Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Stalin Azərbaycan liderini necə qətlə yetirdi?

Baxılıb: 759     Tarix: 12-12-2018 12:47   

Bu gün XX əsr tariximizin mühüm hadisələrindən olan 21 Azər hərəkatının 73-cü ildönümüdür. 1945-ci ildə İranda illərlə istibdada məruz qalan Azərbaycan xalqının Seyid Cəfər Pişəvərinin başçılığı ilə apardığı 21 Azər hərəkatı Azərbaycan Milli Hökumətinin yaranması ilə nəticələndi və elə bir ildən sonra həmin gün Milli Hökumət süquta uğradı.
İkinci Dünya müharibəsindən sonra dünya düzənində baş verən siyasi proseslər millətləri zülm və istibdad məngənəsində sıxan İran rejimində də ciddi təbəddülatlar yaratdı. Zülm altında inləyən xalqlar öz mədəni və siyasi hüquqları uğrunda demokratik mübarizəyə qoşuldu. Tarixi şəraitin yetişdiyini dərk edən Azərbaycan mücahidləri İranın mürtəce rejiminə qarşı mübarizəyə başlayaraq, geniş demokratik tələblərin irəli sürüldüyü mitinq və nümayişlərə çıxdılar. Başda görkəmli siyasi xadim Seyid Cəfər Pişəvəri olmaqla, Azərbaycanın tanınmış demokratik düşüncəli fədailəri mübarizəni mütəşəkkil formaya keçirmək üçün 1945-ci ilin yayında Azərbaycan Demokratik Partiyasını yaratdılar. Nə qədər müqavimət göstərilməsinə baxmayaraq, milli azadlıq hərəkatı tez bir zamanda Azərbaycanın bütün əyalətlərində yayılmağa başladı ki, bu da 1945-ci ilin noyabrında Təbrizdə ümumxalq toplantısı keçirilməsi və bu yığıncaqda İran daxilində Azərbaycana muxtariyyət verilməsi ilə bağlı bəyannamənin qəbul edilməsi ilə nəticələndi. 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Məclisinin ilk tarixi iclası keçirildi. Azərbaycan Demokratik Partiyasının təşkilatçısı S.C.Pişəvəri məclisin tapşırığı əsasında Milli Hökuməti formalaşdırdı. Milli Məclis hökumətin Azərbaycan xalqının iqtisadi-siyasi və mədəni hüquqlarını özündə əks etdirən proqramı təsdiq etdi.
Proqramda Azərbaycanın muxtariyyətinin genişlənməsi və möhkəmlənməsi, fədailərdən ibarət xalq dəstələrinin təşkili, Azərbaycan dilinin rəsmi dil kimi istifadə edilməsi, ana dilində məktəblərin açılması, fabrik və zavodlar yaradılması hesabına yeni iş yerlərinin açılması, bütün vətəndaşlara vicdan və din azadlığının verilməsi, Azərbaycan ərazisində yaşayan bütün xalqlara eyni qaydada hüquq və azadlıqların şamil edilməsi və Azərbaycanın müstəqilliyinin inkişafını təmin etməyə yönəlmiş digər məsələlər geniş əks olunmuşdu. Milli hökumət 1 illik mövcudluğu dönəmində Azərbaycanda 20 il Pəhləvilərin görə bilmədiyi işləri həyata keçirməyi bacarmışdı. Amerikalı araşdırmaçı Con Furon yazırdı ki, Rza şahın 20 ildə həyata keçirə bilmədiyini bu hökumət bir il ərzində gerçəkləşdirmişdi.
İran tarixində ilk dəfə qadınlara kişilərlə bərabər hüquq verildi. Anbarlarda saxlanılan qida məhsullar sabit dövlət qiyməti ilə bazarlara çıxarıldı, çox işlənən məhsullar üzərindən vergilər götürüldü. Təbrizdə və Güney Azərbaycanın ayrı-ayrı şəhərlərində ana dilində təhsil ocaqlarının fəaliyyətə başlaması, universitet açılması, Milli Ordunun yaradılması, torpaq islahatının həyata keçirilməsi, dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunların qəbul olunması, kəndlərdə belə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikalarının yaradılması, sosial proqramın həyata keçirilməsinə start verilməsi, işsizliyin aradan qaldırılması yönündə əsaslı addımların atılması və sair kimi fəaliyyətlər cəmi bir neçə ay ərzində reallaşdırıldı.
Bir sözlə, Milli Hökumət xalqın dəstəyi ilə mühüm işlər görüb. Belə ki, 19 yanvar 1946 Azərbaycan İncəsənət və Rəssamlıq Məktəbinin, 23 mart 1946-cı ildə Dövlət Teatrının, 4 iyul 1946-cı ildə Azərbaycan Radioverilişləri Agentliyinin, 6 iyun 1946-cı ildə Təbriz Dövlət Universitetinin, eləcə də xeyli sayda orta ümumtəhsil məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi işləri Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Milli Hökumət reallaşdırdı.
1946-cı il sentyabr ayından – yeni tədris ilindən başlayaraq, bütün məktəblərdə dərslər ana dilində – Azərbaycan türkcəsində aparılmalı idi və bu işin uğurlu şəkildə həyata keçirilməsi Milli Hökumətin mədəni islahatları içində önəmli yerlərdən birini tuturdu.
21 Azər hərəkatı İran Pəhləvi şah rejiminin assimilyasiya siyasətinə qarşı çıxmaq və Azərbaycan milli kimliyini təsdiq etmək məqsədi daşıyırdı. Azərbaycan dilinin yüksək tutulmasına əsaslanan mədəni dəyişikliklər prosesi hətta 1945-ci ilin noyabrından qabaq başlamışdı. Lakin öz rəsmi xarakterini 1946-cı il yanvarın 6-da “Dil haqqında Milli Hökumətin Qərarı” ilə aldı. Bu sənəd elan etdi ki, “bu gündən etibarən Azərbaycanda rəsmi dil türk dilidir”. Bu vaxtadək türk dili artıq bir çox məktəblərdə tədris olunurdu və ana dilli dərsliklərin sürətli nəşrinə başlanılmışdı. Qərarın qəbul edilməsi isə bu prosesin tez bir zamanda uğurlu nəticələr verməsinə səbəb oldu.
Güney Azərbaycan Milli Hökuməti dövründə aparılan mədəni islahatların mühüm bir qanadını ana dilli mətbu orqanın nəşr edilməsi idi. 1945-1946-cı illərdə Güney Azərbaycanda müxtəlif mətbuat orqanları – “Vətən yolunda”, “Azərbaycan”, “Fəryad”, “Azad millət”, “Qələbə”, “Yeni Şərq”, “Maarif”, “Demokrat”, “Fəlahət” (Təbriz), “Cövdət” (Ərdəbil), “Urmiyyə”, “Qızıl əsgər” (Urmiyə), “Vətən” (Miyana) qəzet, jurnal və məcmuələr nəşr olunmuş, bu mətbuatın səhifələrində ölkənin ictimai-siyasi və ədəbi-kulturoloji həyatı təcəssümünü tapmışdı.
Milli Hökumət sosial və iqtisadi dəyişiklikləri həyata keçirmək məqsədilə bir sıra ciddi islahatlara da başladı. Bu sırada torpaqların kəndlilərə paylanılması, şəhərlərdə və kənd yerlərində xəstəxanaların açılması, yolların çəkilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması və s. kimi mühüm məsələlər var idi.
Ancaq Azərbaycan Milli Hökumətinin həyata keçirdiyi bu islahatlar nəinki İran rejimini, həmçinin İranda böyük iqtisadi maraqları təmin olunan ABŞ və Böyük Britaniyanı və eyni zamanda, Azərbaycanı vahid dövlət kimi görməkdən ehtiyatlanan SSRİ-ni narahat etməyə başladı. Dünyanın böyük gücləri heç bir vəchlə İranda milli və demokratik bir dövlətin qurulub, milli maraqlardan çıxış etməsini qəbul etmək istəmirdi. 1946-cı il dekabr ayında Pəhləvi rejiminin qoşunları Qəzvin hüdudlarından başlayaraq, Güney Azərbaycan şəhərlərində amansızlıqla soyqırıma başladı. Güney Azərbaycanın işğalının ardından minlərcə Azərbaycan türkü qətl edildi və sürgünə göndərildi. Milli Hökumət devrildikdən sonra Azərbaycan inqilabçılarının bir hissəsi Sovet Azərbaycanına gəldi. Onlar Azərbaycanın 34 rayon və şəhərində yerləşdirilib. İrandan gələn mühacirlərin yerləşdirilməsi ilə məşğul olan Pişəvəri 1947-ci il iyulun 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında müəmmalı şəkildə maşın qəzasına düşür və xəstəxanada vəfat edir. Silahdaşları Pişəvərinin Stalinin başçılıq etdiyi kommunist rejimi tərəfindən xəstəxanada zəhərli iynə vurularaq öldürüldüyünü deyir (Seyid Cəfər Pişəvərinin məzarı Bakı şəhərində Fəxri Xiyabandadır). Bununla yanaşı, Hökumətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam olunur, maarif naziri Məhəmməd Biriya sovet siyasi-rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanılır. Milli Hökumətin digər qurucuları da həbs və sürgünlərə göndərilir, ağır mühacirət həyatı yaşamağa məcbur olurlar.
Beynəlxalq imperializmdən dəstək alıb, məqsədinə çatan İran rejimi o gündən etibarən Azərbaycanın heç bir siyasi, mədəni hüquqlarını tanımaq istəmir və Cənubi Azərbaycanda yaşayan, say tərkibi İran əhalisinin yarısından çoxunu təşkil edən soydaşlarımızı molla əsarətində saxlamaqda davam edir. Amma Güney Azərbaycandakı soydaşlarımız bu gün də öz haqları, hüquqları uğrunda yenə mübarizə aparırlar.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar