Binədə sakinlərlə növbəti səyyar qəbul keçirilib
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun iştirakı ilə Binə qəsəbəsində sakinlərin müraciətlərinin yerində dinlənilməsi və onları narahat edən məsələlərin araşdırılması məqsədilə növbəti səyyar qəbul keçirilib.
23 sentyabr 2026-cı il tarixində Körpü mərasim evində təşkil olunan görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Binə qəsəbəsi üzrə inzibati ərazi dairəsinin nümayəndəsi, bələdiyyə sədri, eləcə də rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Görüş zamanı sakinlər onları narahat edən müxtəlif məsələlərlə bağlı müraciətlərini birbaşa rayon rəhbərliyinə çatdırıblar. Qaldırılan məsələlər diqqətlə dinlənilib, hər bir müraciətin aidiyyəti üzrə araşdırılması və mümkün qədər qısa müddətdə nəticələndirilməsi ilə bağlı məsul şəxslərə tapşırıqlar verilib.
Səyyar qəbulun əsas məqsədi sakinlərin problemlərini yalnız müraciət formasında qəbul etməklə kifayətlənməmək, onların yerində öyrənilməsi və aidiyyəti qurumların iştirakı ilə həlli istiqamətində konkret addımların atılmasını təmin etmək olub.
Görüşdə səsləndirilən müraciətlər nəzarətə götürülüb və onların qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması üçün müvafiq qurumlara göstərişlər verilib.
Bu cür səyyar qəbullar Xəzər rayonunda sakinlərlə birbaşa ünsiyyətin, onların təklif və problemlərinin yerində öyrənilməsinin və həlli istiqamətində çevik tədbirlərin görülməsinin mühüm vasitələrindən biri kimi davam etdirilir.
Qəni Hüseynov
Qanun və hədəf qəzetinin şöbə müdiri


























