Azərbaycan sərvətlərini İran şirkətləri talan edir - Açıqlama
Baxılıb: 426 Tarix: 19-11-2018 18:47
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Bakıda “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlə məşğul olan üçüncü dövlətlər, eləcə də işğalçı Ermənistanın qanunsuzluğu ilə bağlı məsələlər müzakirə olunub.
Bu barədə Qanunvehedef.az-a danışan sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib ki, ilk növbədə Azərbaycanın işğal altında olan torpaqlarında qanunsuz fəaliyyətlə məşğul olan dövlətlərə ciddi xəbərdarlıq edilməlidir.
“Onlarla bu mövzuda danışıqlar aparılmalıdır. Bu ərazilərdə ən çox təbii sərvətlərin talan edilməsi ilə məşğul olan ölkələrin başında Fransa və İran dayanır. İran şirkətləri işğal edilmiş ərazilərdə meşə fondunun, hətta “Qırmızı kitab”a düşmüş qiymətli ağac növlərinin kəsilib aparılması və onlardan müxtəlif məmulatlar düzəldilməsi sahəsində öndə gedir. Burada həm də yeraltı sərvətlərimiz talan edilir. İlk yerdə qızıl məmulatları dayanır. Bu məsələdə də yenə hər zaman Ermənistanın yanında dayanan Fransa şirkətləri mühüm rol oynayır. İstismar edilən qızıl məmulatı Ermənistan büdcəsinə kifayət qədər gəlir gətirir. Digər tərəfdən, Ağdərə ərazisində yerləşən alüminium sənayesi üçün lazım olan məmulatların da uzun müddətdir qanunsuz şəkildə istismarı gedir. Alüminium Ermənistanda ilkin formada emal edilərək sonradan xarici ölkələrə satılır. Burada da yenə birinci yerdə Fransa dayanır. Ümumiyyətlə, Azərbaycanın işğal altındakı torpaqlarında olan yataqları qanunsuz şəkildə istismar olunur. Bu məsələlərlə bağlı BMT-yə müraciət edib məlum vəziyyəti onlara bir daha xatırlatmaq lazımdır”.
Politoloq qeyd edib ki, həmin şirkətlər hansı ölkəyə məxsusdursa, həmin ölkə ilə danışıqların aparılması ən optimal variantlardan biridir:
“İşğal edilmiş Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyətlərin aparılmasını dayandırmağı onlardan ciddi formada tələb etmək olar. Çünki verilən sərt bəyanatlar, notalarla iş öz axarına düşməyəcək”.
Politoloq vurğulayıb ki, Azərbaycan həmin ölkələrə xəbərdarlıq etməklə yanaşı, bu məsələnin dayandırılması istiqamətində qəti addımlar atmalıdır:
“Bu proses aparıldıqdan sonra mütləq bu məsələləri beynəlxalq təşkilatların tribunasından dünyaya çatdırmalıyıq. Yaxud da bu fəaliyyətləri Haaqa Məhkəməsinə çıxarmaq lazımdır. Ərazilərimizdəki sərvətlərin talan edilməsi məsələsi məhkəmə tədqiqatının obyektinə çevrilməlidir. Məhkəmələrdə bu işin dayandırılması ilə bağlı qərarların çıxarılması üçün fəaliyyətimizi genişləndirməliyik. Yəni müxtəlif istiqamətlərdə hökumət rəsmiləri görüləcək işləri nəzərdən keçirib, bu məsələləri beynəlxalq gündəliyə çıxarmaqla populyarlaşdırmağa çalışmalıdır”.
İqtisadçı Natiq Cəfərli bildirib ki, əslində Azərbaycanın işğal altında olan rayonlarında 20 ildən çoxdur ki, üçüncü dövlətlər qanunsuz fəaliyyətlə məşğul olur:
“Əsasən qızıl yataqlarında, əlvan metalların istismarında işğalçı Ermənistan qondarma “dqr” qurumu ilə birgə Azərbaycan sərvətlərini talamaqla məşğuldur. Beynəlxalq hüquq normalarına heç bir məhəl qoymadan bu iş aparılır. Azərbaycan tərəfi bir neçə istiqamət üzrə bununla bağlı tədbirlər görməli idi. Belə müstəvilərdən biri də Ümumdünya Ticarət Təşkilatıdır. İlk növbədə Azərbaycan bu təşkilata üzv olmalıdır. ÜDT-yə üzv olsaydıq, həmin təşkilatın mexanizmlərindən istifadə edərək, işğal altında olan ərazilərimizdə işğalçı Ermənistanın qeyri-qanuni iqtisadi fəaliyyət göstərməsi ilə bağlı şikayətlər vermək olardı. Beynəlxalq məhkəmələrdə həmin ərazilərdə fəaliyyət göstərən şirkətlərlə bağlı araşdırmaların aparılmasına və cəzaların tətbiqinə nail olmaq olar”.
İqtisadçı vurğulayıb ki, digər beynəlxalq müstəvilərdə də bu istiqamətdə işlər aparılması məqsədəuyğundur:
“Həmin zonada fəaliyyət göstərən üçüncü dövlətlərin, işğalçı Ermənistanın şirkətləri ilə bağlı beynəlxalq müstəvilərdə araşdırmaların aparılması və həmin şirkətlərə ciddi cəzaların verilməsinə ehtiyac var. Ən yaxşı halda Azərbaycan XİN xətti ilə müxtəlif ölkələrə bəyanatlar, etiraz notaları göndərilib. Amma artıq ciddi fəaliyyətə başlamaq lazımdır. Beynəlxalq hüququ yaxşı bilən Azərbaycan hüquqşünasları bu işlə çox ciddi şəkildə məşğul olmalıdır. Beynəlxalq hüquq normalarını pozan bütün şirkətlərə və dövlətlərə qarşı beynəlxalq hüquq müstəvisində araşdırmaların aparılmasına başlamaq lazımdır”.
Ən çox oxunanlar
Son xəbərlər