yəni uzaq və yaxın əşyaları fokusda görmək) mümkün olur. Lakin yaşlanan büllur öz elastikliyini itirir. Buna görə də müəyyən bir yaş həddindən sonra (təxminən 40 yaşdan sonra), yaxını yaxşı görmək üçün eynək taxmaq lazım olunur. Bu prosess presbiopiya adlanır. Büllurun hər bir bulanmasını katarakta adlandırırlar. Bulanmanın ölçüsü lokalizasiyası və intensivliyi onun görmə itiliyinə təsirini müəyyən edir. Bulanmaların anatomik yerləşməsindən asılı olaraq kataraktanın 3 növünü fərqləndirirlər: nüvə, qabıq və subkapsulyar. Lakin əksər xəstələrdə katarakta növlərinin qarışığına rast gəlinir.
-Kataraktanın yaranma səbəbləri hansılardır?
-Katarakta zamanı yaranan bulanıqlığın səbəblərindən biri də antioksidant təsirli fermentlərin azalması nəticəsində büllurda sərbəst radikalların miqdarının çoxalmasıdır ki, bunlar da öz növbəsində hüceyrə membranlarını zədələyir və hüceyrələrin məhvinə səbəb olur.
Bütün kataraktalar anadangəlmə və qazanılma olmaqla iki qrupa bölünür. Anadangəlmə kataraktada büllürda olan bulanıqlıqlar məhdud sahədə yerləşir və bütün ömrü boyu eyni ölçüdə qalır, qazanılma katarktalar isə getdikcə proqressivləşməyə meyilli olur.
- Orqanizmin ümumi qocalması. Göz bülluru əsasən sudan və xüsusi zülallardan ibarətdir. Məhz bu zülallara göz bülurunun şəffaflığını təmin edir. İnsan qocaldıqca onların strukturu dəyişilir ki, göz bülluru tədricən öz şəffaflığını itirir və bulanıq olur. Əksər hallarda katarakta 60 yaşından yuxarı olan insanlarda aşkar olunur. Lakin bəzən bu xəstəlik 40-45 yaşlı insanlarda da inkişaf edir.
- Şəkərli diabet. Bu xəstəlik zamanı kapilyarların funksiyası pozulur. Nəticədə orqanizmin müxtəlif hissələri (o cümlədən, gözlər) qanla pis təchiz olunur. Bu isə orqanizmdə geriyədönməz pozulmalara (o cümlədən, kataraktaya) səbəb ola bilər.
- Bəzi göz xəstəlikləri (məsələn, qlaukoma), irsi faktorlar, mübadilə pozulmaları.
- Göz travmaları (güclü zərbə, yanıq və s.).
- Nadir hallarda katarakta anadangəlmə olur. Bunun səbəbi irsiyyət və ya göz büllurun bətndaxili patologiyası.
-Katarkt xəstəliyinin əlamətləri hansılardır?
-görmənin gedərək zəifləməsi
-işığa (parlaq işığa) olan həssaslıq
-cüt görmə
-mütaliə çətinliyi
-gecə görməsinin zəifləməsi
-solmuş, saralmış rənglər
-dioptriya nömrəsindəki sürətli artımlar
-Kataraktanın müalicəsi varmı?
-Katarakta eynək və ya dərmanla sağalan xəstəliklərdən deyil. Təəssüf ki, kataraktanın irəliləməsinin qarşısını ala bilən bir üsul yoxdur. Kataraktanın yeganə müalicə yolu onun cərrahiyyə üsulu ilə əməliyyat olunmasıdır. Cərrahi əməliyyat zamanı artıq şəffaflığını itirmiş bulanıq göz bülluru xaric edilib yerinə yenisi ilə əvəz olunur. Müasir texnologiyalar sayəsində artıq katarakta əmeliyyatı tam ağrısız keçir.
Bu əməliyyatlarda iynə və ya ümumi anesteziyadan istifadə edilmir, xəstələr həmin gün evə geri dönüb hətta bir neçə saat sonrasında isə öz əmək, iş fəaliyyətlərinə geri dönə bilirlər.
-Kataraktada FAKOEMULSİFİKASYON üsulu haqqında nə deyə bilərsiz?
-Bu üsulla xəstənin gözünə 2,2 mm-lik kəsik ilə müdaxilə olunur. "Viskoelastik gel", xüsusi MAYEDİR. Ondan katarakta əməliyyatında istifadə edilir. "Vikoelastik gel" təbii büllurun digər təbəqələrdən zərərsiz ayrılmasını heç bir zədə almadan təmin edir. Bu gel istifadədə birdəfəlikdir, eyni gel digər xəstə üzərində istifadə edilmir. Ultrasəs dalğaları yaradan qurğu vasitəsi ilə şəffaflığını itirmiş intraokulyar linzalar goz daxilində sındırılır və sorulub çıxardılır. Qatlanan süni linzalar göz daxilində implantasiya edilir. Kəsik o dərəcə cüzidir ki, heç bir tikiş tələb etmir. İnfeksiya təhlükəsinə görə hər iki göz bir gündə əməliyyat edilmir. Əməliyyatlar arası minimum 2 gün olmalıdır.
-FAKO üsulunun üstünlükləri hansılardır?
-Kəsik kiçik olduğu üçün yaranın sağalması daha tez və cərrahiyyə daha təhlükəsiz olur. Bu xəstələrin görmə səviyyəsi çox qısa müddətdə yüksəlir və buna görə də normal əmək fəaliyyətlərinə əməliyyatdan həmən sonra dönə bilirlər
.
Sonda pasientlərə gözlərinin sağlamlığını qorumaq üçün nə məsləhət verərdiz?
1. Sağlam qidalanın: gözün sağlamlığını qoruma yolu da qidalanmadan keçir. Omega-3 yağı turşuları, sink, C və E vitaminləri yaşa bağlı makula degenerasiyası və katarakt kimi göz problemlərinin meydana gəlməsinə mane olur. Bunun üçün yağlı balıqları, yumurta, qoz-fındıq, paxla, portağal kimi qidaları həyatınıza daxil edin.
2. Siqaretlə vidalaşın: siqaret bir çox xəstəlik kimi, gözün sağlamlığına da ziyan vurur. Xüsusilə katarakt, optik sinir ziyanı və makula degenerasiyasına zəmin hazırlayır.
3. Günəş eynəyi taxın: gözün günəş şüalarına çox məruz qalması katarakt və makula pozğunluğunun riskini artırır. Bu səbəblə günəşli günlərdə UVA və UVB şüalarına qarşı gözü qoruyan günəş eynəkləri istifadə edin.
4. Qoruyucu eynək istifadə edin: iş yerində və ya evinizdə hava ilə daşınaraq gözünüzə zərər verə biləcək materiallar istifadə edirsinizsə, mütləq qoruyucu eynək taxın.
5. Kompyuter ekranı ilə aranıza məsafə qoyun: kompyuterə və ya telefon ekranına çox uzun müddət baxmaq bir çox göz problemini özü ilə gətirə bilər. Hər 20 dəqiqədən bir gözlərinizə istirahət verin. Kompyuter ekranından 20 saniyə uzaq durun. Ən az 2 saatda bir qalxın və 15 dəqiqə ara verin.
6. Göz həkimində müntəzəm müayinə keçin: göz müayinəsi də digər sağlamlıq müayinələri kimi önəmlidir. Xüsusilə irəliləyən və erkən diaqnozla nəzarət altına alına bilən göz təzyiqi (qlaukoma) kimi xəstəliklərini ancaq bu müayinələrlə müəyyən edə bilərsiniz.
Həkim, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.
-Buyurun, həmişə sağlam qalın.
Ən çox oxunanlar
Son xəbərlər