Fuad Əbdürrəhmanov “Xalq Əmanəti” layihəsinin 27-ci nəşrində

Xalq Bankın təqdim etdiyi “Xalq Əmanəti” layihəsinin 27-ci nəşri Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, iki dəfə Stalin mükafatı laureatı Fuad Əbdürrəhmanovun həyat və yaradıcılığına həsr olunmuş “Fuad Əbdürrəhmanov. Heykəltəraşlıq” adlı bədii albomudur.
Qanunvehedef.az xəbər verir ki, noyabrın 18-də görkəmli rəssamların, ziyalıların, heykəltəraşların və incəsənət ictimaiyyətinin digər nümayəndələrinin iştirakı ilə nəşrin təqdimat mərasimi keçirilib.
Azərbaycan monumental heykəltəraşlıq sənətinin inkişafında mühüm rol oynamış Fuad Əbdürrəhmanov 11 may 1915-ci ildə Nuxada (indiki Şəki şəhəri) anadan olub. Onun rəsmə olan istedadını ilk kəşf edən rəsm müəllimi Perov olub. Gənc Fuadın yaradıcılıq potensialını görən müəllimi onun istedadının inkişafı üçün ailəsinin Bakıya köçməsini tövsiyə edir. Beləliklə, 1929-cu ilin yayında Əbdürrəhmanovlar ailəsi Bakıya köçür və bu hadisə gələcək sənətkarın peşəkar yaradıcılıq yolunda mühüm mərhələnin başlanğıcı olur.
Fuad Əbdürrəhmanov ilk peşəkar təhsilini Azərbaycan Bədii Texnikumunda (indiki Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi) alıb. Daha sonra müəllimlərinin tövsiyəsi ilə təhsilini Leninqradda (indiki Sankt-Peterburq) İ.Y. Repin adına Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda davam etdirib. Məhz bu illərdə onun sənətkarlıq bacarıqları formalaşmağa başlanıb.
Sənətkarın zəngin yaradıcılığında Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyyətinin görkəmli şəxsiyyətlərinin obrazları xüsusi yer tutur. Bakıda və Gəncədə ucaldılmış Nizami Gəncəvinin abidələri, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin eyvanını bəzəyən Məhəmməd Füzulinin heykəli, Səməd Vurğunun abidəsi, paytaxtın memarlıq və bədii simvollarından birinə çevrilmiş “Azad qadın” heykəli, eləcə də sənətkarın yaxın dostu, əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadəyə həsr etdiyi monumental əsər onun yaradıcılığının diqqətəlayiq nümunələrindəndir.
Fuad Əbdürrəhmanovun sənət irsi Azərbaycan sərhədləri ilə məhdudlaşmır. Onun əsərləri dünyanın müxtəlif şəhərlərinin ictimai məkanlarını bəzəyərək milli heykəltəraşlıq məktəbimizin beynəlxalq miqyasda tanınmasına töhfə verib. Monqolustanın paytaxtı Ulan-Batorda dövlət xadimləri Suxe Bator və marşal Çoybalsanın monumental abidələri, Tacikistanın Düşənbə şəhərində farsdilli poeziyanın görkəmli nümayəndəsi Rudəkinin, Özbəkistanın Buxara şəhərində isə dünya elminin ən parlaq simalarından biri İbn Sinanın abidələri sənətkarın xarici ölkələrdə ucaldılmış əsərləri sırasındadır.
Qeyd edək ki, 2026-cı il noyabrın 19-dan etibarən Xalq Bankın Əsas binasında yerləşən rəsm qalereyasında Fuad Əbdürrəhmanovun əsərlərindən ibarət ekspozisiyanı həftəiçi 5 gün saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir. Ünvan: İnşaatçılar pr., 22 L.
“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar – Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına və sənətsevərlərə hədiyyə olunur. Bu günədək Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Tağı Tağıyev, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, əməkdar rəssam Cahid Camal, Ələkbər Rzaquliyev, Mahmud Tağıyev, eləcə də əməkdar incəsənət xadimi Vəcihə Səmədova, Kamal Əhmədlə yanaşı, Mirzə Qədim İrəvani, Şamo Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hökumə Billuri, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin və Güney azərbaycan şairlərinin əsərlərindən ibarət antologiya, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.


Qanunvehedef.az



















