Elşən Salahov Binə qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirib: Vətəndaş müraciətləri diqqət mərkəzindədir - FOTOLAR
Vətəndaş məmnunluğunun təmin edilməsi, əhalini narahat edən problemlərin yerində öyrənilməsi və onların operativ həlli Xəzər Rayon İcra Hakimiyyətinin fəaliyyətində prioritet istiqamətlərdən biri olaraq diqqətdə saxlanılır. Bu məqsədlə rayon rəhbərliyi tərəfindən mütəmadi olaraq qəsəbələrdə sakinlərlə səyyar görüşlər təşkil olunur, vətəndaşların müraciət və təklifləri dinlənilərək aidiyyəti qurumlar qarşısında müvafiq vəzifələr müəyyənləşdirilir.
2026-cı il noyabrın 18-də Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Binə qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirib.
Görüşdə RİH başçısının müavinləri, Aparatın məsul əməkdaşları, Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Binə bələdiyyəsinin sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, eləcə də qəsəbə sakinləri iştirak ediblər.
Görüş zamanı rayon rəhbəri Elşən Salahov ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələrindən, regionların və paytaxtın yaşayış məntəqələrində infrastrukturun yenilənməsi, əhalinin sosial rifahının yüksəldilməsi və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən genişmiqyaslı işlərdən bəhs edib.
Qeyd olunub ki, ölkədə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin əsas istiqamətlərindən biri də vətəndaş amilinə verilən yüksək dəyər, insanların gündəlik həyatında qarşılaşdıqları problemlərin həlli və sosial rifahının davamlı şəkildə yaxşılaşdırılmasıdır. Bu baxımdan yerli icra hakimiyyəti orqanlarının üzərinə düşən vəzifələrin vaxtında və məsuliyyətlə yerinə yetirilməsi xüsusi əhəmiyyət daşıyır.
Daha sonra sakinlərin müraciətləri dinlənilib, onları narahat edən sosial, məişət və digər məsələlər ətraflı müzakirə olunub. Vətəndaşlar öz təklif və istəklərini birbaşa rayon rəhbərliyinə çatdırmaq imkanı əldə ediblər.
Elşən Salahov qaldırılan məsələlərin diqqətlə araşdırılması, hər bir müraciətə qanunvericiliyin tələblərinə uyğun və həssaslıqla yanaşılması barədə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Həlli yerində mümkün olan məsələlərlə bağlı zəruri tədbirlərin görülməsi, əlavə araşdırma tələb edən müraciətlərin isə nəzarətə götürülməsi diqqətə çatdırılıb.
Səyyar görüş zamanı əvvəlki görüşlərdə sakinlər tərəfindən qaldırılmış məsələlərin icra vəziyyəti də nəzərdən keçirilib, görülmüş işlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verilib. Bu yanaşma vətəndaş müraciətlərinin yalnız dinlənilməsi ilə kifayətlənmədiyini, onların həlli prosesinin də mütəmadi nəzarətdə saxlanıldığını göstərir.
Xüsusilə qeyd etmək lazımdır ki, bu cür səyyar görüşlər yerli problemlərin vaxtında müəyyənləşdirilməsi, sakinlərlə dövlət qurumları arasında birbaşa ünsiyyətin gücləndirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Binə qəsəbəsində keçirdiyi növbəti səyyar görüş də vətəndaşların problemlərinə diqqət və qayğı ilə yanaşılmasının, sakinlərin müraciətlərinin operativ araşdırılmasının və onların həlli istiqamətində ardıcıl tədbirlərin davam etdirilməsinin bariz nümunəsidir.
Əsas məqsəd sakinlərin rahatlığını, rifahını və məmnunluğunu təmin etmək, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşmaq və qaldırılan problemlərin həlli üçün real addımlar atmaqdır.
Qəni Hüseynov
























