Doppler ultrasəs müayinəsi nədir? Həkim-radioloqla müsahibə
Baxılıb: 4 776 Tarix: 04-05-2018 10:44
“Günümüzdə elə bir xəstəlik yoxdur ki, radiologiyadan istifadə edib onun diaqnostikasını aparmaq mümkün olmasın. Radiologiya son illərdə çox inkişaf edib, hətta ağlasığmaz inkişaf yolu keçib. Onun imkanlarından istifadə edərək vaxtilə çox çətin aşkarlanan xəstəliklərə daha dəqiq diaqnoz qoymaq mümkündür”
"Qanun və Hədəf az"saytının"Həkimim”rubrikasının budəfəki qonağı ""Diaqnoz” tibb mərkəzinin həkim- radioloqu
Gülnarə Əliyeva ilə müsahibəmizdə İnvaziv radiologiya sahəsinin hazırkı inkişaf səviyyəsi, ayrı-ayrı xəstəliklərin müalicəsində bu sahənin əhəmiyyətli rolu, pasiyentləri daha çox maraqlandıran suallar ətrafında söhbət etmişik.Gülnarə həkimlə müsahibəni sizə təqdim edirik.
– USM müayinəsinə gəlməyə hazırlaşan pasient nə etməlidir, yəni buna necə hazırlaşmalıdır?
-Təcili haldan başqa qarın boşluğunun müayinəsi zamanı pasientin 12 saat öncədən ac olması, bir gün öncədən köp verə biləcək qida məhsullarının uzaq durmaları;
Böyrək, sidik kisəsi, prostat vəzi və başqa ginekoloji USM-dən öncə 1.5-2.5 litr maye qəbul edərək sidik kisəsinin doldurulması vacibdir. Ginekoloji orqanların müayinəsi müayinəsi üçün hər hansı bir hazırlıq lazım deyil. Tireoid , süd vəziləri, hamiləlik zamanı USM üçün də hazırlıq gərəkli deyil.
Gülnarə həkim, USM müayinələri nə zaman təyin olunur? Xəstə könüllü özü hansı müddətdən bir bu müayinədən keçməlidir?
USM-də rentgen və bəzi zərərli şüalardan istifadə edilmir. USM daha çox qaraciyər, öd kisəsi, mədəaltı vəzi, dalaq, böyrəklər, sidik kisəsi, prostat, uşaqlıq və yumurtalıqlar kimi iç orqanlarının görüntülənməsi üçün istifadə edilir.
Bununla birlikdə ultrasəs bədənin digər orqanlarının – beyin, göz, tireoid, süd vəziləri, xayalar, timus kimi orqanların müayinəsi üçün istifadə edilir. Ultrasəs müayinəsinə gələn pasientlərin əksəriyyətinin şikayəti qarın bölgəsindəndir. Qaraciyər və dalaq kimi orqanların böyüməsi, öd kisəsi və böyrək daşları, appendisit, yumurtalıq kistaları və qarın içi şişləri ultrasəs ilə dəqiqləşdirilən xəstəliklərdəndir.
Beləliklə, USM-in vacib olduğu hallar bunlardır:
- Qarında bir neçə saat əvvəl başlamış və davamlı ağrı
- Ağrılı, qanlı sidiyə çıxma, kəsintili sidik ifrazı. Bu zaman bulantı və qusma halları da ola bilər
- Gözlərin və bədənin saralması, qarnın sağ üst tərəfində ağrının olması
- Ailədə böyrək xəstəlikləri, böyrək daşı, şəkər xəstəliyi və s. kimi xəstəliklərin olması
- Həzmin normal olmaması
- Yol nəqliyyat hadisələri və ya qarına küt alətlə travma aldıqda
- Ümumi check-up müayinə
- Qadınlarda kiçik çanaqda kəskin ağrılar, qanaxmalar
- Hamiləlik, dölün inkişafını izləmək. Hamiləlik zamanı qarında ağrıların olması, qanaxma. Döldə ola biləcək qüsurların erkən diaqnostikası
- Qalxanabənzər vəzinin xəstəlikləri
O ki qaldı pasientin neçə müddətdən bir USM-dən keçməsinə. Onu demək istəyirəm ki, sağlam yaşamaq və hər hansı bir xəstəliyin daha erkən aşkarlanması üçün hər 6 aydan bir, yaxud da heç olmasa, ildə bir dəfə bu müayinədən keçmələri şərtdir.
Doppler ultrasəs müayinəsi nədir?
Doppler ümumi olaraq ultrasəs ilə müayinə edilən damar yatağının qan axınını və anormal bir müqavimətlə qarşı-qarşıya olub olmadığını təyin edən bir test növüdür. Xalq arasında “ rəngli ultrasəs müayinəsi” olaraq tanınır.Burda məqsəd körpəni
rəngli şəkildə görüntüləmək deyil, qan axımını diaqnostika məqsədi ilə müayinə etməkdir. Ürəyin sistol ( vurma) və diastol ( dolma) vaxtlarında “ qanın axım sürətini” və dölün digər damarlarındakı qan axımını müayinə etməkdir. Doppler usm sadəcə hamiləlikdə deyil, aşağı yuxarı ətrafların damarlarına, daxili orqanların qan axımlarına baxmaq üçün də geniş istifadə edilir.
Doppler USM-də yumurtalıq damarları Doppler USM-də göbək ciyəsi
Doppler USM-nin faydaları nələrdir?
Ürəyin sistola və diastola fazasında müayinə edilən damar yatağındakı təzyiqlər müqayisə edilərək müqavimət təyin edilir. Doppler USM-si anadan dölə qan aparan uteroplansetal şöbəni qiymətləndirdiyi kimi göbək ciyəsinin qan axını barəsində də məlumat verir. Beləliklə gələcəkdə meydana çıxacaq hamiləlik zəhərlənməsi ( preeklepmsiya), uşaqlıqdaxili inkişaf ləngiməsi, ciftin vaxtından qabaq ayrılması (ablasio plasenta), ana bətnində körpə ölümü kimi hallar qabaqcadan müəyyənləşdirilə bilər.
Doppler USM ilə ürək müayinəsi
Bütün hamilə qadınlara Doppler USM tətbiq edilirmi?
Yüksək riskli hamiləliklərə nəzarətin mühüm bir hissəsidir. Hal-hazırda körpənin çətinliklə üzləşib-üzləşmədiyini ən həssas şəkildə təyin edən və ən erkən qiymətləndirən müayinə Dopplerdir. Standart şəkildə bütün hamilələrə tətbiq edilməsinə ehtiyac yoxdur.
– Nə vaxt tətbiq edilir?
Doppler USM təxminən hamiləliyin istənilən həftəsində tətbiq ediləbilər. Hamiləlik sırasında qarşılaşılan problemlərə görə Doppler usm-in istifadəsi fərqlənə bilər. İnkişaf ləngiməsi üçün müəyyən damarlara Doppler olunur, orqan qüsurları müşaidə edildiyində isə müayinələr tamamiylə başqa olur. Normal bir hamiləlik sırasında Dopplerdən ziyadə hamiləliyin 20-24-cü həftələrində təfsilatlı, yəni ətraflı ultrasəs müayinəsi mütləqdir ki, dölün bütün orqanlarının normal olub olmadığına baxılsın
Necə şərh edilir?
Doppler diaqnoz qoyan deyil, istiqamətləndirici bir müayinə üsuludur. Patoloji axın göstəriciləri ya da anormal dalğa görüntüləri əldə edildiyi vaxt körpənin vəziyyəti ilə əlaqədar aparılan digər testlərlə birlikdə qiymətləndirilməsi baxımından həssas olmanın vacibliyini göstərir. Bunun yeganə istisnası göbək arteriyasında “ əks axın” deyilən vəziyyətin meydana gəlməsidir. Göbək arteriyasında həmin anormal dalğa forması müşahidə edildikdə körpənin ana bətnində ölmə riski olduqca yüksəkdir və təcili olaraq hamilə xanımı təcrübəli mütəxəssis və standartlara uyğun yenidoğulmuşların reanimasiyası olan bir tibb müəssisəsinə çatdırmaq vacibdir.
Doppler müayinəsinin inkişaf edən körpə üçün hansı zərərləri vardır?
Aparılan çalışmalar yüksək keyfiyyətli doppler cihazı ilə təcrübəli mütəxəssis tərəfindən sadəcə zəruri hallarda tətbiq edilən və mümkün olan ən qısa müddətdə tamamlanan bir doppler müayinəsinin körpə üçün zərərli olmadığını aşkar etmişdir
– Ölkəmizdə invaziv radiologiyanın perspektivləri haqda nə deyə bilərsiniz?
– Səhiyyənin müayinə və müalicə sahəsində inkişafı yeni, modern tibbi təchizat və savadlı kadrlarla səciyyələnir. Hal-hazırda ölkəmizdə yeni-yeni tibb müəssiələri inşa edilir, yerli və xarici elm ocaqlarında təhsil almış savadlı kadrlar vardır və formalaşması da davam edir. Az saylı invaziv radioloqlarımızın öz üzərlərində daim və fasiləsiz çalışması, müntəzəm kurslarda iştirak etməsi, əlavə təhsil alması invaziv radiologiya sahəsində dünyanın adlı-sanlı tibb müəssisələrində icra edilən prosedura və əməliyyatların elə bu gün ölkəmizdə də icra edilməsini təmin etməklə yanaşı, yuxarıda qeyd etdiyimiz faktorlarla birlikdə bu sahənin perspektivini də ən müsbət çalarlarla xarakterizə edir.
Gülnarə Əliyeva Həkim – radioloq
Həkimlə əlaqə : 050 326-94-26
Ən çox oxunanlar
Son xəbərlər