Dovşan dodaq üst dodağın bir yaxud iki tərəfində yarıq olmasıdır. Üz-çənə cərrahı ilə müsahibə
Baxılıb: 3 865 Tarix: 19-11-2018 12:35
Qanunvehedef.az saytı M.Ә.Mirqasımov adına Respublika Klinik Xәstәxananın Üz-çənə, plastik və rekonstruktiv cərrahı Həsən Əsədovun müsahibəsini təqdim edir. Bu müsahibədə son dövrlər doğulan körpələrin demək olar ki, əksəriyyətində dovşandodaq və qurdağız deformasiyasının əmələgəlmə səbəbləri və müalicəsi haqqında danışacayıq.
Körpə səsi hər bir ailənin sevincidir. Uşağın doğulması ailə üzvləri və yaxınlar tərəfindən xoş həyəcanla gözlənilir. Amma son dövrlər doğulan körpələrin demək olar ki, əksəriyyətində dovşandodaq və qurdağız deformasiyasına rast gəlinir.
-"Dovşan doqdaq" və "qurd ağız" haqqında nə deyə bilərsiniz?
-El arasında bu patologiyalara "dovşan doqdaq" və "qurd ağız" deyilir. Bu qüsürlar rüşeymin üz inkişafının pozulmasından irəli gəlir. Dovşan dodaq (yarıq dodaq)-üst dodağın bir yaxud iki tərəfində yarıq olmasıdır. Deformasiya daha çox dodağın sol tərəfində rast gəlir.Qurd ağızda (yarıq damaq) sərt və və ya yumuşaq damağın orta qismində ara (dəlik) var və beləliklə ağız və burun boşluğu arasında anormal bir əlaqə yaranır. Bu iki deformasiyaya daha çox birlikdə rast gəlinir, belə ki, xəstələrin 46%-də həm dodaq həm də damaq yarığı, 33%-da sadəcə damaq, 21%-da isə sadəcə dodaq yarığı var. Qızlarda daha çox qurd damaq, oğlanlarda isə dovşan dodaq və qurd ağız kombinasiyasına rast gəlinir. Bu həm estetik qüsur yaradır, həm də uşağın qidalanmasında müəyyən problemlər yaranır ("qurd ağız" olan uşaqlar əmə bilmir və onları xüsusi butulkalarla yedizdirilir), belə uşaqlar daha tez-tez nəfəsalma sistemi xəstəliklərinə, qulaq infeksiyalarına tutulur, onların eşitməsində, nitqində, dişlərin formalaşmasında və s. ciddi pozulmalar əmələ gəlir. Lakin defekt vaxtında müalicə olunduqda gələcəkdə uşağın sağlamlığında heç bir problem yaranmır. Belə uşaqlar psixiki və əqli inişafına görə həmyaşıdlardan fərqlənmir.
-Əmələgəlmə səbəbləri məlumdurmu?
-Bu potologiyanın səbəbi tam aydınlaşdırılmayıb, lakin hamiləliyin birinci trimesrtində (ilk üç ay) ananın keçirdiyi virus infeksiyaları (toksoplazma, sitomeqalovirus, herpes, məxmərək), cinsi yolla keçən infeksiyalar, hamiləlik dövründə qəbul edilən dərman preparatları, qeyri-kafi ekoloji şərait və s. faktorlar, həmçinin spirtli içkilərdən istifadə və siqaret çəkmə bu eybəcərliyin yaranmasına gətirib çıxara bilər.
Damağ bitişməməsinin 4 dərəcəsi var :
1. Yumşaq damaq bitişməməsi
2. Yumşaq damağın tam, sərt damağın hissəvi bitişməməsi
3. Birtərəfli yumşaq və sərt damaqların tam bitişməməsi
4. İkitərəfli yumşaq və sərt damaqların tam bitişməməsi.
Ağız boşluğu ilə burun boşluğu arasında damaq yarığı vasitəsi ilə əlaqə yaranmasına görə, qidanın bir hissəsi burun boşluğuna keçə bilir, bu da qidalanmanı pozur. Nəfəs alma zamanı havanın filtrasiyası, onun nəmlənməsi və qızması pozulduqda tənəfüs yollarının tez-tez xəstələnməsinə ( pnevmaniya ), hətta uşağın ölümünə səbəb olur. Uşaq gec danışır, nitqində sözlərin aydın olmaması aşkar edilir.
-Dovşandodaq və qurdağız deformasiyalarının irsən keçmə riski çoxdurmu?
-Dovşandodaq və qurdağız deformasiyalarının irsən keçmə riski çox yüksək deyil. Belə ki, valideynlərin birində dovşandodaq və qurdağız varsa, uşaqda bu deformasiyanın əmələ gəlmə riski 4%-dır. Lakin ailədə bir valideyn və uşaqda bu deformasiya artıq varsa, ikinci uşaqda bu qüsurun peyda olma ehtimalı 17%-dir.
-Dovşan dodaq və qurd ağız deformasiyaların müalicəsi mümkündürmü?
-Dovşan dodaq və qurd ağız deformasiyaların müalicəsi cərrahidir. Zamanında aparılan əməliyyat xəstəni bir çox problemdən qurtarır. Lakin
valideynlər unutmamalıdırlar ki, bu müalicə çox mərhələlidir və səbr tələb edir.
Xəstənin damaq yarığı çox genişsə əməliyyatdan qabaq damaq üçün xüsusi protez hazırlanır və hər 4-6 həftədə bir dəyişdirilir. Yaxud da damağı daraltmaq üçün çənə sümüyünə özəl cihaz (palatal distraktor) yerləşdirilir.
Xəstə 2-3 aylığına çatanda dodaq əməliyyatı aparılır. Bəslənmə əməliyyatdan 2-3 saat sonra başlayır, dodağa qoyulan tikişlər isə 5-6 gün sonra çıxardılır. Damaq əməliyyatı uşaq 10-12 aylıq ikən aparılır. Beləcə uşaq danışmağa başlamadan öncə ağız boşluğunun bərpası tamamlanır.
Əməliyyat daha sonra da aparıla bilər, lakin 18 aydan o tərəfə gecikdirilməməlidir.
Xəstə 6-8 yaşında ikən yan kəsici dişlərin düzgün çıxması üçün diş sümüyündəki yarığın tikilməsi əməliyyatı ayrıca aparılır.
16-18 yaşında burun əməliyyatı (rinoseptoplastika) aparılır. Eyni yaşlarda, alt çənədə önə çıxma varsa çənəni arxaya alma əməliyyatı aparılır.
Bunlardan əlavə iki tərəfli dovşan dodaq xəstələrdə 4-5 yaşında burun köprüsü bərpası, çapıq deformasiyalarının düzəldilməsi, yetərsiz damaq əməliyyatından sonra fistula bağlanması yaxud faringeal calaq əməliyyatı və s. da lazım ola bilər.
-Müsahibəmizin sonunda valideynlərə məsləhətiniz?
-"Dovşan doqdaq" və "qurd ağız" kifayət qədər mürəkkəb patologiyalardır. Lakin belə uşaqları olan valideynlər heç bir halda ruhdan düşməməlidir - müasir tibdə bu patologiyalar çox uğurla müalicə olunur və uşağın gələcək inkişafına və sağlamlığına heç bir təsir etmir. Yuxarıda qeyd etdiyimiz kimi, belə uşaqlar psixiki və əqli inişafına görə həmyaşıdlardan fərqlənmir.
Ən çox oxunanlar
Son xəbərlər