Mədənin boylama boruvari kiçildilməsi (Boru mədə) əməliyyatı nədir? Həkim – cərrahla müsahibə
Baxılıb: 1 098 Tarix: 03-05-2018 10:33
Haqqında mətbuatda çox yazılıb və yəqin ki, ölkəmizdə onu tanımayan az adam olar. Buna görə də, uzun-uzadı təqdimata ehtiyac görmürük. Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət İnternational Medical Ceter 2 klinikasının cərrahı İstedadlı olduğu qədər də sadə insan olan Veysəl həkimlə söhbətimizi sizə təqdim edirik.
– Niyə məhz cərrah, doktor? Həddən artıq məsuliyyətli deyilmi?..
– Cərrah olmaq uşaqlıq arzum idi. Orta məktəbdə oxuduğum zamanlar gələcəkdə kim olmaq istədiyimi soruşanda həkim yox, məhz cərrah olmaq istədiyimi söyləyirdim. Tibb İnstitutuna qəbul olub sonradan təhsilimi Rusiya Federasiyası Kazan Dövlət Tibb Universitetində davam etdirərkən cərrahiyyənin hansı sahəsini seçəcəyimi düşünəndə beyin və ümumi cərrahiyyəsi arasında tərəddüd edirdim. Bu sahələrdən hansınınsa bir nailiyyətini eşidəndə qərarım bir qədər o tərəfə meyillənirdi. Nəhayət, tibb fakültəsinin 6-cı kursunda tərəddüdümə son qoyuldu və mən ümumi cərrahı olmağı seçdim. Və bu gün qərarımdan məmnunam.
– Siz Kazan Dövlət Tibb Universitetində təhsil almısınız və ilk həkim fəaliyyətinə orada başlamısınız. Uğurlarınız da olub. Müəllimlərinizin dediyinə görə, Kazanda məşhur cərrah ola bilərdiniz. Nə gətirdi sizi Azərbaycana?
– Məni və o zamanlar mənim kimi Kazanda təhsil alan onlarca azərbaycanlını Azərbaycana elə Azərbaycanın özü gətirdi. Biz bu torpağın övladıyıq. Mən qardaş ölkədə oxuduğum zamanlarda da, Kazanın ən böyük xəstəxanalarından birində işləyərkən də mütləq bir gün Vətənə dönüb ona xidmət etmək arzusuyla yaşayırdım. Və ona görə də ilk fürsət düşən kimi mən Azərbaycana qayıtdım.
İnternational Medical Ceter 2 klinikasının ümumi cərrahı. Veysəl Kərimov ölkəmizdə ilk bariatrik cərrahi əməliyyatlar icra edən ümumi cərrahlardan biridir.
Mədənin boylama boruvari kiçildilməsi (Boru mədə) əməliyyatı kimi tanınan “bariatrik cərrahiyyə” əməliyyatı barədə məlumat verən Dr. Kərimov məsələnin əməliyyat olunmaqla bitmədiyini vurğuladı və bir çox insanı maraqlandıran suallarla bağlı məlumat verdi.
- Veysəl doktor, piylənmədən yaxa qurtarmaq üçün hansı əməliyyat məsləhət görülür?
- Piylənmənin müalicəsində istifadə olunan Bariatrik Cərrahi Əməliyyatların (BCƏ) yetərli miqdarda və qalıcı çəki itkisi təmin edən ən etibarlı üsul olduğu artıq bütün dünyada qəbul olunub və bu bir çox elmi məqalələrdə də göstərilib. Bu əməliyyatları düşünən xəstələrdən ən çox aldığımız suallardan bir də: “Hansı əməliyyatın mənim üçün daha uyğun olduğuna necə qərar vermək?” sualıdır. Mənim fikrimcə, bu gün ən çox Mədənin Laparoskopik Boylama Boruvari Kiçildilməsi (Boru mədə - Sleeve Gastrectomy) əməliyyatıdır. Xəstə hansı əməliyyat metodunu seçirsə seçsin, əməliyyatdan sonra həyat tərzində dəyişiklik etməlidir. Mövcud əməliyyatlardan hər biri həqiqətən də aclığı nəzarət etməyə köməkçi olan “vasitə”dir.
Mədənin boylama boruvari kiçildilməsi (Boru mədə) əməliyyatı nədir?
- Mədənin normal tutumu 1.5-2 litr həcmindədir. Bu əməliyyatla mədəyə müdaxilə olunur. Mədənin aşağı çıxacaq hissəsindən başlayıb, qida borusunun kənarına qədər, mədənin içinə əvvəlcədən salınmış silikon ölçü borusu boyunca kəsib tikərək artıq hissəni xaric edirik. Qalan mədənin görünüşü boruya bənzədiyi üçün əməliyyatın adı mədənin boylama boruvari kiçildilməsi əməliyyatı - “boru mədə əməliyyatı” olaraq adlanır.
Günümüzdə bu əməliyyat laparoskopik üsulla həyata keçirilir. Bu üsulda qarın boşluğuna CO2 qazı yeridilərək şişirdilir və 4-5 ayrı-ayrı nöqtələrdən 1sm-lik kiçik kəsiklərdən xüsusi alətlər qarın boşluğuna daxil edilərək əməliyyat icra olunur. Bu zaman dəri üzərində kəsik izi olduqca kiçik, əməliyyatdan sonra isə ağrı çox az olur və xəstələr daha tez sağalır. Nəticədə xəstələrimiz işlərinin başına ve gündəlik hayat tərzinə çox qısa zamanda dönə bilirlər.
- Kimlərə mədənin boruvari kiçildilməsi (boru mədə) əməliyyatı icra olunmalıdır?
- Hər müalicədə olduğu kimi, piylənmənin cərrahi müalicəsində də xəstələrin bir sıra göstəricilərinin və meyarlarının dəqiq incələnməsi mütləq vacibdir. Cərrahiyyə əməliyyatı piylənmənin müalicəsində əl atılan ən son seçimdir. Daha doğrusu pəhriz, idman, digər tibbi yanaşmalar sınandıqda və qənaətbəxş nəticə əldə olunmadıqdan sonra əməliyyat haqqında düşünülməlidir. Cərrahi müalicəyə ən doğru namizədlər ən azı üç il davam edən piylənmə şikayəti, Bədən Kütlə İndeksi (BKİ) 40 kg/m2-dan yuxarı olması və ya 35-40 kg/m2 arasında olan, eyni zamanda (hipertoniya, II tip şəkərli diyabet, yuxu apnoesi, artrit və s.) kimi xəstəliyi olan insanlardır. Cərrahi müalicə üçün ümumi yaş intervalı 18-65 yaş arası qəbul edilsə də, bəzi istisna hallarda bu yaş həddi 18 yaşdan aşağı və 65 yaşdan yuxarı ola bilər. Bu məqamda ən önəmli meyarlardan biri anestezioloji risk və əməliyyat sonrası xəstələrin uyğunlaşa bilməsidir.
Ölkəmizdə piylənmə təhlükəli həddədirmi?
-Bəli, həm də çox. Hətta deyə bilərəm ki, bir sıra Avropa ölkələrindən daha öndə gedirik. Əhalinin təxminən yarıdan çoxu artıq çəki, bunların da yarısı piylənmə problemi ilə üzləşib. Lakin insanlar bu problemə o qədər də ciddi yanaşmırlar. Artıq çəki xəstəliklərin artmasına səbəb olur. Piylənmə isə qəfləti ölüm riskini artırmaqla, ömrü 30%-dək qısaldan ciddi faktorlardan biridir.
- Bəs bu sahədə insanların maarifləndirilməsi nə yerdədir?
- Qeyd etdiyim kimi bu sahə ölkəmizdə cərrahiyyənin yeni bir istiqamətidir. Bu baxımdan əhali arasında geniş maariflənmdirmə işinin aparılması zəruridir. Çox xəstələr bizə sadəcə gözəl
görünmək üçün müraciət edirlər və hər hansı digər bir problemlərini qeyd etmirlər. Daha doğrusu əziyyət çəkdikləri problemləri normal qəbul edirlər. Lakin bu xəstələrin müayinə olunduqdan sonra piylənmənin səbəb olduğu bir çox xəstəliklərin: II tip şəkərli diabet, arteriyal hipertoniya, yuxu apnoesi (yuxuda boğulma), qaraciyər piylənməsi və s. həyat üçün təhlükəli digər xəstəliklərin olduğu məlum olur. Ümid edirik ki, zaman keçdikdə bu yöndə maarifləndirmə işi daha da artacaq və insanlar öz sağlamlıqlarının qeydinə qalmaq üçün çalışacaqlar.
Dr. Veysəl Kərimov – 055- 599-57-77
Ən çox oxunanlar
Son xəbərlər