Bakıda üç döyüş növü üzrə dünya çempionatı keçiriləcək

Bakıda qrepplinq, pankration və həvəskar MMA üzrə dünya çempionatları keçiriləcək.
Qanunvehedef.az xəbər verir ki, yarışlar 23–29 noyabr tarixlərində Dünya Güləş Birliyinin (UWW) himayəsi altında baş tutacaq. Yeddi gün davam edəcək yarışlarda 35 ölkədən 900-dən çox idmançının iştirakı gözlənilir.
Yarış proqramına əsasən, 23–25 noyabr tarixlərində qrepplinq üzrə U15, U17, U20 yaş qruplarında və böyüklər arasında dünya çempionatı keçiriləcək. Noyabrın 26-dan 29-dək isə pankration üzrə U15 və U17 yaş qruplarında, həvəskar MMA üzrə U20 yaş qrupunda və böyüklər arasında dünya çempionatları təşkil olunacaq.
Azərbaycan MMA, Pankration və Qrepplinq Federasiyasının prezidenti Azad Əsgərov bildirib ki, builki çempionatın yeniliklərindən biri qaliblərə ilk dəfə çempionluq kəmərlərinin təqdim olunmasıdır.
Üç döyüş idman növünü bir araya gətirən yarış Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi təcrübəsini genişləndirmək baxımından əhəmiyyət daşıyır. Milli komandamızın üzvləri də doğma azarkeşlər önündə güclərini sınamaq imkanı əldə edəcəklər.
Çempionatın baş tərəfdaşı “KVAN Group” şirkətidir.
Azərbaycan MMA, Pankration və Qrepplinq Federasiyasının vitse-prezidenti Çingiz Kişiyev bildirib ki, “KVAN Group” əsas fəaliyyəti ilə yanaşı, sosial təşəbbüslərə, xüsusilə idmanın inkişafına dəstək verməyi vacib hesab edir.
“İdman gənclərin xarakterinin formalaşmasında, onların nizam-intizamlı və iradəli yetişməsində mühüm rol oynayır. Şirkətin çempionata baş tərəfdaş kimi dəstək verməsi də bu sahənin inkişafına töhfə vermək istəyindən irəli gəlir.
Qrepplinq son dövrlərdə sürətlə inkişaf edən idman növlərindən biridir. Ümidvaram ki, gələcəkdə Olimpiya Oyunlarının proqramına daxil ediləcək”, - Çingiz Kişiyev qeyd edib.

Qanunvehedef.az



















